İnternet televiziyalarının fəaliyyəti qanuniləşməlidir

Qulu Məhərrəmli: “Dünya təcrübəsi göstərir ki, interneti tənzimləmək anlayışı çox şərtidir”
Azər Həsrət: “İnternet televiziyaların ən başlıca problemi peşəkarlığın aşağı səviyyədə olmasıdır”

Xanlar Xoca: "İnternet televiziyaları doğru-dürüst informasiya vermək istəyirlərsə, onda nədən dövlət
qurumunda qeydiyyatdan keçmirlər?”

Azərbaycanda alternativ informasiya vasitələri baxımdan internet televiziyaların özünəməxsus yeri, fəaliyyət istiqamətləri var. Hazırda ölkəmizdə fəaliyyət göstərən internet televiziya və radioların sayı artmaqdadır. Amma hələlik onların inkişaf səviyyəsi qənaətbəxş deyil. Bizdən fərqli olaraq Qərb ölkələrində internet televiziyalar daha geniş auditoriyalara sahibdir. Məsələn, Avropada elə internet televiziya var ki, tamaşaçısının sayı 25-30 milyonu keçir. Ancaq internetdə fəaliyyət göstərən müxtəlif sosial şəbəkələr kimi, televiziya və radiolara da heç bir nəzarət mexanizmi yoxdur.
Hansısa tənzimləmə mexanizmləri inkişaf etmiş dünya ölkələrində də mövcud deyil. Maraqlı olsa
da, bu televiziya və radioların fəaliyyəti üçün dünyanın heç bir yerində xüsusi tələb qoyulmur.
Çünki əvvəlcə bu televiziyalar yaranmalı, geniş şəkildə fəaliyyət göstərməli, daha sonra isə onlarla
bağlı müəyyən qanunvericilik aktları hazırlanmalıdır. Ekspertlər də bildirirlər ki, hazırda hər bir
insan internet üzərindən özünün radio və televiziyasını yarada bilər. Amma bu televiziya və radiolar
inkişaf etdikcə, cəmiyyətdə müəyyən problemlərin üzə çıxması, problemlər çoxaldıqca, onların həlli
ilə bağlı müəyyən normativ aktların qəbulu zəruri hala gəlir. Ona görə də əksəriyyət hesab edir ki,
medianın bu sahəsinin tənzimlənməsi üçün müəyyən qanunvericilik aktları labüddür. Təbii ki,
hələlik buna ehtiyac olmadığını düşünən media mütəxəssisləri də var. Xatırladaq ki, bir müddət
əvvəl Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də Azərbaycanda internet
televiziyaların fəaliyyətinin tənzimlənməsinin zəruri olduğunu söyləyib. O bildirib ki, internet
televiziyalarının fəaliyyətinin tənzimlənməsi uzun müddətdir müzakirə mövzusudur: "Televiziya
internetlə, efirlə, peyklə yayımlansa da, fəaliyyət eynidir. Bu məsələyə təkcə kommersiya marağı
kimi yox, həm də xüsusi fəaliyyət sahəsi kimi baxmaq lazımdır. İnternetin müsbət tərəfləri var,
amma onun fəsadları da həddindən artıqdır. Ümumiyyətlə, insanların şüuruna ciddi təsir edən,
ictimaiyyəti çaşdıra bilən vasitələrin tənzimlənməsi vacibdir. Biz uzun müddətdir bu məsələdə
ehtiyatlı mövqe tuturuq. Bəzən bunu mediaya, söz azadlığına basqı kimi də qiymətləndirirlər. Lakin
dünya artıq başa düşür ki, bu basqı deyil, sadəcə, cəmiyyətin özünü tənzimləməsidir. Efir
televiziyası, kabel televiziyasının fəaliyyəti tənzimlənirsə, nədən internet televiziyasının fəaliyyəti
tənzimlənməsin?! Avropa ölkələri optimal variant qəbul etsə, biz də bu qərarı dəstəkləyəcəyik”.


Məsələ ilə bağlı "Şərq”ə danışan BDU-nun professoru, televiziya mütəxəssisi Qulu Məhərrəmli
deyib ki, indiki məqamda internet televiziyaların tənzimlənməsi o qədər də aktual deyil. Çünki bu televiziyalar hələ çox populyarlaşmayıb və kütləviləşməyib: "İzlədiyim internet televiziyaları bir
çox kabel televiziyalarından peşəkarlıq baxımından daha üstündür. Əminəm ki, tənzimlənmə həmin
sahəyə daxil olan kimi müəyyən problemlər üzə çıxacaq. Bütövlükdə internet sistemi necə
tənzimlənməlidirsə, televiziyalar da o şəkildə tənzimlənə bilər. Lakin dünya təcrübəsi göstərir ki,
interneti tənzimləmək anlayışı çox şərtidir. Burada müəyyən etik normaların, qaydaların
gözlənilməsindən söhbət gedə bilər. Amma hansısa dövlət qurumunun sərt məhdudiyyəti
ümumilikdə internet televiziyaların inkişafına maneçilik törədər”. 

Professor bildirib ki, internet eleviziyaların içində də zəif olan, qeyri-peşəkar fəaliyyət göstərənlər az deyil: "Amma ən çox problemlər yerüstü televiziyalardadır. Kadrların seçilməsində, kameraların işləməsində, hətta əlifba səviyyəsində belə ciddi qüsurlar müşahidə edirik. Efirlərdə adi qaydalara belə əməl olunmur. Təsvirlərin fona verilməsində ciddi problemlər mövcuddur. Aləm biri-birinə qarışıb. Elə bil ki,bütün yaradıcı simalar özəl telekanallardan qeybə çəkilib. Onların əvəzinə qeyri-peşəkarlar efirlərə doluşub. Təbii ki, bu cür iradlar internet televiziyaları üçün də keçərlidir. Onların hamısını eyni səviyyədə qəbul etmək olmaz. Orada da bəsit verilişlər var, çünki onların maddi bazası, texniki imkanları zəifdir. Ona görə də hesab edirəm ki, internet televiziyaların inkişafı üçün geniş şərait yaradılmalıdır. İndiki halda sərt qaydaların tətbiq edilməsi internet televiziyaların "beşikdə
boğulması” deməkdir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə "Şərq”ə bildirib ki, MTRŞ-nin internet
televiziyalarının işinə müdaxilə etmək imkanları böyük deyil: "Bilirik ki, efir televiziya və
radioların fəaliyyətini tənzimləmək qurum üçün çox asandır. Şura efirlərin tezliklərini müsabiqə
yolu ilə təqdim edir. İstədiyi zaman, cəza tədbiri olaraq o tezlikləri kanalın əlindən alır. Bu
yaxınlarda ANS-lə bağlı verilən qərarı xatırlatmaq kifayət edər. Müəyyən qayda və qanunların
pozulması nəticəsində MTRŞ ANS-in yayım tezliyini əlindən almağa məcbur oldu. Yəni vaxtından
əvvəl müqaviləsinə xitam verdi. Digər tərəfdən Şura məsələlərə jurnalistikanın etik kodeksi
baxımından yanaşır. Medianın etik davranışlara nə qədər düzgün əməl edib-etməməsi, efirə verilən
məlumatlarda qanunlara riayət olunması çox mühüm amildir. Bu kontekstdə MTRŞ internet
kanallarına müdaxilə edə bilər. Müdaxilə necə ola bilər? Əlbəttə ki, fiziki müdaxilə mümkün deyil.
Çünki bir çox belə kanallar Azərbaycandan kənarda qeydiyyatdan keçiblər. Onların fəaliyyətini
hansısa formada əngəlləmək mümkün deyil. Yalnız rəsmi dövlət senzurası tətbiq etmək olar. Yaxud
da məhkəmə yolu ilə qətnamə çıxardıb, onun əsasında həmin kanalın ölkənin internet məkanında
yayımlanmasının qarşısını almaq olar. Bu da çox çətin məsələdir”. 

Ekspertə görə, burada daha çox ictimai qınaq öz rolunu oynaya bilər: "Şura monitorinqlər aparıb internet üzərindən yayımlanan televiziya və radio kanallarının media etikasına riayət etməsi, eyni zamanda Azərbaycan qanunlarını pozması məsələsini gündəmə gətirə bilər. Biz də ictimaiyyət və media nümayəndələri olaraq həmin problemlərin üzərinə gedərik. Yenə deyirəm, həmin kanalların efir tezliyini itirmək kimi bir dərdləri, qorxuları olmadığı üçün onlara məhdudiyyət qoymaq çətindir”. A.Həsrət deyib ki, internet televiziyaların ən başlıca problemi peşəkarlığın aşağı səviyyədə olmasıdır: "İnternet televiziya hər kəsin özünü göstərə biləcəyi bir sahə olduğuna görə, xeyli sayda təsadüfi adamlar internet üzərindən televiziya və radio fəaliyyəti ilə məşğul olurlar. Bir çox hallarda onlar media peşəkarlığından uzaq adamlar olurlar. Ona görə də çox naşı, dayaz, bəzən medianın etik və balanslı yanaşmaq prinsiplərindən uzaq olan yayımlara yol verirlər. Onların bir hissəsi isə ölkə ictimaiyyətini çaşdırmaq, ajiotaj yaratmaq məqsədinə xidmət edirlər. O səbəbdən media etikasına diqqət yetirmirlər. Əslində MTRŞ-ni narahat edən bu məqamdır. Söhbət həmin kanalların işinə
müdaxilədən, bağlanmasından getmir. Ancaq qəbul etmək lazımdır ki, həmin televiziyaların böyük
əksəriyyətinin fəaliyyəti anti-Azərbaycan notları üzərində köklənib”.


"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə bildirib ki, MTRŞ sədri çox vacib və aktual
məsələyə toxunub: "Bu yaxınlarda Milli Məclisdə bununla bağlı təkliflər səsləndirildi. Hesab edirəm
ki, Nuşirəvan müəllimin sözləri tamamilə həqiqətdir. Məncə, dövlətin ərazisində fəaliyyət göstərən
hər kəs, hər bir qurum nəzarətdə olmalıdır. Nəinki internet televiziyaları, elə saytlar da
lisenziyalaşdırılsa, yaxşı olar. Bu gün bir çoxları internet televiziya açdığını bəyan edib. Tamamilə
xaotik bir vəziyyət yaranıb. Nə istəyirlər danışırlar, nə istəyirlər göstərirlər. Əgər internet
televiziyaları Azərbaycan dilində fəaliyyət göstərmək, tamaşaçıya doğru-dürüst informasiya vermək
istəyirlərsə, onda nədən dövlət qurumunda qeydiyyatdan keçmirlər? Lisenziya almaqdan
qorxurlarsa, deməli, düşmənçilik fəaliyyəti göstərmək istəyirlər. Bunun qarşısı müvafiq qurumlar
tərəfindən əngəllənməli, həmin televiziyaların ölkə ərazisində istifadəsinin qarşısı alınmalıdır. Bu
gün dezinformasiya ən güclü kimyəvi silahdan daha öldürücü və təhlükəlidir. Biz müharibə
şəraitində yaşayırıq, amma hətta müharibə şəraiti bitsə belə, ölkədə sabitliyi, əmin-amanlığı
qorumaq üçün kütləvi informasiya vasitələri özbaşına buraxılmamalıdır. Kim nə istəsə danışıb,
yazıb, göstərsə, onda bura ölkə yox, "qarğa bazarı” olar. Biz hüquqi dövlət qururuq”. Ekspert deyib
ki, bu gün 40 manatı olan istənilən adam sayt açıb, özünə "jurnalist” adı qoyur: "Əlinə video-kamera, telefon götürən düşür rayonların canına ki, mən filan TV-dənəm. Rayonlarda da məmurların
çoxu bilmir ki, o, reketdir, rüşvət verib yola salır. Sonra da həmin pulu camaatdan yığmağa başlayır.
Korrupsiyanı yaradan amillərdən biri də korrupsiyalaşmış internet televiziya və bəzi saytlardır.
Bunların qarşısı mütləq və ən qısa zamanda alınmalıdır. Cümlədə mübtəda, xəbərin yerini bilməyən
adam necə televiziya rəhbəri olar? Özü çəkib, özü danışan rəhbər olarmı? Bu, jurnalistika, televiziya
adına ləkədir”. Baş redaktor hüquq-mühafizə orqanlarının son zamanlar reket "jurnalistlər”ə qarşı
başladığı əməliyyatlara da toxunub: "Bu lisenziyalaşdırma elə həmin orqanların da işinə kömək
edər. Lisenziyalaşdırma baş tutarsa, jurnalistika prinsiplərindən uzaq olan reket internet tv və
saytların fəaliyyəti mümkün olmaz. Bu da onların cinayətkar əməllərinin qarşısını almaqda
əhəmiyyətli rol oynayar. Bəzilərinin iddia etdiyi kimi, bu, heç də söz azadlığına təhlükə deyil.
Əksinə, bu cür addımlar söz azadlığının dələduzlardan qorunmasına xidmət edir. Azərbaycanda söz
azadlığına yeganə təhlükə varsa, o da demokratiyadan istifadə edib ağzına gələni danışan və yazan
"jurnalistlərdir”. Ona görə də lisenziyalaşdırma məsələsi tezliklə müsbət həllini tapmalıdır”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb