İslam sevgisi...

Allahın nəzəri olan yerdə isə hər zaman qələbə olurİnsanlara anlatmağa çalışırıq ki, onların cihad yeri Suriya, İraq deyil, məhz Qarabağdır
Hazırda Kütləvi İnformasiya Vasitələri (KİV), xüsusən televiziyalar insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Evdə, işdə, istirahətdə, hətta yolda belə KİV-ləri izləyirik. Bu baxımdan mediada nələrin göstərilməsi, hansı mədəniyyətin təbliğ olunması çox vacib amil hesab olunur. Digər maarifləndirici yazılar və ya verilişlərlə yanaşı, mədəniyyətimizin təməl prinsiplərini formalaşdıran din və mənəvi dəyərlərimizin KİV vasitəsilə təbliği günümüzün zəruri ehtiyaclarındandır. Millətimizin, xüsusilə gənc nəslin mənəvi tərbiyəsində medianın rolu danılmazdır. Vurğuladığımız kimi, bu məsələdə ən çox öhdəlik mətbuatın üzərinə düşür.
Mediada mənəvi, mədəni və dini irsin təbliği
Çünki media digər quruluşlardan fərqli olaraq daha geniş auditoriyaya və çox güclü təsir imkanlarına malikdir. Odur ki, Azərbaycan mediası qanunvericiliyin tələblərinə uyğun olaraq, özlərinin fəaliyyətində maarifçilik işinə, o cümlədən mənəvi, mədəni və dini irsin təbliğinə xüsusi önəm verməlidir. Əslində bu tələb bütün yayımçılara aid edilsə də, reallıqda mədəni irsin təqdimi və təbliği işində əsas yük dövlət büdcəsindən maliyyələşən mətbuat orqanlarının üzərinə düşür. Əlbəttə ki, özəl media quruluşlarından bu istiqamətdə maksimum nəticə gözləmək bir qədər sadəlövhlük olardı.
KİV-də mənəvi dəyərləri aşılayan yazılar, verilişlər hazırlanmalı...
Çünki özəl kanallar daha çox qazanc barədə düşünürlər. Başqa sözlə, onlar rəqabət mühitində manevr edərək, daha çox reytinq gətirən xəbər və ya verilişlər hazırlayırlar. Ekspertlərə görə, bəzi özəl KİV orqanlarında mənəvi və mədəni irsə göstərilən etinasız münasibət xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər. Bu gün dəyərlər sisteminin savaşı gedir, nəzəriyyələr yenidən işlənir, hədəflər təkrar nəzərdən keçirilir.
Belə bir dövrdə milli-mənəvi və dini dəyərlərin qorunmasının ən başlıca yolu məhz maarifləndirmə işinin aparılmasından keçir. Ancaq təəssüf ki, bu gün bir çoxları hansı dəyərlərin onlara məxsus olmasından xəbərsizdirlər. Bu baxımdan geniş auditoriyaya malik olan KİV orqanlarında mənəvi dəyərləri aşılayan verilişlərin olması, ən azından dini səpkili bir proqramın, rubrikanın hazırlanması olduqca böyük əhəmiyyət və zərurət kəsb edir.
Gənclərimizin şüurunu, imanını zədələməyə çalışırlar
Məsələ barədə "Şərq”ə danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli öncə onun ideya müəllifi və aparıcısı olduğu, "Space TV”də yayımlanan "İnam” verilişinə diqqət çəkib. O deyib ki, bu veriliş dövlətimizin dini və mənəvi mühitdə apardığı uğurlu maarifləndirmə işinə əlavə bir dəstəkdir.
Şərqşünasın sözlərinə görə, o və tərəfdarları Azərbaycan gənclərinin milli və mənəvi baxımdan yad düşüncələrin təsiri altına düşmələrini əngəlləmək üçün bu yola çıxıblar:
"Biz qloballaşan dünyada Azərbaycan dövlətinin milli maraqlarına xidmətin əhəmiyyətini insanlarımıza, xüsusilə də inanclı cavanlarımıza düzgün, elmi formada təbliğ etmək niyyətindəyik. Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Bu baxımdan ölkəmizə təhsil və ya xeyriyyəçilik pərdəsi altında müxtəlif dini qruplaşmalar daxil olur. Mən uzun illərdir bu məsələlərlə bağlı aidiyyəti orqanlarla müzakirələr aparırdım və mətbu orqanlar vasitəsilə cəmiyyətə sağlam milli-mənəvi dəyərləri təlqin etməyə çalışırdım. Hazırda gənclərimizin şüurunu, düşüncəsini, imanını zədələməyə çalışan, onlara təsir göstərən müəyyən dini dairələr fəaliyyət göstərir.
Təəssüflər olsun ki, Azərbaycanda tolerantlıq mühitinin olması bir sıra hallarda gənclərin ələ alınmasına və onların ideoloji baxışlarının milli şüurdan kənarlaşmasına gətirib çıxarır. Əlbəttə, onlarla mübarizədə dövlətin milli qurumları böyük işlər görürlər.
Xüsusən, Xüsusi Xidmət Orqanının çox uğurlu əməliyyatları xeyli sayda dini-təfriqəçi qrupların ifşa edilməsinə səbəb olub. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin və Dini Komitənin də ictimaiyyətin dini maariflənməsində mühüm xidmətləri var. Mən də bir alim kimi bu istiqamətdə üzərimə düşəni etmək qərarına gəldim və "İnam” verilişini hazırladım".
Gənclərin mənəvi yöndə tərbiyəsində ziyalıların rolu
Müsahibimiz vurğulayıb ki, hazırda Azərbaycan dini, milli-mənəvi, hətta məzhəblərarası tolerantlığı ilə dünyanın bütün ölkələrinə nümunə ola biləcək bir ölkədir. Amma əfsuslar olsun ki, ölkəmizdəki bu tolerantlıqdan sui-istifadə edən istər xarici, istərsə də daxili zərərli qruplar var: 
"Təbii ki, dövlət qurumlarının üzərinə düşən vəzifə həmin təhlükəli qüvvələri zərərsizləşdirməkdir. Amma bizim kimi düşünən insanlar, milli ideologiya sahibləri, toplumun qəbul etdiyi ziyalı şəxslər də gənclərin mənəvi yöndə tərbiyəsində ciddi iştirak etməlidirlər. Bunun üçün ən münasib vasitə də efirlərdir. 
Düşünürük ki, "İnam” verilişi vasitəsi ilə biz qarşımıza qoyduğumuz məqsədə müəyyən mənada nail ola biləcəyik. Artıq əməyimizin bəhrəsini görməyə başlamışıq. Əslində bunu gözləyirdik, çünki proqramımız Azərbaycan teleməkanında dini, milli və mənəvi məsələlərlə bağlı ilk canlı efirdir. Burada yalan və riyakarlığa söykənən heç nə yoxdur. Baxanlar gördü, mən verilişin elə ilk anındaca qulaqcığımı kənara atdım və canlı rabitənin daha önəmli olduğunu söylədim. 
Bu cür yanaşmamıza görə, bizə yüzlərlə zənglər gəldi. İnanıram ki, verilişimiz milli maarifləndirmə yolunda, islamın doğru-düzgün anlaşılması istiqamətində mühüm rol oynayacaq. Biz Peyğəmbər əfəndimizin də buyurduğu kimi, "Vətəni sevmək imandandır” prinsipi ilə yola çıxdıq. İnsanlara anlatmağa çalışırıq ki, onların cihad yeri Suriya, İraq deyil, məhz Qarabağdır. İslamın sülh və sevgi dini olduğunu cəmiyyətə göstərmək lazımdır".
İnsanlara din, dil, torpaq, vətən sevgisi aşılanmalı...
Şərqşünas digər televiziyalarda yayımlanan dini proqramlara da toxunub:
"İTV-də yayımlanan "Din və Cəmiyyət” verilişi qaneedici səviyyədədir. Mən də o verilişdə dəfələrlə ekspert kimi çıxış etmişəm. Amma "İnam” verilişi birbaşa mənim ideya müəllifliyim və aparıcılığımla ərsəyə gəlib. "Space” kanalında həyata keçirdiyimiz bu ideyanın ən başlıca hədəfi Azərbaycanın dövlətçilik maraqlarını ifadə etməklə yanaşı, insanlarla canlı təmas yaratmaqdır. Biz heç nəyi gizlətmirik. Həqiqətə dayanan məsələləri dilə gətiririk və Vətənə, bayrağa sevgi fonunda çıxışlar edirik. Özümüzü hansısa məzhəbin və ya təriqətin mənsubu kimi qələmə vermirik. Biz layihəni bütöv bir islama həsr etmişik. İnsanlara din və torpaq sevgisini aşılayırıq, islamın sevgi və mərhəmət dini olduğunu təbliğ edirik. Onu da qeyd edim ki, biz "İnam” proqramında təkcə islam yox, digər din mənsublarını da, ölkəmizdə yaşayan fərqli etnik qrupların təmsilçilərini də dəvət edirik. Azərbaycan dövlətinin bütövlüyü və milli maraqlarımız üçün usanmadan maarifləndirmə işini davam etdiririk".
Gənclərin əksəriyyəti mənəvi baxımdan acdır
S.C.Əzimbəyli diqqətə çatdırıb ki, bu layihə cəmiyyətin içindən gələn bir sifarişdir:
"İnanın, rayonlarda yüzlərlə insan bizə yaxınlaşır və deyirdilər ki, niyə efirlərimizdə milli ruhanilərin apardığı maarifləndirici dini verilişlər yoxdur. Axı cəmiyyətin dini kəsiminin buna ehtiyacı var. İnsanların, xüsusən gənclərin böyük əksəriyyəti mənəvi baxımdan acdır. Biz isə bilə-bilə gənclərimizi xarici təsirlərin altında qoyuruq. Bu kimi təkliflər bizi ruhlandırdı və belə bir verilişi hazırladıq. Ümid edirik, "İnam” milli-mənəvi dəyərlərin təbliği yönündə çox böyük sıçrayışa nail olacaq. Çünki bu proqramda Allahın nəzəri var. Allahın nəzəri olan yerdə isə hər zaman qələbə olur. İnsanların bizə olan sevgisindən də görürük ki, ilk uğurlu addımımızı atmışıq”.
KİV milli-mənəvi dəyərləri yad təsirlərdən qoruyan sipərdir
Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da hesab edir ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və geniş təbliğ edilməsində mətbuatın da xüsusi rolu var:
"Azərbaycan xalqının milli mənlik şüurunun oyanışında, zəngin tarixi-mədəni irs, adət-ənənələr üzərində yeni tipli mədəniyyətin yaradılmasında, türklük düşüncəsi, islam dəyərləri, müasir demokratik prinsiplər əsasında azərbaycançılıq məfkurəsinin yaradılmasında anadilli jurnalistikamız ilk günlərdən həm təşkilati, həm təbliğati, həm də təşviqati işin mərkəzində olub. İllər keçdikcə KİV milli-mənəvi dəyərləri yeniləşdirib zənginləşdirməkdən əlavə, həm də onu yad təsirlərdən qoruyan ideya-mənəvi sipər rolunu oynayıb.
Bu gün mətbuatda və sosial mediada milli adət-ənənələrimizi, milli ideologiyamızı, tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsilə gənc nəslə təbliğ etməyin yolları müzakirə edilir. Milli adət-ənənələrimizlə mədəni inkişafımızın vəhdəti araşdırılır və geniş ictimaiyyətə çatdırılır. Mətbuatda aparılan işlərin əsas hədəfi isə gənc nəslin milli-mənəvi dəyərlərə sahib çıxmasını, onu qorumasını və vətənpərvərlik hisslərini gücləndirməsini təmin etməkdir".
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun "Media və mənəvi dəyərlər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
Ayyət Əhməd