“Fikrimcə, bu fraksiya ilə türklərin başını qatmaq istəyirlər”
“Bu, parlamentdaxili bir qurumdur və İran Ana yasasına, qanunlarına sadiq olacaq bir fraksiyadır”
İran parlamentinin yüzə yaxın türk deputatının iştirakı ilə yaradılan fraksiya fəaliyyətə başlayıb. Məlumata görə, Şərqi Azərbaycandan seçilmiş millət vəkili Məsud Pezeşkian fraksiyanın sədri, Urmiyanın parlamentdəki təmsilçisi Nadir Qazipur və Ərdəbilin deputatı Rza Kərimi isə sədr müavinləri seçiliblər.
Fraksiyanın yaradılması İranda milli hüquqları fars şovinizmi tərəfindən daim pozulan azərbaycanlıların təşkilatlanması prosesində son dərəcə mühüm hadisə kimi dəyərləndirilir. Soydaşlarımız İranın etnik tərkibində əhəmiyyətli üstünlüyə malik olsalar da, uzun müddət konstitusion hüquqlarından yararlana bilməyiblər. Türk fraksiyasının yaradılması və ilkin fəaliyyəti ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, sözügedən fraksiya yeni yaranmayıb, onun rəhbərliyi ötən həftə seçilib. Oradakı deputatların sayı isə 100 nəfər yox, daha azdır: "Bir ay öncə yayılmış xəbərdə onların sayının 73 nəfər olduğu bildirildi.
Fraksiya hələ heç bir iş görməyib. Bu, parlamentdaxili bir qurumdur və İran Ana yasasına, qanunlarına sadiq olacaq bir fraksiyadır. Əgər yaxşı fəaliyyət göstərsə və ya onun fəaliyyət göstərməsinə imkan yaradılsa, o zaman həmin fraksiya ancaq ölkə qanunları çərçivəsində türklərin qanuni haqlarının təmin olunması istiqamətində addım ata bilər. Lakin İrandakı mövcud şərtlər daxilində fraksiyanın uğur qazanacağına inamım azdır. Fikrimcə, bu fraksiya ilə türklərin başını qatmaq istəyirlər. Çünki həmin fraksiyanın üzvlərinin hamısı bir-bir İranın çoxsaylı dövlət qurumlarının süzgəcindən keçdikdən sonra deputat olublar. Bu baxımdan həmin fraksiya daha çox rejimin tələblərini həyata keçirməklə məşğul ola bilər. İranın konstitusiyasında milli haqların təmini ilə bağlı istənilən islahat yönlü addım atacaqlarına da inam yox dərəcəsindədir”. Ekspert vurğulayıb ki, İranda parlament daha çox məsləhətçi orqan rolunu oynayır: "İran parlamentinin qəbul etdiyi istənilən sənəd ali rəhbər ayətullah Seyid Əli Xamnenin başçılıq etdiyi qurum tərəfindən təsdiqlənməzsə, heç bir təşəbbüs gerçəkləşməz. Bu baxımdan İranda etnik qrup adı altında yaranacaq istənilən fraksiyanın uğur qazanacağı inandırıcı görünmür. Yaxın gələcəkdə belə fraksiyaların sayı arta da bilər. Məsələn, kürd fraksiyası, ərəb fraksiyası və s. Bu sayaq fraksiyalar bir qayda olaraq, buyruğu yerinə yetirirlər. Onların hətta qanunvericilik təşəbbüsü ilə çıxışına belə "pantürkist”, "Türkiyə və Azərbaycanın casusu” donu geyindirəcəklərini indidən ehtimal etmək olar. Bir də həmin siyahıya diqqətlə baxsanız görərsiz ki, orada Azərbaycan
Respublikasını sevməyənlərin də adları var. Onlardan biri Nadir Qazipurdur. Bu deputat Azərbaycan Respublikasının İrana birləşdirilməsi məsələsini qaldıraraq, dövlətçiliyimiz və ərazi bütövlüyümüzü təhdid edib. İnanmıram ki, belə türklərin sayı İran parlamentində az olsun”.
İsmayıl