Nadir İsrafilov: "Təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün idarəetmə sistemi yenidən qurulmalıdır"
"Biz sivil, hüquqi dövlətdə yaşayırıq. Bu məsələdə kimin haqlı olub-olmaması məsələnin ikinci tərəfidir. Ortalıqda hər hansı bir haqsızlıq faktı olsa belə fiziki təzyiq üsulu məsələnin həlli yolu ola bilməz". Bu sözləri təhsil eksperti Nadir İsrafilov "Şərq"ə açıqlamasında aktyor Rza Rzayevin Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirməsi hadisəsinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, son günlər qarşılıqlı ittihamlarla müşayiət olunan, müxtəlif mövqelərdən yanaşılan, bununla belə əksəriyyət tərəfindən qətiyyətlə pislənilən məktəb direktoruna qarşı zorakılıq göstərilməsi ilə bağlı olay nəinki təhsilimizə, bütövlükdə cəmiyyətə heç də baş ucalığı gətirən hal deyil: "Hər hansı bir mübahisəli vəziyyəti araşdırmaq və müvafiq qərar çıxarmaq üçün əlaqədar orqanlar var. Bir də ki, məsələnin məhkəmə müstəvisinə çıxarıldığı bir halda, qərarı gözləmək əvəzinə, tərəflər arasında yaranan insidenti küçə savaşına çevirməyə nə ehtiyac vardı?
Təəssüf ki, belə bir hərəkətə sıradan olan hansısa bir kəs deyil, kifayət qədər tanınmış bir aktyor yol verir. Müəllim şəxsiyyəti, müəllim nüfuzu bugünki günümüzdə cəmiyyəti düşündürən ən vacib məsələlərdən biridir. Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bu məsələ əsas hədəflərdən biri kimi nəzərdə tutulub.
N.İsrafilov onu da diqqətə çatdırıb ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir:
"Belə bir şəraitdə nəinki müəllimə, böyük bir müəllim ordusuna rəhbərlik edən bir təhsil müəssisəsinin rəhbərinin döyülməsi bu sahədə qarşıya qoyulan vəzifələrin reallaşması ehtimalına kölgə salmaq deyilsə, bəs bunun başqa adı nə ola bilər? Belə bir hərəkət təkcə konkret bir fərdə qarşı törədilən zorakılıq aktı kimi deyil, bütövlükdə təhsil işçilərinə qarşı bir təhdid mesajı kimi qəbul edilməli və qiymətləndirilməlidir. Hesab edirəm ki, baş vermiş olay geniş ictimaiyyət tərəfindən birmənalı pislənməli, buna hüquqi qiymət verilməli, yekun nəticəsi isə ləngidilmədən ictimailəşdirilməlidir. Təəssüf ki, "Drakon”un bu "qəhrəmanlığı” ona "Dolu” filmindəki qəhrəmanlığı kimi şöhrət qazandırmadı".
İlahə