İrəvan müharibə qorxusu yaşayır

Hökumət ilk növbədə “savaş olmayacaq” bəyanatı ilə ölkə əhalisinin xaricə axınını saxlamaq istəyir





Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər və həmsədrlərin atmalı olduğu addımlar nəzərdən keçirilib. Görüş əsnasında vasitəçilərin təklifinə uyğun olaraq, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər gündəmə gəlib. Nazir Elmar Məmmədyarov həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib. 

Münaqişə ətrafında cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Qarabağ ətrafı rayonların geri qaytarılması və Rusiyanın bu məsələdə Ermənistana təkid etməsi barədə məlumatlar getdikcə artır. 

Ekspertin sözlərinə görə, Moskvanın maraqları bəllidir, Ermənistana təzyiq müqabilində Azərbaycan Rusiyanın iştirak etdiyi hansısa formatlarda yer almalıdır: 

"İrəvanın Kremlin əmrinə boyun əyməkdən başqa yolu qalmır. Unutmaq olmaz ki, işğal olunmuş ərazilərin əksər hissəsində bu gün də yaşayış yoxdur. İrəvanda baş verənlərə görə, Rusiyanı ittiham edənlərin sayı çoxalıb. Ermənilər belə fikirləşirlər ki, Rusiya onları pis vəziyyətə qoyub. Ermənistan KİV-ləri son zamanlarda əsasən belə mövzulardan yazırlar. Rusiyanın özü də çıxılmaz vəziyyətdədir ki, Azərbaycan tərəfi qətiyyət nümayiş etdirir. Əgər növbəti müharibə başlasa, həm Ermənistanda, həm də işğal olunmuş Qarabağ və digər ərazilərdə yaşayan ermənilər bölgəni tərk etməyə başlayacaqlar”. 

Politoloq bildirib ki, son itkilər və gərgin hadisələr deməyə əsas verir ki, düşmən çox narahatdır: 

"Mümkündür ki, yaxın zamanlarda Ermənistandan gedənlərin sayı kütləvi hal alsın. İrəvan qorxu içindədir və ilk növbədə "savaş olmayacaq” bəyanatı ilə ölkə əhalisinin xaricə axınını saxlamaq istəyir. Perspektiv planda İrəvan məğlub olduğunu anlayır. Azərbaycan düşmən hiyləsinə aldanmalı deyil və "aprel döyüşləri”nə bənzər yeni taktika ilə İrəvanı güzəştlərə vadar etməlidir”.

İsmayıl