Yoxsa hər jurnalist əlinə bir mikrofon alıb sorğu-sual etməməlidir
Ötən gün İŞİD-in tərkibində döyüşən azərbaycanlıların əsir götürülməsi haqda məlumat yayıldı. Əsir alınanlar arasında azyaşlı uşaqların olduğu da bildirildi. Deyilənə görə, 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.
Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqlar özləri haqda tam məlumat verə bilməsələr də, valideynlərinin öldüyünü deyiblər. Hadisədən sonra Azərbaycanın İraqdakı səfirliyinin konsulu Zəbi Axundov adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib və onunla söhbət etməyə çalışıb. Azyaşlının Azərbaycanda babası və digər qohumları da müəyyənləşib. Hazırda uşaqların Azərbaycana gətirilməsi istiqamətində iş gedir. Bəzi ekspertlər təklif ediblər ki, valideynlərini itirmiş uşaqların timsalında İŞİD-in necə bir təhlükəyə və fəlakətə səbəb olduğu ölkə ictimaiyyətinə çatdırılsın. Onların fikrincə, İŞİD-ə qoşulmaq istəyən, ancaq müəyyən tərəddüdləri olan şəxslər üçün ən effektli və çəkindirici üsul uşaqlarının yetim və sahibsiz qalacağını aşılamaqdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan psixoloq Fərqanə Mehmanqızı deyib ki, İŞİD əleyhinə sağlam şəkildə təbliğat aparılmalı və uşaqlı-böyüklü hamı bu işə cəlb edilməlidir:
"Düşməni öz silahı ilə vurmaq prinsipinə əsaslansaq, uşaqların bu təbliğata qoşulması vacib və gərəklidir. İŞİD-çilər azyaşlı uşaqları zəhərləyirlər, ona görə də uşaqlar terrorçu olurlar. Əgər "uşaqlar bizim gələcəyimizdir” deyiriksə, o zaman gələcəyimizi sağlam təməllər üzərində qurmalıyıq. Hər bir şəxs, istər böyük, istər kiçik olsun, öz məsuliyyətini dərk etməli, qoruduğu nöqtəni, dəyəri bilməlidir. İŞİD psixoloji cəhətdən zəif və özgüvəni zəif olanları özünə çəkir, onlara terrorçulara xas keyfiyyətləri aşılayırlar. Çətin də olsa cəmiyyətimizdəki belə adamları terrorçu qrupdan əvvəl biz tapmalı, onlarla psixoloji iş aparmalı, dövlətimizə və millətimizə xeyirli şəxslərə çevirməliyik”.
Sosioloq Lalə Mehralı uşaqların bu kimi məsələlərdə vasitəçi, alət, çıxış yolu kimi istifadə edilməsinə qarşı olduğunu deyib. Lakin onun sözlərinə görə, uşaqlar artıq terrorun içinə düşüblər və ən dəhşətli hadisələrin şahidi olublar:
"Media uşaqların yaxınlarını tapmaq üçün şəkillərini paylaşıb. Deməli, artıq uşaqlar da işin içində sayılırlar. Abdulla və Xədicə kimi nə qədər uşaq terrorun içində yaşayır, valideynlərini itirirlər. Hesab edirəm ki, uşaqları incitmədən, psixologiyalarını qoruyaraq, müəyyən iş görmək mümkündür. Hər iki uşaqla mütləq pedaqoq və psixoloq köməyi ilə ünsiyyət qurulmalıdır. Yoxsa hər jurnalist əlinə bir mikrofon alıb sorğu-sual etməməlidir. Uşaqların orada yaşadığı dəhşəti peşəkar mütəxəssislərin köməyi ilə danışmasına imkan yaratmaq, lentə almaq, cəmiyyətə izlətdirmək lazımdır. Valideynlər yeni abdullaların, xədicələrin yaranmaması üçün savadlanmalı, məlumatlanmalıdırlar”.
İsmayıl