İntihar məqamı bir az uzun çəkir

“Bilmirsən insanı intihara sövq edən axırıncı “damcı” nə vaxt olacaq”
Yaxşı olar ki, hadisə zamanı psixoloqlarla yanaşı, ətrafdakı tamaşaçılar da insan taleyini nəzərə alıb yardım etsinlər

Dünən Gəncə şəhərində intihara cəhd hadisəsi olub. Borclu olduğu üçün binalardan birinin damına çıxan oğlan telekanalların çağırılmasını tələb edib və sözləri olduğunu bildirib. Tələblərinin yerinə yetirilməməsi təqdirdə özünü binadan atacağını deyən gənci son anda dostları xilas edir. Maraqlısı ondadır ki, intihar edən gənci dostu xilas etdikdən sonra döyməyə başlayıb.

Qeyd edək ki, bir sıra xarici ölkələrdə intihara cəhd zamanı hadisə yerinə psixoloqlar cəlb olunur. Məsələn, Türkiyədə bu cür sistem tam olaraq formalaşıb. Hadisə yerinə ilk gələn psixoloq adi vətəndaş və polisdən qabaq davranıb canına qıymaq istəyən şəxsi bu qorxunc fikirdən uzaqlaşdırmağa çalışır.

Bəs, ölkəmizdə belə bir sistemin olması mümkündürmü? Ümumiyyətlə, psixoloqların intihara cəhd edən şəxslərin həyatında rolu nə qədərdir?

Məlum hadisə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən psixoloqların fikrincə, ölkəmizdə intiharlarla məşğul olan xüsusi bir qurum fəaliyyət göstərmədiyinə görə, kimisə intihar fikrindən yayındırmaq üçün mütləq peşəkar psixoloq lazımdır. Bu işdə peşəkarlığın vacib olduğunu deyən psixoloq Azad İsazadə bildirib ki, qanun çərçivəsində polis intihara cəhd hadisəsində iştirak etməlidir, çünki bu məsələ ilə əlaqədar cinayət məcəlləsində müvafiq maddə var: "Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri canına qəsd etmək istəyən şəxslərin köməyinə gəlir. Təbii ki, bu cür hallarda psixoloqların olması yaxşı haldır. Həmçinin göstərilən yardım da keyfiyyətli olar. Yəqin ki, psixoloqlar var, amma onlar bu işə cəlb olunmurlar. Xüsusi bir qurum yoxdur deyə, FHN-in tərkibindəki psixoloqlar bacardıqları qədər xidmət göstərirlər”.

A.İsazadə həmçinin intihar etmək istəyən şəxslərə göstərdiyi yardım barədə də danışdı: 

"Bir neçə dəfə belə hallarla rastlaşmışam və yardım etmişəm. Damarlarını kəsən və çoxlu dərman içib canına qəsd etmək istəyən şəxslər olub. Hiss etmişəm ki, bir-iki gündə həmin insanda intihar etmək fikri yaranacaq. Bu zaman onu söhbətə tutmuşam və onunla daha çox məşğul olmağa çalışmışam. Ümumiyyətlə, intihar fikrinin formalaşması məqamı bir az uzun çəkir. Bilmirsən insanı intihara sövq edən axırıncı "damcı” nə vaxt olacaq. Bu məqamı tutmaq çox çətindir. Ona görə də nə qədər tez profilaktik işlər başlanılsa, həmin insana kömək etmək bir o qədər asan olar. Təəssüf ki, gecikdiyim məqamlar da olub. Canına qəsd edən insanın həyatını xilas edə bilməmişəm”.

İntihara cəhd zamanı psixoloqların hadisə yerinə gedərək zərərçəkən şəxsə kömək etməsinin mümkün olduğunu deyən psixoloq Elnur Rüstəmov bu işin olduqca məsuliyyətli olduğunu diqqətə çatdırıb. 

Gəncədə baş verən hadisədə dostunun həyatını xilas etdikdən sonra onu döyən şəxsin heç bir anormal hərəkət etmədiyini deyən psixoloq bildirib ki, anormallıq intihar anının videogörüntüyə alınmasıdır: "Bu cür hallarla bağlı FHN-in nəzdində risk qrupları var. Hansı ki, belə məqamlarda onlar həmin insanı xilas etməyə çalışırlar. Nazirliyin heyəti içində psixoloqlar briqadası da olur. Hadisə ilə bağlı müvafiq qurumlara zəng vurulubsa, onlar gəlib çıxacaqdılar. İnsan simurq quşu deyil ki, bir anda gəlib özünü yetirsin. Bəlli bir vaxt, zaman məsələsi də var. 

Məsələn, Azərbaycanda kimsə körpüyə çıxır, ətrafdakı insanlar onu bu fikirdən daşındırmağa çalışırlar. Vacib deyil ki, mütləq bu şəxs psixoloq olsun. Adi insan və vətəndaş kimi o şəxsi intihar fikrindən daşındırmağa çalışırlar. Həmin ərazidə psixoloq varsa, şübhəsiz ki, o vətəndaşı fikrindən daşındırmağa çalışacaq.

Məsələnin əsas tərəfi budur - intihar hadisəsini videoya çəkən şəxs niyə o insana kömək etmək yerinə əlinə kamera alır?

Burada insan həyatından söhbət gedir, amma bu biri şəxs yaxşı kadrlar tutur. Əgər oğlanın dostu onu xilas edib və sonra ona əl qaldırıbsa, deməli, onu itirməkdən qorxub. Döymək o demək deyil ki, ona xüsusi bir zorakılıq tətbiq edib, məqsədi onu ayıltmaq olub. Dostun bu hərəkəti qeyri-adi bir hadisə kimi yox, situasiyaya uyğun olaraq verilən bir reaksiya kimi dəyərləndirilməlidir. Eyni mənzərəni dəfələrlə görmüşük. Məsələn, yanğın olub, kömək etmək yerinə durub hadisəni videogörüntüyə alıblar. Bizim insanların əksəriyyəti üçün tamaşa lazımdır. İnsan taleyi rol oynamır, bəzilərinə lazımdır ki, tamaşa olsun, hadisəni çəksin və "şou” yaratsın. Məsələnin faciəvi və dəhşətli tərəfi budur ki, insan faktoru yoxdur, insan dəyərli deyil, dəyərli olan tamaşadır...”.

Yeganə Bayramova