"Kəndlərdə belə yol hərəkəti qaydalarına əməl edilməlidir" - AÇIQLAMA



"Gəncədə, o cümlədən digər şəhər və rayonlarda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilməsi qaydaların yalnız paytaxta aid olmadığına dair cəmiyyətə xatırlatmadır".

Bunu Sherg.az-a Gəncədə yol hərəkəti qaydalarını pozan 70-ən artıq piyadanın saxlanılaraq inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə, rayonlarda da yol hərəkəti qaydalarına riayət etməyən şəxslər məsuliyyətə cəlb edilib, cərimələnirlər:

"Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Yol hərəkəti qaydaları da yalnız paytaxta aid olmadığına görə, bölgələrdə, hətta kəndlərdə belə yol hərəkəti qaydalarına riayət edilməlidir. Bu istiqamətdə şəhərlərdə və rayon mərkəzlərində reydlər keçirilməsi ilə, bir daha bəyan edilir ki, hörmətli hərəkət iştirakçıları bu ölkədə hər yerdə eyni qanun hökm sürür, harada olmağınızdan asılı olmayaraq, onlara riayət edin. Bunun maarifləndirici əhəmiyyəti də var ki, insanlara qaydaları pozmamaqları dəfələrlə xatırladılır”.

Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının şəhərin intensiv hərəkətli küçələrində keçirdikləri reyd zamanı 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Ayyət Əhməd