“İslam ordusu” təkcə İsrailə qarşı deyil

Belə bir ordu yaranarsa, bütün müsəlman düşmənlərinə qarşı olacaq



İngiltərənin "Deyli Ekspers” qəzeti son dönəmdə gərginləşən Türkiyə-İsrail münasibətləri ilə bağlı diqqətçəkən məqalə yayımlayıb. Yazı Türkiyənin "Yeni Şəfəq” qəzetinin yaydığı məqaləyə istinadən paylaşılıb.

Bildirilib ki, "Türk dövlətinin sözçüsü” kimi təqdim edilən qəzetdə İsrailə qarşı "İslam ordusu”nun yaradılması çağırışı edilib. İddiaya görə, 5 milyon 206 min nəfərlik ordunun müdafiə büdcəsi 175 milyard dollara çatacaq: "Ərdoğan bu təklifə dəstəyini istisna etmir. O, Osmanlını yenidən diriltmək istəyir. Bu səbəblə Qətər və Somalidə hərbi bazalar yaratdı. Son olaraq Qırmızı dənizdə də hərbi baza yaratmaq üçün Sudana məxsus adanı əldə etmək üçün razılığa gəlib”. Məlumdur ki, Fələstinin dinc sakinlərinə qarşı həyata keçirilən hərbi əməliyyatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı sərt açıqlamalar verir. O da bəllidir ki, rəsmi Ankara müəyyən addımlarla və çağırışlarla türk-müsəlman dünyasında birləşdirici missiyanı həyata keçirməyə çalışır. Bu baxımdan əksər ekspertlər düşünür ki, "islam ordusu”nun reallaşması heç də mümkünsüz deyil.

Politoloq Əhəd Məmmədli hesab edir ki, "İslam Ordusu” yaratmaq iddiası daha əvvəl Suriya müharibəsi zamanı Səudiyyə Ərəbistan tərəfindən irəli sürülüb. Ekspertin sözlərinə görə, o zaman Türkiyə tərəfi bu məsələyə isti yanaşıb: 

"Ancaq məlum səbəblərdən bu layihəni reallaşdırmaq mümkün olmadı. İndi yenidən "müsəlman ordusu” iddiaları gündəmdədir. Əlbəttə, Türkiyə müsəlman dünyasında birləşdirici rol oynayır. Türkiyə hərtərəfli gücləndikcə, müsəlmanlar qardaş ölkəyə ümid gözü ilə baxır. Vurğulamaq lazımdır ki, "islam ordusu” təkcə İsrailə qarşı deyil. Belə bir ordu yaranarsa, bütün müsəlman düşmənlərinə qarşı olacaq. Hesab edirəm ki, "müsəlman ordusu” yaradıla bilər. Bu cür ordu ancaq Türkiyənin rəhbərliyi altında qurulmalıdır. Türkiyədə hakimiyyətdə olan AK partiyanın iddiaları və hədəfləri böyükdür. Hökumət addım-addım bu hədəflərə doğru irəlilədikcə, "İslam Ordusu”nun yaranması da reallığa çevriləcək”.

İsmayıl