“İtkin düşmüş şəxslər” adlı qətnamənin qəbulu müsbət hadisədir

“Ən azından ona görə ki, BMT kimi universal beynəlxalq təşkilat tərəfimizdən qaldırılan məsələlərə reaksiya verir”



Dekabrın 19-da BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Qətnaməyə 60 ölkə həmmüəllif kimi qoşulub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən ənənəvi olaraq irəli sürülən qətnamə silahlı münaqişə tərəfləri olan dövlətləri beynəlxalq humanitar hüquqa hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması və itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməyə və onların taleyi barədə ailələrini məlumatlandırmağa çağırır. Bu kontekstdə, qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.

Qətnamədə, eyni zamanda, BMT Baş katibindən Baş Assambleyanın 73-cü sessiyasına (2018-ci il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunur.

2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə "İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib və dövri əsasda iki ildən bir qətnamə yenidən irəli sürülür.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru, millət vəkili Elman Nəsirov öz özlüyündə BMT-nin Baş Assambleyasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər” adlı qətnamənin qəbul olunması müsbət hadisədir: 


"Ən azından ona görə ki, BMT kimi universal beynəlxalq təşkilat tərəfimizdən qaldırılan məsələlərə reaksiya verir və problemin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi rezidentini yaradır. Bu nöqteyi-nəzərdən yanaşsaq, "İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi təqdirəlayiqdir. Amma əsas olan qərarların cəlbediciliyi yox, onların icra mexanizmidir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzaladığı 4 qətnamənin aqibəti bizə bəllidir. Həmin qətnamələrə görə, işğalçı Ermənistanın silahlı qüvvələri qeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarını tərk etməlidir. Üstündən 23 il keçməsinə baxmayaraq hələ də həmin qətnamələr icra olunmur. Amma BMT Təhlükəsizlik Şurası Liviya ilə bağlı qətnamə qəbul edəndən iki saat sonra onun icrasına başlanıldı. Bu isə sözügedən qurumun iki standart yeritməsindən xəbər verir”.

Şəymən