İsmayıllıda toplantı gerçəkləşdi

Fondun təşkilatçılığı ilə rayonda regional konfrans keçirilib



Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı-direktoru Vüqar Səfərli, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, bölgə üzrə milli-dini icmaların, habelə yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək
xatirəsini ehtiramla yad ediblər. Ulu öndərin xatirəsinə həsr olunmuş foto və rəsm sərgisi, habelə
Beynəlxalq Mültikulturalizm Mərkəzinin İsmayıllı filialının fəaliyyəti tədbir iştirakçıları tərəfindən
maraqla qarşılanıb.
Konfransı giriş sözü ilə açan Fondun icraçı-direktoru Vüqar Səfərli ümummilli lider Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin multikulturalizm sahəsində mühüm
uğurlar əldə etdiyini bildirərək bu siyasətin son 13 ildə inamla davam etdirildiyini vurğulayıb. Vüqar
Səfərli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-
cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi
respublikamızda bu sahədə qazanılmış nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını
zəruri edir.

Azərbaycanda əsrlər boyu tolerant və multikultural mühitin formalaşdığını deyən Vüqar Səfərli
bunun nəticəsi olaraq hazırda müxtəlif etnik və dini icmaların nümayəndələrinin mehriban, dinc və
qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib. İcraçı-direktor ölkəmizin multikulturalizm
sahəsində əldə etdiyi tarixi nailiyyətlərin beynəlxalq miqyasda mütərəqqi model kimi qəbul
olunduğunu və təqdir edildiyini vurğulayıb. Vüqar Səfərli bildirib ki, son illərdə ölkəmizdə təşkil
olunan beynəlxalq idman yarışları, iqtisadi və humanitar forumlar, çoxsaylı mədəni tədbirlər
Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurların qlobal miqyasda təbliğinə imkan
yaradır. İcraçı-direktor bir müddət əvvəl Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V
Konqresinin də bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.

2016-cı il ərzində multikulturalizm mövzusuna Fond tərəfindən xüsusi diqqət ayrıldığını deyən
Vüqar Səfərli Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu mövzuda iki fərdi jurnalist yazıları
müsabiqəsinin təşkil edildiyini, eyni zamanda Xaçmaz şəhərində regional konfransın keçirildiyini
bildirib. O, növbəti konfransın İsmayıllı şəhərində keçirilməsini rayonun dini-milli tolerantlıq və
multikulturalizm sahəsindəki mühüm uğurları ilə izah edib.
İsmayıllının ildən-ilə inkişaf etdiyini, müasirləşdiyini qeyd edən icraçı-direktor mültikulturalizm
sahəsində əldə olunan uğurlar barədə məlumat vermək üçün sözü rayon icra hakimiyyətinin başçısı
Mirdaməd Sadıqova verib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq
multikulturalizm ili çərçivəsində Fond tərəfindən belə bir tədbirin təşkilinin rayonun dini-milli
tolerantlıq və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli
olduğunu qeyd edib. İcra hakimiyyətinin başçısı rayonun bu sahədə mühüm uğurlara imza atdığını,
burada 8 azsaylı xalqın nümayəndələrinin dinc və mehriban qonşuluq şəraitində yaşadıqlarını, etnik
zəmində hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayıb.

Ölkə rəhbərliyinin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqaz
iqtisadiyyatının 70 faizinə sahiblik etdiyini, regionun aparıcı ölkəsinə çevrildiyini, habelə qlobal
böhran şəraitində inkişaf etdiyini deyən Mirdaməd Sadıqov bu siyasətin İsmayıllıda yaşayan azsaylı
xalqların nümayəndələri tərəfindən də dəstəkləndiyini vurğulayıb. İcra hakimiyyətinin başçısı
rayonda həyata keçirilən sosial-iqtisadi, mədəni layihələr, abadlıq-quruculuq işləri barədə də ətraflı
məlumat verib.M.Sadıqov millətlərarası münasibətlərin inkişafında, eləcə də multikultural dəyərlərin təşviqində
kütləvi informasiya vasitələrinin rolunu önə çəkərək Fondun yerli icra hakimiyyəti orqanları ilə
media qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsindəki xidmətlərini
xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı "Multikulturalizm Azərbaycanda dövlət siyasətinin
prioritet istiqaməti kimi” mövzusunda çıxışında Avropa ölkələrində etnik-milli dözümsüzlük və
islamafobiya meyillərinin gücləndiyi bir şəraitdə ölkəmizdəki mövcud analoji mühiti dünya üçün
nümunə adlandırıb. Azərbaycanın bu sahədəki zəngin ənənələrini diqqətə çəkən Müzəffər Talıblı
respublikamızın multikulturalizmi təşviq edən beynəlxalq saziş və konvensiyalara qoşulduğunu
bildirib. Son illər bu sahədə həyata keçirilən dövlət siyasətindən söz açan Müzəffər Talıblı Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin, habelə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin yaradılmasını və fəaliyyətini
xüsusilə qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Multikulturalizm və
tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir” mövzusunda məruzəsində bildirib ki, xalqımızın
etnik xüsusiyyətləri, adət-ənənələri, ideologiyası və ölkənin əlverişli coğrafi mövqeyi Azərbaycanda
tarixən tolerant və multikultural mühitin formalaşmasını təmin edib. O bildirib ki, azərbaycanlılar
digər xalqların nümayəndələrinə etnik mənsubiyyətinə görə deyil, mənəvi-əxlaqi və insani
keyfiyyətlərinə görə yüksək dəyər veriblər. Komitə sədrinin müavini ölkəmizdəki tolerant və
multikultural mühitin siyasi, ideoloji və ictimai təhlükəsizlik baxımından üstünlüklərini də xüsusi
vurğulayıb.

"Trend” informasiya agentliyinin baş direktor müavini Arzu Nağıyev "Multikultural dəyərlərin
təşviqində medianın rolu” mövzusunda məruzəsində kütləvi informasiya vasitələrinin ölkədə
millətlərlərarası və dinlərarası münasibətlərin inkişafındakı müstəsna rolunu xüsusi önə çəkib. O
bildirib ki, Azərbaycan KİV-ləri üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələrək millətlərarası
və dinlərarası dialoq mühitinin formalaşmasına əsaslı təkan verirlər.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Mültikultural dəyərlər və Azərbaycanın
dünyadakı yeri” mövzusunda çıxışında bildirib ki, İsmayıllı rayonunun nümunəsində
Azərbaycandakı mövcud multikultural mühiti dünyada təbliğ etmək üçün yaxşı imkanlar
mövcuddur. O bildirib ki, müasir dünyada sülh və sabitliyin təmini, sivilizasiyalararası dialoqun
inkişaf etdirilməsi, demokratik düşüncə tərzinin formalaşması baxımından multikultural və tolerant
dəyərlərin analoqu yoxdur.

Sonra məruzələr ətrafında müzakirələr başlayıb. İsmayıllı rayonunun İvanovka tam orta məktəbinin
tarix müəllimi Nadejda Jabina, Qalacıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Təbriz Eminov,
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mərəhməd Mustafayev, Lahıc qəsəbəsindəki tam orta
məktəbin müəllimi Dadaş Əliyev, Məhəmmədiyə məscidinin axundu Elnur Yusifov və din xadimi
Ağakərim Novruzov mövzu ətrafında fikirlərini bölüşərək respublikamızda müasir dünya ölkələrinə
nümunə olacaq multikultural cəmiyyət modelinin formalaşdığını vurğulayıblar.
Fondun icraçı-direktoru Vüqar Səfərli konfransın təşkilinə verdiyi dəstəyə görə İsmayıllı Rayon İcra
Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirərək qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsinə xidmət edən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə
edib.

Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov KİV rəhbərlərinin
iştirakı ilə keçirilən konfransın rayon həyatı ilə bağı yeniliklərin ölkə ictimaiyyətinə obyektiv
şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb və media ilə əlaqələrin
genişləndirilməsindəki roluna görə Fondun rəhbərliyinə minnətdarlığını bildirib.