Karlovun qətli Rusiya - Türkiyə arasındaki bəzi məsələləri ləngitdi - GİZLİNLƏR AÇILIR




Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan ilk olaraq təhlükəsizlik məsələlərindən danışacaq.


Bunu Sherg.az-a Rusiya və Türkiyə prezidentlərinin planlaşdırılan növbəti görüşündən gözləntilərini danışarkən, politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu ilin ilk rübündən belə bir səfər planlaşdırılırdı və hazırlıq işləri aparılırdı:

"Xüsusilə, Türkiyə baş naziri Binəli Yıldırımın Rusiya səfəri bir növ hazırlıq mərhələsi idi. Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi iki dövlət arasındakı planlarda bir qədər dəyişikliyə səbəb oldu. Gələn il baş tutacaq səfərdə təhlükəsizlik tədbirləri ilə bağlı məsələlər ön plana çıxarılacaq. İkitərəfli əlaqələrin yaxşılaşdırılması üçün vacib olan məsələlər də müzakirə olunanlar sırasında olacaq. Eyni zamanda Suriyadakı vəziyyət, bölgədəki ikitərəfli iqtisadi layihələr, əməkdaşlıq məsələləri müzakirə ediləcək".

Rusiya səfiri Andrey Karlovun Ankarada vurulmasına gəlincə, İ Vəlizadə qətlin mənfi təsirlərinin olduğunu deyib: 

"İki ölkə arasında son iki ay ərzində viza rejiminin sadələşdirilməsi barədə təkliflər hazırlanırdı. Lakin bu qətlin törədilməsi viza məsələlərinin qaydaya salınmasını ləngitdi. Son vaxtlar Rusiya tərəfi də öz vətəndaşlarını Türkiyə səfərlərində ehtiyatlı olmağa çağırıb. Bütün hallarda hazırlanan sənədlərdə mərhum səfir birbaşa iştirak edirdi. Onun ölümü ilə bu proseslər də ləngiyib. Hazırda hər iki ölkə fərqindədir ki, əməkdaşlığı yeni müstəviyə qaldırmaq və öncə təhlükəsizlik məsələlərini ön plana çəkmək lazımdır. Həyata keçirilən layihələr milyon dollarla ölçülür. Onların təhlükəsizliyinə təminat verilməldir ki, bu milyonlar batmasın. Ona görə, növbəti görüşlərdə Putin və Ərdoğan bunu daha ciddi müzakirə edəcəklər".

Qeyd edək ki, Rusiya və Türkiyə dövlət rəhbərlərinin növbəti görüşü yanvar ayında Qazaxıstanın paytaxtı Astanada baş tutacaq.