"İrəvan “Şərq Tərəfdaşlığı”nda Rusiyanın təmsilçiliyini həyata keçirir" - Deputat

Asim Mollazadə:"Düşmənin belə ikibaşlı siyasətinin əsas məqsədi beynəlxalq ictimaiyyəti, təşkilatları tamamilə fərqli istiqamətə yönəltməkdir"






"Ermənistan müstəqil dövlət deyil ki, hansısa müstəqil qərarlar verib, öz siyasətini həyata keçirsin”.

Bunu "Sherg.az”a Ermənistanın Avrasiya İttifaqının tərkibində ola-ola Avropadan maliyyə yardımı alması haqqında imzaladığı sazişdən danışarkən millət vəkili Asim Mollazadə söyləyib. 

Rusiyanın buna münasibətinə toxunan deputatın sözlərinə görə, İrəvan "Şərq Tərəfdaşlığı”nda Rusiyanın təmsilçiliyini həyata keçirir:

"Rusiyaya lazım olan məqamlarda Ermənistan "veto" hüququndan istifadə edə bilər. Düşmənin belə ikibaşlı siyasətinin əsas məqsədi beynəlxalq ictimaiyyəti, təşkilatları tamamilə fərqli istiqamətə yönəltməkdir. Amma mahiyyət ondan ibarətdir ki, bu layihənin daxilində Ermənistan Rusiyanın "Troya atı” funksiyasını daşıyır. Rəsmi İrəvan Rusiyanın təmsilçiliyini həyata keçirir”.

Qeyd edək ki, ötən həftə 6 postsovet respublikası (Ermənistan, Belarus, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan) və Avropa Birliyi arasında "Şərq Tərəfdaşlığı” Sammiti keçirildi. Sammitdə Avrasiya İttifaqına üzv olan Ermənistan rəsmi Brüssellə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çərçivə sazişinə imza atdı.

Aysel Aslan