"Kərə yağı bazarı həddindən artıq çirklənib" - Qida Təhlükəsizliyi Agentliyi buna son qoyacaq





"Azad İstehlakçılar Birliyi bir müddət əvvəl Yeni Zellandiyada Azərbaycana gətirilən kərə yağı ilə bağlı araşdırma aparıb”.

Bu sözləri "Sherg.az”a birliyin sədri Eyyub Hüseynov söyləyib. O diqqətə çatdırıb ki, Yeni Zellandiyadan ölkəmizə gətirilən kərə yağı normal, standartlara uyğundur:

"Azərbaycan dilində markalanmış etiketlərə bükülən kərə yağı elə ölkənin özündə zavodda hazırlanır. Bununla da həmin yağın keyfiyyəti ilə bağlı şübhə qalmadı.

Buna baxmayaraq, kərə yağı bazarı həddindən artıq çirklənib. Qarışıq yağlar, marqarinlər, piy yağları qarışdırılmış kərə yağları əhaliyə satılır. Ona görə, insanlar kərə yağı alarkən diqqətli olmalıdırlar. Kərə yağını ilk öncə sıxmaq lazımdır. Hansı yağ daha bərkdirsə, deməli təmiz kərə yağıdır. Kərə yağını kəsərkən parçalanıb tökülməlidir. Azərbaycanda kərə yağının ekspertizası həddindən artıq çətindir.

Fikrimcə, yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə son qoyacaq”.

Qeyd edək ki, son zamanlar qiymətinin artması ilə əlaqədar bazarlarda saxta kərə yağları artıb. Bununla bağlı şikayət edən istehlakçılar ucuz qiymətə satılan, təbii olmayan kərə yağlarının ayırd etməkdə çətinlik çəkir.

Aysel Aslan