Sülhəddin Əkbər: "Gənclər orduya gedənə qədər mənəvi, psixoloji hazırlıqdan keçməlidirlər. Təhsil müəssisələri xüsusilə bununla məşğul olmalıdır. "
"Dövlət idarəçiliyində nizam-intizam güclənməli, xüsusi xidmət orqanları aktiv fəaliyyət göstərməlidir ki, casusluğun qarşısı alınsın”.
Bunu "Sherg.az”a 2017-ci ildə xarici ölkələrə xidmət edən Azərbaycan vətəndaşlarının zərərsizləşdirilməsindən danışarkən keçmiş MTN zabiti Sülhəddin Əkbər söyləyib.
O vurğulayıb ki, mövcud problemlərin aradan qaldırılmasından sonra insanların belə pozuculuğa meyl etməsinin qarşısı alınar:
"Sosial rifahın yaxşı olmadığı, maaşların az, insanların təminatının zəif olduğu şəraitdə maddi şirnikləndirmə vasitəsilə belə casusluğa cəlb edilirlər. Ona görə, indiki halda başlıca məqam budur.
Digər tərəfdən ideoloji təbliğat zəif aparıldığından insanlar yoldan çıxarılır. Burada kompromatların toplanması da rol oynayır. Rüşvət və korrupsiya çoxalarsa, casusluq məsələsi, şəxslərin başqa dövlətlərə meyl etməsi də çoxalacaq”.
S.Əkbər onu da əlavə edib ki, ölkədə korrupsiya qarşı aparılan mübarizə daha da gücləndirilməli, orduda köklü islahatlar həyata keçirilməlidir:
Gənclər orduya gedənə qədər mənəvi, psixoloji hazırlıqdan keçməlidirlər. Təhsil müəssisələri xüsusilə bununla məşğul olmalıdır. Bütün bu məsələləri, casusların aşkarlanmasını təkcə xüsusi xidmət orqanlarının üzərinə yıxmaq da düzgün deyil. Sistemli iş aparılmadıqda belə mənfi hadisələr kütləvi hal alır və xüsusi xidmət orqanlarının işi də çətinləşir”.
Qeyd edək ki, 2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid¬mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib. Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilir ki, həmçinin, xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla¬nılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Aysel Aslan