İslahatlar daha da dərinləşəcək
İlham Əliyev: Ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu dövr olub
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısına qoyduğu ən vacib vəzifələrdən biri ölkədə demokratik inkişafı təmin etmək və Qərbin demokratik ölkələri ilə bir sırada yer almaq olub. Söz azadlığının təmini, insan hüquq və azadlıqlarının fundamental əsasları demokratiyada atılan addımların ən ümdəsidir ki, son 15 ildə, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər görülüb.
Artıq indi ölkəmizin demokratiya sahəsində bir çox ölkələrdən daha da irəli getdiyini əminliklə söyləmək olar. Demokratiyanın əsasında insan hüquqlarına hörmət, söz azadlığına şəraitin yaradılmasıdır. Davamlı demokratik islahatların həyata keçirilməsi, insan hüquqlarının təminatı sahəsində irəliləyiş öz təsirlərini göstərməkdədir. Dövlətimiz yalnız daxili qanunların qəbulu və institutların yaradılması ilə kifayətlənməmiş, bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr qurub və hazırda da bu əlaqələri davam etdirir. Sosial media imkanlarının yaradılması, sosial şəbəkələrdə açıq müzakirələrin keçirilməsi, istər çap, istərsə də elektron informasiya resurslarına əngəl törədilməməsini də demokratik islahatlar nümunəsi kimi göstərmək olar. Bununla yanaşı siyasi partiyalara rahat fəaliyyət göstərmələri üçün demək olar ki, bütün şərait verilib. Bu gün müxalif qüvvələr istənilən zaman sərbəst toplaşmaq azadlığından istifadə edə bilir. Son 15 ildə partiyaların inkişafı üçün qəbul olunan qanunlara baxsaq, hər şeyin gün kimi ortada olduğunu görə bilərik. Sadəcə bir misal çəkək - bu gün ölkədə müxalif siyasi partiyalara normal fəaliyyət göstərmələri üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılır. Həmin siyasi partiyalar da vətəndaş cəmiyyəti olaraq problemləri qabardır, çatışmazlıqları tənqid edirlər. Dünyanın neçə ölkəsini göstərmək olar ki, hakimiyyət müxalif qüvvələrə problemləri qabartdığına görə, maliyyə vəsaiti versin? Azərbaycanda demokratiya nümunəsi, demokratiya modeli məhz budur. Son prezident seçkilərində də demokratik prinsiplərin öndə tutulduğunun şahidi olduq. Şəffaf, azad seçkilər keçirildi. Xalq da sərbəst şəkildə səsvermədə iştirak edərək, ölkə prezidenti İlham Əliyevə yenidən etimad göstərdi.
Aprelin 11-də keçirilən seçkilərdə yüksək faiz göstəricisi ilə rəqiblərinə qalib gəlib, prezident seçilən İlham Əliyev elə andiçmə mərasimindəki çıxışında, demokratik islahatların davam edəcəyini, insan azadlıqlarının əvvəl olduğu kimi yenə də qorunacağını dedi. Prezident vurğuladı ki, son 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib , bütün azadlıqlar təmin edilib: "Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olub. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun. Necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir”.
Bəli, xalqın kütləvi şəkildə seçkilərdə iştirak etməsi, aktivlik nümayişi bunun əyani sübutudur.
Hüquq müdafiəçisi, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də prezidentin andiçmə mərasimində dedikləri fikirlərlə həmrəydir: "Cənab prezident andiçmə mərasimində demək olar ki, həm son 15 illik fəaliyyətə yekun vurdu, həm də növbəti prezidentliyi dövründə görüləcək işlərin istiqamətini dedi. Ölkə başçısının dediyi kimi, Azərbaycanda bu gün demokratik prinsiplər qorunur, hüquqi dövlətimiz inkişaf etməkdədir. Hər kəsin hüququnun təmin edilməsi istiqamətində addımlar atılır. Ən vacibi də odur ki, prezident vurğuladı ki, bu islahatlar daha da dərinləşəcək. Xüsusi olaraq bildirdi ki, iqtisadi islahatlar sürətləndiriləcək. Bilirsiz ki, iqtisadi islahatlar olmadan, siyasi islahatlar aparmaq mümkün deyil. Bu islahatlar paralel aparılaraq biri-birini tamamlamalıdır. Cənab prezidentin indiyə qədər apardığı siyasət də məhz bundan ibarətdir - islahatların paralel aparılması. Bundan sonra da bu siyasət davam edəcək”.
Ə.Nuriyev söyləyib ki, keçirilən rəy sorğuları da göstərir ki, İlham Əliyevin rəhbərliyi ilə görülən işlər insanlarda böyük məmnunluq hissi yaradır: "Prezident seçkiləri öncəsi proseslər, hər bir hüququ olan insanın sərbəst namizədliyini verə bilməsinə şəraitin yaradılması, sərbəst toplaşmaq azadlığının təmini göstərdi ki, demokratik cəmiyyət formalaşıb. Şəhərin mərkəzində müxalif qüvvələr bir neçə aksiya keçirdilər. Onların aksiyalarına şərait yaradıldı, heç bir maneə törədilmədi. Eyni zamanda publik tədbirlərin keçirilməsi üçün, kütləvi aksiyalar üçün paytaxtda 168 yer müəyyənləşdirilib. Bu da sərbəst toplaşma azadlığına töhfənin nəticəsidir. Bütün bunlar cənab prezidentin 15 ildə apardığı uğurlu siyasətin nəticəsidir”.
Anar