“İstehsalçılar çörəyin qiyməti yox, çəkisi ilə oynayırlar” – Artacaq ?

"Unun qiymətinin 50 qəpik-1 manat civarında ucuzlaşmasının birbaşa olaraq çörəyin qiymətinə təsir göstərməsi bir az çətindir”.
Bu sözləri "Sherg.az” açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, çörəyin maya dəyərini və 1 kisə undan istehsal olunan çörəyin miqdarını hesablayanda 50qəpik-1 manat hər çörəyə 1 qəpikdən də aşağı təsir göstərir:
"Məsələn, 20 qəpiyə satılan çörəyi 19.5 qəpiyə satmaq mümkün deyil. Ona görə də düşünmürəm ki, unun qiymətinin ucuzlaşması tez zamanda un məmulatlarının maya dəyərinə və satış qiymətinə ciddi təsir göstərəcək. Amma unun ucuzlaşması ən azında bahalaşmanın qarşısını alan bir addıma çevrilə bilər. Azərbaycanda pis bir ənənə var: istehsalçılar çörək məhsullarının qiymətindən daha çox çəkisi ilə oynayırlar. 
Ola bilər ki, unun ucuzlaşmasında sonra heç olmasa, çörəyin keyfiyyətində və çəkisində müəyyən müsbət dəyişikliklər olsun. Ümumiyyətlə, biz çox çörək istehlak edən bir cəmiyyətik. Hər bir ailənin rasionunda çörək mühüm rol oynayır. Lakin yaxın gələcəkdə çörəyin qiymətinin ucuzlaşacağını düşünmürəm”.
Qeyd edək ki, unun qiyməti növbəti dəfə ucuzlaşıb. Məlumata görə, unun topdansatış qiyməti təkrar aşağı salınaraq, 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiyməti 24,95 manat müəyyən edilib.
Yeganə Bayramova