“İrandakı iqtisadi prosseslərin Azərbaycana təsirləri ola bilərmi ? - Deputatdan müfəssəl izah

Tahir Mirkişili:"Azərbaycan iqtisadiyyatında İranın payı azdır. 2018-ci ilin 6 ayın yekunlarına baxsaq, İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1 faiz, ixracında 0.1 faiz, idxalında isə 2.9 faizdir"




"İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına təsiri çox cüzi ola bilər”.

Bunu "sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

İrana tətbiq edilən sanksiyaların region ölkələrinə, xüsusən Azərbaycana təsiri ilə bağlı danışan deputat xatırladıb ki, ABŞ prezidenti Donald Trump noyabr ayında sanksiyaların ikinci və daha sərt paketinin tətbiq olunacağını açıqlayıb. Ekspertin sözlərinə görə, sanksiyaların əsas mahiyyəti "İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət ABŞ-la əməkdaşlıq edə bilməz”dir:

"Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir. Artıq sanksiyaların İran iqtisadiyyatına təsiri hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar müşahidə olunmaqdadır. Bəs, İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsiri olacaqmı? Statisik rəqəmlərə fikir versək, Azərbaycan iqtisadiyyatında İranın payı azdır. 2018-ci ilin 6 ayın yekunlarına baxsaq, İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1 faiz, ixracında 0.1 faiz, idxalında isə 2.9 faizdir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 milyard dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4 faizini təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtombil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar”.

Deputat bildirib ki, bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var:

"Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Avropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinlikərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər. Ancaq sadəcə geçikmələrə səbəb olar”.

T.Mirkişili vurğulayıb ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub:

"İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycana sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır. Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq, faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar”.

İsmayıl