İran televiziyalarında türklərin təhqir edilməsi ilk deyil

"Dilimiz aşağılandığı üçün məsələyə XİN səviyyəsində reaksiya verilməlidir"



İran Teleradio Şirkəti növbəti dəfə türk dilini təhqir edib. 3-cü telekanalın yayımladığı "İmarətin xanımı” serialının 22-ci bölümündə Xələc türkləri haqqında təhqiramiz ifadə işlədilib.
Qacar dövrünün ictimai-siyasi vəziyyətini təsvir edən serialda "Eşşəyin dilini Xələc bilir, sənin dilini mən bilirəm” sözlərindən istifadə edilib.

Televiziyanın yol verdiyi bu təhqirə qarşı sosial şəbəkələrdə etirazlar başlayıb. Xələc türkləri Təfrəşin millət vəkilinin parlamentdə bu məsələyə etiraz etməsini istəyir.

Qeyd edək ki, xələclər Ərak şəhərinin şimal-şərq məntəqəsində əsasən Təfrəş, Aştiyan və Fərahan şəhərlərində yaşayırlar. Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim Göytürk türkcəsindən çoxlu sözlər var.

İranda türk dilinə qarşı qərəzli münasibət əvvəllər də olub. Lakin bunun hansı səbəbdən baş verdiyi məlum deyil.

Türk dilinin təhqir edilməsi ilə bağlı "Şərq”ə danışan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, İran televiziyasında dilimiz təhqir edildiyi üçün məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində reaksiya verilməlidir:

 "İran dəfələrlə belə addımlar atıb. Dil millətin və dövlətin atributlarından biridir. Necə olur ki, dilimizi təhqir edirlər? Bir az öz dillərinə baxsınlar, görsünlər ki, dilləri nə gündədir. Bir millətin əxlaqı olmayanda belə mənzərə ortalığa çıxır. Hər millət sözünü, başqa millətə münasibətini əxlaqına uyğun formada ortaya qoyur. İran da fars əxlaqına uyğun davranış göstərib. Dünya yaranan gündən var olan türk millətinin dilini təhqir etmək İran televiziyalarının haqqı deyil”.

Yeganə Bayramova