“İraqda türkmənlərin vəziyyəti yaxşı deyil”

Firudin Cəlilov: “Onlar bizim parçamızdır, tarixi yurdlarında qorunması üçün çalışmalıyıq”
“Biz əlimizi daşın altına qoymamalıyıq. Heç olmasa, mənəvi dəstəyimizi hiss etdirməliyik”


İraqın şimalındakı kürd muxtariyyətinin qanunsuz keçirdiyi referendum ölkənin müxtəlif əyalətlərində yaşayan türkmənləri ciddi narahat etməyə başlayıb. Əslində narahatlıq əsassız deyil, çünki kürd lider Məsud Bərzani türk yurdu olan Kərkükü öz bölgəsinə qatmaq niyyətində olduğunu heç vaxt gizlətməyib. İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salehi də bildirib ki, Bərzani Kərkükü neftinə görə zəbt etməyə çalışır.

Onun sözlərinə görə, referendum təkcə İraq türkmənlərinin torpaqlarını ələ keçirmək məqsədi daşımır, ümumiyyətlə, bölgədə türk varlığına son qoymaq istəyir: "Kərkükün Qarabağdan, Şimali Kiprdən fərqi yoxdur. Bu məsələlərə eyni çərçivədən yanaşmaq lazımdır. Türkmən elinin İraqda təhlükəsizliyi türk dünyasının təhlükəsizliyi deməkdir”. Salehi vurğulayıb ki, türkmənlər yüz illərdir həmin bölgələrdə yaşayır və iradələrini ortaya qoyurlar: "Səddam Hüseyn bizə qalib gələ bilməyib, bundan sonrakılar da qalib gələ bilməyəcəklər. Biz türkmənlər imkan daxilində torpaqlarımızı müdafiə edən insanlarıq, yenə də torpaqlarımızı müdafiə edəcəyik. Türkmənlərin özünü müdafiə etməyə qabiliyyəti var”. 

Bölgədə cərəyan edən proseslərlə bağlı "Şərq”in suallarını cavablayan türkoloq alim Firudin Cəlilov referendum məsələsinə münasibət bildirib və türkmənlərə yardım göstərməyin zəruri olduğunu bildirib...

- İndiki məqamda Bərzanini referenduma sövq edən səbəblər nədir?

- Əvvəllər kürd muxtariyyətinin lideri üçün daha yaxşı şanslar var idi. Bərzanini dəstəkləyən Qərb dövlətləri ona çox gözəlı şərait yaratmışdılar. ABŞ-ın İraqa hücumu zamanı da referendum üçün "münbit” şərait formalaşmışdı. Lakin o zaman Bərzani buna getmədi. İndiki dövrdə vəziyyət tamam dəyişib. Onun "dövlət” adlandırdığı bölgənin xaricə 20 milyard dollardan artıq borcu var. Eyni zamanda İraqın mərkəzi dövləti ilə problemlər yaşayır. Son zamanlar tabeliyində olan şəxslərə maaş da verə bilmir. Böyük məbləğdə borcdan və düşdüyü çıxılmaz vəziyyətdən xilas olmağa çalışan Bərzani ciddi riskə gedərək referendum keçirməyə qərar verdi. Əlbəttə, onun oyunu baş tuta da bilər, tutmaya da bilər. Şübhəsiz, burada ayrı faktorlar da var. Onu isə mütəxəssislər daha yaxşı analiz edər.

- Əksər dövlətlər referenduma qarşı çıxır. Müəyyən zaman sonra nəticələri tanıyan ölkə çıxa bilərmi?

- Referendumu təkcə İsrail tanıyacaq. İnanmıram ki, başqa xarici dövlətlər qanunsuz referendumu 
tanımaq riskinə getsinlər. Hər halda ciddi ölkələr "tüpürdüklərini yalamazlar”. Çünki onların hamısı dəfələrlə İraqın ərazi bütövlüyünü dəstəklədiklərini deyiblər. Düzdür, "Kürdüstan dövlətinin” yaranmasında maraqlı olan qüvvələr var. Ancaq indiki məqamda qəti addım atmağın xoşagəlməz fəsadlara səbəb olacağının fərqindədirlər. Ən əsası isə odur ki, İraq dövlətinin özü referendumun nəticələrini tanımayacağını bəyan edib. Məncə, bu məqam kifayət edir.

- Kürd "dövlətinə” ciddi şəkildə qarşı çıxanlardan biri də İraq türkmənləridir. Türkmənlərin mübarizəsini necə dəyərləndirirsiniz?

- İraqda türkmənlər hər yerdə bərabər məskunlaşmayıb. Bəzi yerlərdə çox, digər bölgələrdə isə azdırlar. Kərkükdə aparılan siyasət nəticəsində türkmənlər əvvəlcə, 50-60 faizə düşdülər, indi isə daha da azalıblar. Lakin türkmənlər çox olduqları bölgələrdə kürdlərin referendum keçirməsinə icazə verməyiblər. Heç seçki qutularının əraziyə gətirilməsinə də imkan yaratmayıblar. Seçkidə isə ümumiyyətlə iştirak etməyiblər. Buna baxmayaraq, türkmənlərin vəziyyəti heç də yaxşı deyil. Bölgədə qeyri-kürdlər sıxışdırılır, təzyiqlərə məruz qalırlar. Həmçinin, PKK ciddi surətdə İraq kürdlərini dəstəkləyir.

- Türkmənlərə yardım məsələsi gündəmə gələndə nəzərlər Türkiyə və Azərbaycana çevrilir. Belə məqamda türkmənlərə hansı yardımı göstərmək mümkündür?

- İlk növbədə mənəvi yardım etməliyik. Azərbaycanın İraqla birbaşa sərhədi yoxdur. Ona görə də rahat şəkildə gedib-gələ bilmirik, hansısa maddi və hərbi yardım göstərə bilmirik. Heç olmasa, Xarici İşlər Nazirliyinin xətti ilə dövlət səviyyəsində bəyanatlar verilməlidir. Unutmayaq ki, İraqda yaşayan türkmənlər azərbaycanlılardır. Bizim bir parçamızdır. Elə bilsinlər, özümüz özümüzə kömək edirik. Türkmənlərin tarixi yurdlarında qorunması üçün çalışmalıyıq. 

Türkiyə müxtəlif bəyanatlar verir, hətta türkmənlərə hərbi yardım göstərməklə bağlı parlamentdə qərar da qəbul ediblər. Çünki Mosul və Kərkük Osmanlının qədim torpaqları olub. XX əsrin 20-ci illərində bölgə İraqla Türkiyə Cümhuriyyəti arasında mübahisəli məsələ kimi müzakirə mövzusu oldu. Danışıqlardan sonra ərazi İraqın sərhədləri daxilində qaldı. Buna görə də indiki Türkiyə hökuməti türkmənlərə əl uzatmaq üçün mənəvi haqqa malikdir. Hər halda qardaş ölkə beynəlxalq prosesləri də nəzərə alaraq əlindən gələni edir. Lakin biz də əlimizi daşın altına qoymamalıyıq. Heç olmasa, mənəvi dəstəyimizi hiss etdirməliyik.

İsmayıl