Jurnalistikanı seçənlərə daha bir şərait yaradıldı





"Jurnalistika üzrə magistratura imtahanlarına qeydiyyat prosesinin vaxtı uzadılıb."
Bu barədə "Sherg.az”a Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. Sənəd qəbulu mayın 1-i saat 9:00-a qədər davam edəcək:

"Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplamış bütün bakalavrlar jurnalistika ixtisasını seçə bilərlər. Qeydiyyatdan keçən bakalavrlar 2018-ci il mayın 7-dən 11 dək qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika ixtisası üzrə qeydiyyatdan keçmək üçün Dövlət İmtahan Mərkəzinin elektron saytında bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq, sorğu anketini doldurmaq vacibdir. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2018-ci il mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Beləliklə, qeydiyyatı nəzərə alınan tələbələr 2018-ci il mayın 7-dən 11-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak edə bilərlər”.

Qeyd edək ki, hazırkı göstəriciyə əsasən, jurnalistika ixtisası üzrə magistratura imtahanına 10 nəfər qeydiyyatdan keçib. Bu bakalavrlardan 9-u Azərbaycan bölməsi, 1-i isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

Aysel Aslan