- Əli Səlimov: “Azərbaycan Mərkəzi Asiyaya xammal deyil, yüksək əlavə dəyərli məhsullar ixrac etməlidir”
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələri ilə yanaşı, iqtisadi və ticarət əməkdaşlığı da son illərdə sürətlə genişlənir. Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələri ilə Azərbaycanın iqtisadi əlaqələrini yeni mərhələyə çıxarır.
Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin, tranzit daşımaların və qarşılıqlı investisiyaların artırılması Azərbaycanın xarici iqtisadi siyasətində mühüm istiqamətlərdən birinə çevrilib.
Bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər üzərindən keçən marşrutlar Azərbaycanın region ölkələri ilə ticarət əlaqələrində strateji rol oynayır. Çin–Mərkəzi Asiya–Azərbaycan–Avropa xəttində yükdaşımaların artması isə ölkənin tranzit imkanlarını daha da gücləndirir.
Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Avropa bazarlarına çıxış, Azərbaycan üçün isə bu region yeni ticarət və investisiya imkanları baxımından əhəmiyyətlidir. Enerji, logistika, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar gələcək əməkdaşlığın əsas istiqamətləri kimi önə çıxır. Mərkəzi Asiya artıq Azərbaycan üçün yalnız siyasi tərəfdaşlıq məkanı deyil, həm də xarici ticarətin şaxələndirilməsi və yeni bazarlara çıxış baxımından getdikcə daha mühüm iqtisadi tərəfdaşa çevrilir.
İqtisadçı Əli Səlimov Sherg.az-a açıqlamasında son illərdə Mərkəzi Asiya ölkələrinin Azərbaycanın xarici ticarətində rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Onun sözlərinə görə, 2025–2026-cı illərdə region dövlətləri ilə ticarət dövriyyəsinin genişlənməsi, Orta Dəhliz üzrə yükdaşımaların artması və Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əlaqələrin dərinləşməsi Azərbaycanın xarici ticarət coğrafiyasının şaxələndirilməsi üçün yeni imkanlar açır.
İqtisadçı hesab edir ki, bu proses Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrini yalnız ticarət müstəvisində deyil, nəqliyyat, logistika və investisiya istiqamətlərində də genişləndirməsinə şərait yaradır: “2025-ci ildə Azərbaycanla Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsi 7,26 milyard dollara çataraq əvvəlki illə müqayisədə 5,4 faiz artıb. Bu ölkələrin Azərbaycanın ümumi xarici ticarətində payı 14,5 faizə yüksəlib. 2026-cı ilin yanvar-aprel aylarında isə TDT ölkələri ilə ticarət dövriyyəsi 2,1 milyard dollar təşkil edib. Bu göstəricilər Azərbaycanın türk dövlətləri ilə iqtisadi əlaqələrinin artıq xarici ticarətin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir.
Mərkəzi Asiya ölkələri bu prosesdə xüsusi yer tutur. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla əlaqələrin inkişafı Azərbaycanın həm ixrac bazarlarını genişləndirir, həm də ölkənin regionlararası logistika imkanlarını gücləndirir. Xüsusilə Özbəkistanla əməkdaşlıqda son dövrdə müşahidə olunan dinamika diqqət çəkir. 2026-cı ilin ilk rübündə Azərbaycanla Özbəkistan arasında beynəlxalq yükdaşımaların həcmi 28,3 min tona çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Bu artımın arxasında Orta Dəhlizin genişlənən imkanları dayanır. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında Xəzər üzərindən keçən nəqliyyat marşrutunun əsas həlqələrindən biri kimi çıxış edir. Dəhliz üzrə infrastrukturun təkmilləşdirilməsi, liman və dəmir yolu imkanlarının artırılması, gömrük prosedurlarının rəqəmsallaşdırılması daşımaların sürətinin və səmərəliliyinin yüksəldilməsinə imkan verir. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi yalnız tranzit üstünlüyü deyil, yeni ticarət və investisiya imkanları yaradan iqtisadi resursa çevrilir”.
Ə. Səlimovun fikrincə Türk Dövlətləri Təşkilatı bu prosesin institusional dayaqlarını gücləndirir:
“Təşkilat çərçivəsində ticarətin asanlaşdırılması, investisiyaların təşviqi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər üzv ölkələr arasında iqtisadi əlaqələrin daha da intensivləşməsinə şərait yaradır. Azərbaycanın 2025-ci ilin oktyabrından TDT-yə sədrliyi də bu istiqamətlər üzrə təşəbbüslərin irəli sürülməsi baxımından əlavə imkanlar formalaşdırır. Burada əsas perspektiv Azərbaycanın Mərkəzi Asiyaya yalnız xammal və ənənəvi məhsullar ixrac edən ölkə kimi deyil, daha yüksək əlavə dəyər yaradan məhsul və xidmətlərin təchizatçısı kimi mövqeyini gücləndirməsidir. Qeyri-neft ixracının genişləndirilməsi, birgə istehsal layihələrinin artırılması və qarşılıqlı investisiyaların təşviqi bu əməkdaşlığın iqtisadi nəticələrini daha da yüksəldə bilər. Mərkəzi Asiyanın Azərbaycanın xarici ticarətində artan rolu daha geniş iqtisadi inteqrasiyanın göstəricisidir. Orta Dəhliz nəqliyyat bağlantısını, Türk Dövlətləri Təşkilatı isə institusional əməkdaşlığı gücləndirir. Bu iki istiqamətin ticarət, investisiya və istehsal imkanları ilə birləşdirilməsi Azərbaycanın xarici ticarətinin şaxələndirilməsinə və Avrasiya iqtisadi məkanında mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.