"Təkcə çimərlik mövsümündə deyil, digər vaxtlarda da insanlar su hövzələrindən, dənizdən istifadədə qanunsuzluqlara yol verirlər”.
Bu barədə "Sherg.az”a millət vəkili Zahid Oruc danışıb.
O bildirib ki, müxtəlif qanunvericilik aktları ilə prosesi qanuni çərçivəyə gətirib çıxarmaq lazımdır:
"Fövqəladə Hallar Nazirliyinin tərkibində Suda Xilasetmə qurumu necə təşkil edildiyinin şahidiyəm. Onların sırf özünə aid binası belə tikilib.
Yay mövsümündə olan canlı müşahidələrini mütəmadi həyata keçirirlər. Su hövzələrində xüsusi nişanlarla ayrılmış hissələr var. Həmin hissələrə hərəkət etmək həyat üçün təhlükəlidir və qadağandır. İnsanlara həmin "qırmızı xətt”i keçməməsi deyilsə də, buna bəzən riayət etmirlər. Xüsusilə, ovçuluq, balıqçılıqla məşğul olanlar çətin hava şəraitində belə təhlükəli ərazilərə daxil olurlar. Nəticədə insanlar fırtınaların, hətta kiçik dalğaların qurbanına çevrilirlər.
Bu il dənizdə həlak olan 47 nəfərin hadisəsinə nəzər salsaq, nəzarət olunan sahədən kənarda baş verdiyi təsdiq olunar. Bütün Xəzər dənizində, su hövzələrində radar, daimi kamera nəzarəti həyata keçirmək qeyri-mümkündür. Dənizlə sərhəd olan dünya ölkələrində də eyni statistikanı görəcəksiniz. Nə qədər peşəkar nəzarət olunsa da, insanlar sanki ölümə mesaj verirlər.
İnsanlar dənizi sevmir, onunla müxtəlif "qəhrəmanlıqlara” əl atırlar, nəticədə faciə ilə qarşılaşırlar. Dənizin təbii ehtiyatlarının qorunması da qanunlarla tənzimlənir. Bütün bunları nəzərə alaraq, insanlar arasında geniş təbliğat həyata keçirməli, su hövzələrindən qayda-qanunla istifadə qaydalarını öyrətməliyik. İnsanlar necə davranmaq lazım olduğunu bildikdə dənizdə boğulma halları da azalacaq”.
Qeyd edək ki, bu il nəzarət olunan çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 151 nəfər olmaqla, cəmi 296 nəfər FHN xilasediciləri tərəfindən xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 47 nəfərin cəsədi tapılaraq təhvil verilib. Nəzarət olunan çimərliklərdə suda batma halı qeydə alınmayıb.
Aysel Aslan