Atif İsmayılov: “Peyğəmbərimiz təkidlə müsəlman hümmətinə bu prosesi icra etməsini əmr etmişdi”
İslandiyada sünnətə qadağa qoyulur
Adil Qeybulla: “Dini faktoru kənara qoysaq, bir həkim kimi sünnətə xüsusi bir lüzum görmürəm”
Atif İsmayılov: “Peyğəmbərimiz təkidlə müsəlman hümmətinə bu prosesi icra etməsini əmr etmişdi”
Atif İsmayılov: “Peyğəmbərimiz təkidlə müsəlman hümmətinə bu prosesi icra etməsini əmr etmişdi”
Müsəlman aləminin vacib ənənələrindən biri oğlan uşaqlarının sünnət olunmasıdır. Sünnətin tarixi hələ qədim zamanlara gedib çıxsa da, xristian dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər. Lakin islam aləmində sünnət nəinki "kişilik rəmzi”, həm də tibbi baxımdan sağlamlıq simvoludur. Hətta bir vaxtlar sünnət olunmayan kişiyə qız da vermirdilər. Bəzi türk və Azərbaycan filmlərində də bu, dönə-dönə qeyd olunur.
Həkimlərin fikrincə, bu əməliyyat sidik kanalını infeksiyalardan qoruyur. Sünnət cinsi xəstəliklərin, cinsiyyət orqanı xərçənginin, iltihablanmanın qarşısını alır. Hətta sünnət SPİD-ə tutulma riskini də azaldır.
Bu yaxınlarda isə İslandiyada sünnətin qadağan olunduğunu əks etdirən qanun layihəsi hazırlanıb. Bu qərar həm müsəlmanlar, həm də yəhudilərin narazılığına səbəb olub. İslandiya parlamentinə təqdim edilən qanuna əsasən, qadağanı pozan şəxsləri 6 il müddətinə həbs cəzası gözləyir. İstisna olaraq sünnətin tibbi olaraq lazım olduğu vəziyyətlər isə layihədə nəzərdə tutulub.
Katolik Kilsənin sədri kardinal Raynhard Marks layihəni "inanc sərbəstliyinə qarşı təhlükəli hücum” kimi qiymətləndirib. Kardinal qeyd edib ki, sünnətin cinayət sayılması çox ağırdır və dərin narahatçılığa səbəb olur.
İslandiya hökuməti isə sünnətin oğlan uşaqlarının hüquqlarını pozduğunu və BMT uşaq haqları müqaviləsinə zidd olduğunu bildirir.
Sünnətin dini ritual olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla əməliyyatın o qədər də vacib olmadığını hesab edir: "Dünyanın əksər ölkələrində bu əməliyyatla məşğul olmurlar. Birmənalı olaraq təsdiq etsək ki, sünnət mütləq lazımdır, yanılmış olarıq. Sünnət müsəlmanların adətidir, ona görə də prosesi həyata keçirirlər. Dini faktoru kənara qoysaq, bir həkim kimi sünnətə xüsusi bir lüzum görmürəm. Əməliyyatsız da keçinmək mümkündür. Necə ki, xristian ölkələri keçinirlər. Sünnət sadəcə olaraq dinə bitişmiş, onun ayrılmaz tərkib hissəsi olan bir rituala çevrildiyi üçün razılaşmaq məcburiyyətindəyik.
İslandiya dövlət olaraq azad ölkədir, xüsusi qaydaları, qanunları var. Heç yerdə, hətta xəstəxanalarda belə sünnət üçün xüsusi yerlər ayrılmayıb. Daha çox orda-burda, ev şəraitində və s. yerlərdə proses həyata keçirilir. Hətta yüksək inkişaf etmiş demokratik ölkələrdə belə bu əməliyyat üçün xüsusi yerlər yoxdur. Yəqin ki, ümumi qadağa olsa da, insanlar bunu evdə həyata keçirəcəklər. Hesab edirəm ki, dini azadlıqlar olan ölkədə belə ritualların qarşısı alınmamalıdır. Bəzi müsəlman ölkələrində, məsələn, İndoneziyanın özündə qadınların da sünnət olunması var. Bu tamamilə anormal bir haldır. Elə məsələlər var ki, ona münasibətdə müxtəlif baxışlar ola bilər. Zaman içində bu baxışlar dəyişəcək. Çünki kütləvi şəkildə prosesin tibbi baxımdan icrasına heç bir ehtiyac görmürəm”.
A.Qeybullanın fikrincə, tibbi baxımdan sünnətə ehtiyac olmasa da, demokratik ölkələrdə ictimai təhlükə təşkil etməyən dini ritualların icrasına şərait yaratmaq lazımdır: "Çünki bu rituallar ictimai təhlükə təşkil etmir və ya həmin dövlətin milli maraqlarına zərər vurmur. Ona görə sünnətin qadağasına da ehtiyac yoxdur. Sadəcə olaraq bu məsələni zamanın öhdəsinə buraxmaq lazımdır”.
İlahiyyatçı Hacı Atif İsmayılov isə bildirib ki, islam aləmində sünnət təkid olunmuş əməllərdən hesab edilir. İlahiyyatçı sünnətin yerinə yetirilməsinin iki nəzəriyyəyə görə izah edildiyini də vurğulayıb: "Birinci nəzəriyyəyə əsasən sünnətin tibbi nöqteyi-nəzərdən vacib olduğu qeyd edilir. Hətta bunu böyük alimlər də araşdırıblar. Onlar sünnətin tibb baxımından faydasını açıqlayıblar. İkinci nəzəriyyə isə peyğəmbərin hədisi ilə əlaqəlidir. Peyğəmbərin hədisində sünnət olmamaq nəsranilərlə oxşarlıq əlaməti kimi qeyd olunur. Lakin burda oxşarlıq əlaməti elə də önəm daşımır. Əsas məqam sünnətin tibbi baxımdan xeyridir.
Sünnətin müsəlman xilqətinə olan faydalarından biri odur ki, peyğəmbərimiz sünnəti təkidli şəkildə müttəhib edib. Bir insan sünnət olunmursa, bu o demək deyil ki, həmin şəxs günaha batır. Sünnət insanın sağlamlığı, eyni zamanda müsəlmançılıqda təmizliyin, paklığın əlamətidir. Sünnətin həm də digər bir anlayışı paklıqdır. Bu baxımdan dünyaya yeni gələn oğlan uşağının sünnət edilməsi onun xəstəliklərdən xilas olması və pak olması deməkdir. Buna görə də peyğəmbərimiz təkidlə müsəlman hümmətinə bu prosesi icra etməsini əmr etmişdi. Digər yerlərdə oğlanlar sünnət olunmursa, təbii ki, onun fəsadları da meydana çıxır. İslam hümmətində sünnət olmayıbsa, bu, sağlamlıq cəhətdən uşağa böyük təsir göstərə bilər”.
Yeganə Bayramova