"Ehtimal olunur ki, Donald Tramp ABŞ-ın İran və "altılıq ölkələri” arasında imzalanan razılaşmadan imtina qərarı verəcək”.
Bunu "Sherg.az”a İranın nüvə proqramını bərpa etməsi ilə bağlı səsləndirlən fikirləri şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan söyləyib. O qeyd edib ki, indiki halda İran üçün məqbul hadisə sayıla bilməz:

"ABŞ-ın da bundan ehtiyatlanacaq səbəbləri yoxdur. İran qabaqlayıcı tədbirlər görüb, amma istənilən halda uduzan Amerika deyil, İran olacaq.
Rəsmi Tehranın atdığı addımlardan görünür ki, Amerika qərarında qətidir. ABŞ hesab edir ki, İran terrorçuluğu dəstəkləyir, bu da İsrailin ərazi bütövlüyünə təhdiddir. Həmçinin, rəsmi Vaşinqton İranı nüvə istehsalını dayandırmamaqda günahlandırır. Razılaşmadan çıxmağın əsas səbəblərindən biri kimi məhz bu göstərilir. Tehrana qarşı səsləndirilən iddialar bununla da bitmir. ABŞ-ın fikrincə, İran raket silahları hazırlayıb, sınaqdan keçirir.
İran Amerikaya qarşı ciddi sanksiyalar tətbiq edə bilməz. Dollardan imtina edilməsi də ABŞ-ı maliyyə itkisi qarşısında qoymur. Bütün bunlar uduzan tərəfin İran olacağını deməyə əsas verir. Rəsmi Tehran təcavüzkar, iddialı xarici və daxili siyasətindən əl çəkməsə, məsələnin həlli çətindir. Bu vəziyyət İranda ciddi sosial, iqtisadi və siyasi problemlər yaradacaq”.
Qeyd edək ki, İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək.
Aysel Aslan