Natiq Cəfərli: "Bu qədər əməliyyat xərcləri İran neftinə marağın azalmasına səbəb ola bilər. Üstəgəl, u siyasi addım ona böyük müqavilələrdə bir çox problemlər yaşadacaq”
"İranın atdığı bu siyasi addım ona böyük müqavilələrdə bir çox problemlər yaşadacaq”
Bu sözləri "Sherg.az”a İranın xarici və daxili ticarətdə dollardan imtina edib avroya keçməsi məsələsini şərh edərkən iqtsadçı-ekspert Natiq Cəfərli söyləyib.
O qeyd edib ki, İran hökumətinin bu addımı sırf siyasi qərardır:
"İranla ABŞ arasında yaranan problemlər Obamanın dönəmində səngimişdir.Hətta ABŞ İranla nüvə anlaşmasını imzalamışdı. Amma Donald Tramp hakimiyyətə gəldikdən sonra gərginliklər yenidən artmağa başladı. Son dövrlərdə ABŞ-ın İranla bağlı daha kəskin mövqe tutduğu ortaya çıxdı. Bu da İran tərəfindən müəyyən addımların atılması ilə nəticələndi.
Bu addımlardan biri də dollardan imtina etməsi oldu. Dollardan imtina etmək siyasi bir qərardır. Amma İranın xarici ticarətinə baxdıqda görürük ki, əsas ixracatı neft və qazdır. Əslində ixracatda neft əsas yer tutur. Neftin bütün müqavilələri beynəlxalq birjalarda dollar üzərində qiyməti müəyyənləşdirilir.
Dollar üzərində də müqavilələr bağlanır. İranın avroya keçməsi onun müstəsna hüququdur. Amma bu İrandan neft alan şirkətlərin əlavə əməliyyat itkilərinə səbəb olacaq. Çünki onlar əllərində olan dolları avroya çevirməli, avro vasitəsi ilə neft almalı, həmin şirkətlər nefti yenidən dollarla qiymətləndirməli və bazara çıxartmalıdırlar. Çünki İran birbaşa trederlərlə işləyir. Trederlərin isə onlarla, yüzlərlə müştəriləri olur. Bu qədər əməliyyat xərcləri İran neftinə marağın azalmasına səbəb ola bilər. Çünki əməliyyat xərcləri artırsa, başqa daha sərfəli yerlərdən neft alması ehtimalı güclənir".
Ekspertin sözlərinə görə, əslində dollardan imtinanın bir səbəbi də dolların İranda kəskin bahalaşmasıdır:
"İran realı dollar qarşısında ucuzlaşdı. Buna görə hökumət bəzi addımlar atmalı oldu. Hətta dolların dövriyyəsini də məhdudlaşdırdı. Amma əslində bu siyasi bir qərardır. Bunu həyata keçirilməsi mümkündür. İran çətinliklərlə qarşılaşacaq. Bəzi şirkətlərin İranla işləməsi çətinləşəcək. Beləliklə də əlavə əməliyyat xərclərinin yaranmasına səbəb olacaq. Bu proses ən azından məzənnə dəyişikliklərinə görə olacaq. Çünki avronun məzənnəsi də sabit deyil. Hər gün dəyişir.
Böyük müqavilələr bağlayarkən cuzi dəyişikliklər belə böyük itkilərə səbəb ola bilər. Çünki söhbət milyardlarla vəsaitdən və dövriyyədən gedirsə, cuzi məzənnə dəyişikliyi də əməliyyat xərclərini artıra bilər. Bu mənada düşünürəm ki, İran bu siyasi qərarın arxasında dura biləcək. Amma bu addım ona ciddi əlavə xərclər, əməliyyat xərcləri və problemlər gətirəcək.
O mənada ki, dünya ticarətinin təqribən 74-75 faizi dollar üzərindən həyata keçirilir. Bütün müqavilələr dolların dünyadakı indeksinə görə hesablanaraq bağlanılır. Müqavilələr də bəzi hallarda uzun və orta müddətlidə olur. Məsələn, üç aylıq müqavilələrtən tutmuş beş ilik müqavilələrə qədər belə növləri mövcuddur. Bu zaman dollarla bağlanması itkilərin qarşısını almaq üçün əsas sığorta vasitəsidir. Bundan imtina edilməsi İrana əlavə problemlərin yaradacağını indidən söyləməyə imkan verir”.
Qeyd edək ki, İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib. Bu barədə hökumət bəyanat yayıb. "Bütün nazirliklər, dövlət təşkilatları və şirkətlər statistikalarını, məlumat və maliyyə göstəricilərini (beynəlxalq pul köçürmələri ilə bağlı) açıqlayarkən öz hesabatlarında avrodan istifadə etməlidir,” – deyə məlumatda bildirilir.
Dollardan imtina edilməsi ilə bağlı qərar Nazirlər Kabinetinin görüşündə ABŞ-ın Tehrana qarşı tədbirlərinə cavab olaraq qəbul edilib.
Kənan Eynuroğlu