“Hər bir cəmiyyət rifah içərisində yaşamaq istəyirsə, məlumatlı olmalıdır. Cəmiyyət məlumatlı olmasa, şəffaflıq olmayacaq, korrupsiya olacaq”
Jurnalistika ön cərgədə olmaq istəyirsə, operativ olmalıdır
Beynəlxalq ekspertlər Sosial media jurnalistikası ilə əlaqədar kursların keçirilməsini vacib sayırlar
“Hər bir cəmiyyət rifah içərisində yaşamaq istəyirsə, məlumatlı olmalıdır. Cəmiyyət məlumatlı olmasa, şəffaflıq olmayacaq, korrupsiya olacaq”
“Hər bir cəmiyyət rifah içərisində yaşamaq istəyirsə, məlumatlı olmalıdır. Cəmiyyət məlumatlı olmasa, şəffaflıq olmayacaq, korrupsiya olacaq”
Dünən Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində "Multimedianın gələcəyi
üçün jurnalistlərin təlimi” mövzusunda sessiya keçirilib.
Sessiyaya Ərəb Xəbər Agentlikləri Alyansının (FANA) baş katibi Fərid Əyar moderatorluq edib.
Çıxış edən "DMA Media” şirkətinin təlimlər üzrə direktoru Coan Lin Veir hazırda mobil
jurnalistikanın geniş yayıldığını bildirib: "Sosial media jurnalistikası ilə əlaqədar kursların
keçirilməsi vacibdir. KİV bu sahəyə sərmayə qoymalı, gənc jurnalistlər üçün bu mövzuda kurslar
təşkil olunmalıdır”.
"Etik qaydalara riayət edilməlidir”
Fransanın "France Press” (AFP) agentliyinin qlobal xəbər departamentinin üzvü Erik Vişart isə
deyib ki, yüksək peşəkarlığa malik olmayan gənclər media sahəsinə sosial media vasitəsi ilə
qədəm qoyurlar: "Bu gənclərə təlimlər keçirilməlidir ki, xəbər, reportaj hazırlayarkən hansı
məqamlara diqqət yetirməli olduğunu bilsinlər. Bu jurnalistlər xəbər və reportajlarda
göstərilməsi tövsiyə edilməyən, qurbanların ailələrinə mənfi təsir edən şəkillər barədə məlumatlı
olmalıdırlar. Türkiyə mediasının dənizdə boğularaq həyatını itirmiş Aylan adlı suriyalı qaçqın
uşağın fotoşəkillərini KİV geniş istifadə etdi. Tarixdə belə fotoşəkillər nadir hallarda olur. Bu
fotoşəkil dünya ictimaiyyətinin miqrant probleminə diqqəti artırdı”.
"Bu gün smartfonlar əsas xəbər mənbəyi rolunu oynayır”
Meksikanın "Notimex” agentliyinin baş icraçı direktoru Alexandro Romos Eskivel
texnologiyada böyük dəyişikliklər olduğunu, internetin qlobal dəyişikliyə yol açdığını söyləyib:
"Bu gün smartfonlar əsas xəbər mənbəyi rolunu oynayır. Televiziya və radio dinləyicilərinin sayı
azalır, ənənəvi media qurumlarının gəliri azalır. Bu o deməkdir ki, ənənəvi media aradan çıxır.
Jurnalistlər rəqəmsal texnologiyaya yiyələnməlidir. Bu gün dünya biri-birinə çox bağlıdır.
Meksikada rəqəmsal ekosistem yaratmışıq. Bu, xəbər agentliyinin yeniliklərlə bağlı xəbər
hazırlayarkən yeni üsullardan istifadə etməsini şərtləndirir. Eyni zamanda bunun sayəsində bizim
agentliyin dünyanı əhatə etməsi də genişlənir. Jurnalistlərə təlimlər keçirik, yeni texnologiyaları
öyrədirik ki, yeni mənbələrə və istifadəçilərə çıxış əldə etsinlər. Biz ali məktəb tələbələri ilə
görüşlər keçiririk və ən bacarıqlıları işə dəvət edirik. Onlar böyük jurnalist olacaq”.
"Xəbər agentlikləri arasında daim əlaqələrin və təmasların saxlanmasının tərəfdarıyıq”
"Los-Angeles Times” qəzetinin icraçı direktorunun müavini Skot Kraft bildirib ki, ABŞ-da son
seçkilər zamanı jurnalistlər böyük rol oynayıb: "Əvvəllər çap media orqanları üstünlük təşkil
edirdisə, indi hər bir jurnalistdən daha sürətli işləmək tələb olunur. Operativlik proqramını tərtib
etmişik. Həmin proqram jurnalistlə yanaşı, fotomüxbir və operatora da aiddir. Baş verənlər daha
tez səhifələrə yerləşdirilməlidir. Siyasi sahədə köklü hadisə baş verirsə, onun ön səhifəyə
qoyulmasına deyil, həmin hadisənin dərindən araşdırılıb daha düzgün məlumatın yayılmasına
çalışırıq. Əgər biz ön cərgədə olmaq istəyiriksə, operativ olmalıyıq. Seçki kimi böyük siyasi
hadisə, terror hücumları olursa, onlar həmin günlər ərzində çap mətbuat orqanlarının ön
səhifəsində olur. Xəbər agentliklərinin müxtəlif şöbələrinin rəhbərləri bir araya gəlib bəzi
məsələlərdə birgə çalışmalıdır. Xəbər gündəlik əsaslarla təkmilləşdirilməlidir. Xəbərin dəyərinə
gəldikdə, bunu vacib hesab edirik. Biz xəbər agentliklərinin arasında daim əlaqələrin və
təmasların saxlanmasının tərəfdarıyıq. Medianın irəliyə doğru aparılmasında bu əsas məqamdır.Hər hansı proses baş verirsə, ona əvvəlcədən hazır olmalı, şablonlardan istifadə etməklə, düzgün
kontekstə uyğun xəbər hazırlayıb tez bir zamanda yaymalıyıq”.
"Jurnalistlərin təlim prosesi bir nömrəli tapşırıqdır”
UNESCO baş direktorunun müavini Qetayçyu Enqida isə qeyd edib ki, jurnalistikada qlobal
dəyişiklik başlayıb: "Jurnalistlərin təlim prosesi dəyişib. Biz ənənəvi jurnalistikadan
kənarlaşmalıyıq. Yeni texnologiyaların inkişafı təhlükəsizlik məsələsini ortaya çıxarır.
Jurnalistlərin təlimi ilkin baza biliklərindən başlanmalıdır. UNESCO bununla bağlı kifayət qədər
təlimlər keçirir. Medianın azadlığı mülki təhsillə başlayır. Onlar ilk növbədə vətəndaş, sonra isə
jurnalistdirlər. Jurnalistlərin təlim prosesi bir nömrəli tapşırıqdır. Onlar qeyri-düzgün
informasiyanın qarşısını almağa çalışmalı, xəbərlər dəqiq şəkildə səhifələrə yerləşdirilməlidir.
Mükəmməl jurnalistika təhsili bu problemlərin qarşısını almağa kömək edir. Biz davamlı inkişaf
mühitində yaşadığımız üçün bu mühitə uyğunlaşmalıyıq. Bu, asan iş deyil. Təhsil sistemi
dəyişib, uşaqlarımız maraqlı təhsil prosesi ilə üzləşirlər. Bu gün təhsil sistemi də dəyişib, biz
inkişaf etmişik”.
"BMT-nin jurnalistlərlə bağlı 22 saylı qətnaməsinin icrasına çalışmalıyıq”
"Tripoid Advisors” media şirkətinin təsisçisi və icraçı direktoru David Şlesinger deyib ki,
jurnalist əsgər, qələm hədə, kamera isə silah deyil: "Bəziləri jurnalistlərin həqiqəti əks
etdirməsindən qorxur. Jurnalistlər oğurlanır, girov götürülür, informasiyaya çıxışları bağlanır,
şəffaflıq itir. Uduzan isə cəmiyyət olur. Hər bir cəmiyyət rifah içərisində yaşamaq istəyirsə,
məlumatlı olmalıdır. Cəmiyyət məlumatlı olmasa, şəffaflıq olmayacaq, korrupsiya olacaq. Bəzi
liderlər mətbuat konfranslarından yayınır. Bəzi hökumətlər jurnalistlərə müdaxilə edir. Bəzi
jurnalistlər korrupsiyanı açdığına, müharibədən, idmandan yazdığına görə öldürülür. Bu qətllərin
əksəriyyəti lazımınca araşdırılmır. Biz bu Konqresdə üzərimizə öhdəlik götürməliyik ki, belə
hallara qarşı həssas olacağıq. Bloqqerləri müstəqil reportyorlar kimi qəbul etməliyik. Müstəqil
jurnalist mətbuat konfransına buraxılmırsa, bu, bizə qarşı addımdır. BMT-nin jurnalistlərlə bağlı
22 saylı qətnaməsinin icrasına çalışmalıyıq və bu sahədə siyasətçilərə fikirlərimizi çatdırmalıyıq.
Tərəqqi üçün şəffaflıq vacibdir. Media həqiqəti, şəffaflığı təmin etməlidir”.
"Məxfi məlumatlar xəbərlərin hazırlanmasında çox vacibdir”
Macarıstandakı Mərkəzi Avropa Universitetinin Avropa Qonşuluq Araşdırmaları Mərkəzinin
insan hüquqları departamentinin rəhbəri Mikloş Haraşti bildirib ki, 1980-ci illərdə dövlətlər bəzi
məlumatları dövlət sirri kimi təqdim edib, açıqlamayıb: "Sonra demokratik dövlətlər bu
informasiyaları açıqladılar, şəffaf cəmiyyət qurmağa başladılar. Bəzi dövlətlərdə isə əks proses
getdi. Ancaq internetin inkişafı bu sahədə sərhədləri aradan qaldırdı. Biz tərəddüd etmədən
senzuraya qarşı mübarizə aparmalıyıq. Senzura həm də bəzi informasiyaların məxfilik donu
geyindirilərək gizlədilməsidir. Məxfi məlumatların yayılması ilə bağlı cinayət məcəllələrində
maddələr yer alır. Ancaq "Wikileaks” saytı məxfi sayılan məlumatları yaydı. Məxfi məlumatlar
xəbərlərin hazırlanmasında çox vacibdir. Bəzi ölkələrdə xəbər agentliklərinə münasibətdə
akkreditasiya və digər məsələlərdə ayrı-seçkilik də müşahidə olunur. Agentliklər, jurnalistlər
insan haqları sahəsində araşdırma aparırlar. Həmin jurnalistlər müxtəlif bəhanələrlə həbs
edilməməlidir”.
"Həmrəylik bizim əngüclü silahımızdır”
Bolqarıstan BTA agentliyinin baş direktoru Maksim Minçev informasiya agentliklərinin yeni
çağırışla üzləşdiklərini vurğulayıb: "Münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyinin təmin
edilməsi sualına birmənalı cavab vermək çətindir. Jurnalistlərin münaqişə zonasında fəaliyyəti
şəxsi azadlığını çərçivəyə salır, həyatına təhlükə yaradır. Həmrəylik bizim ən güclü
silahımızdır”.
"AzərTAC”ın Almaniya üzrə xüsusi nümayəndəsi Vüqar Seyidov münaqişə zonalarında çalışan
jurnalistlərin işinin daha ağır olduğunu söyləyib: "Münaqişə zonasına gedən jurnalistlərə təlim
keçilməlidir. Tam olmasa da, bu, münaqişə zonalarında jurnalistlərin nisbətən təhlükəsiz
fəaliyyətinə zəmin yaradar”.
"Jurnalistlərin təhlükəsizliyi təmin edilməlidir”
Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimində BMT baş katibi Pan Gi
Munun müraciəti oxunub. Baş katib müraciətində bildirib ki, ifadə azadlığı qlobal yol xəritəsi
üçün vacibdir: "Xəbər agentlikləri informasiyaların yayılmasında mühüm rol oynayır. İnternet
sayəsində daha çox insan informasiya yaya bilir. Səhv informasiyaların yayılması münaqişələrə,
nifrətə zəmin yaradır. Çəkinmədən obyektiv informasiyalar yaymaq vacibdir. Azad mediaya
dəstək artırılmalıdır. Senzura və jurnalistləri qorxutma ifadə azadlığını sual altına qoyur. Ötən
dövrdə 827 jurnalist qətlə yetirilib. Jurnalistlərin təhlükəsizliyi təmin edilməlidir. Dünyada
ənənəvi və yeni jurnalistlər hədələnir, onlar həbs olunur. Bir çox hallarda bu, hökumətlərin
razılığı ilə baş verir. Hökumətlər, BMT bu sahədə öhdəlik götürməlidir”. P.G.Mun Konqresin
təşkilinə görə Azərbaycana təşəkkür edib.
"Hamını plagiatlığa qarşı mübarizəyə səsləyirik”
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində bəyannamə qəbul edilib.
Bəyannamədə vurğulanıb ki, rəqəmsal erada müstəqil və qərəzsiz xəbərlər verilməli,
jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır: "İnformasiya cəmiyyətində universal dəyərlərə,
qanunun aliliyinə, irqi və etnik müxtəlifliyə hörmət media fəaliyyətində başlıca şərtdir. Hamını
plagiatlığa qarşı mübarizəyə səsləyirik. Qərəzli məlumatların qarşısının alınmasında hamının
səylərini birləşdirməyə çağırırıq. Bəyannamədə Konqresin növbəti iclasının 2017-ci ildə
Bolqarıstanın Sofiya şəhərində keçiriləcəyi əksini tapıb.
İsmayıl