İraq hökuməti 3 azərbaycanlı qadına edam hökmü çıxarıb

Azərbaycan müraciət edərək onların İŞİD tərkibində iştirakı ilə bağlı yeni bir araşdırma tələb edə bilər





İraqın Ağır Cəza Məhkəməsi İŞİD terror təşkilatına qoşulmuş 7 əcnəbi qadın barəsində ömürlük həbs cəzası və edam hökmü çıxarıb.

"Al Sumaria” TV-nin məlumatına görə, 1 Fransa və 2 Rusiya vətəndaşı olan qadın İŞİD üzvü olduğu üçün ömürlük həbs cəzasına məhkum edilib.

Qərara əsasən Azərbaycandan olan 3 qadın və 1 Qırğızıstan vətəndaşı isə edam olunacaq.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadova "Şərq”ə açıqlamasında deyib ki, azərbaycanlı qadınların hər hansı terror qruplaşmalarının tərkibində döyüşdükləri təsdiqlənibsə, bu, bizim üçün təəssüfləndirici haldır: 

"Azərbaycanda ölüm hökmü olmadığı üçün onların ölkəmizə gətirilməsi ilə bağlı İraq hökuməti ilə razılaşmaların əldə olunacağı inandırıcı deyil.

 Ancaq Azərbaycan İraq hökumətinə müraciət edərək onların İŞİD tərkibində iştirakı ilə bağlı yeni bir araşdırma tələb edə bilər. Axı biz bilmirik ki, o qadınlar İraqa hansı məqsədlə, hansı yollarla gedib. Edam hökmünün onların günahına nə dərəcədə adekvat olub- olmadığı öyrənilə bilər. Yəqin ki, Azərbaycan rəsmiləri bu məsələ ilə bağlı lazımi müraciətləri ünvanlayıblar. İraq hökumətinin necə reaksiya verəcəyini isə bilmirik”.

İ.Cavadovanın sözlərinə görə, burada bizi maraqlandıran əsas məsələ qadınlarımızın terror təşkilatlarına qoşulması və cinayət törətmələridir. Demək ki, bizdə bu istiqamətdə düzgün maarifləndirmə işi aparılmır. Bu sahə üzərində daha ciddi işləmək lazımdır. Bu işə də qadınların terror təşkilatlarına qoşulmasının səbəblərini araşdırmaqla başlamaq lazımdır. Əvvəla öyrənməliyik ki, qadınlar müəyyən bir vəsait müqabilində könüllü olaraq İraqda döyüşür, yoxsa onları daha gözəl bir yaşam adı ilə aldadıb aparıblar?

Şəymən