İstanbulun mərkəzində partlayış törədilib, 20 nəfər yaralanıb - YENİLƏNİB




İstanbulun Beşiktaş rayonunda partlayış baş verib. APA-nın Türkiyə nətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında, "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında baş verib. Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib.

Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür.

Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir.

Hadisənin terror aktı olduğu istisna olunmur. İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir.
Partlayışın "Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk edən zaman baş verdiyi qeyd edilir.