Kılıçdaroğlu niyə Muharrem İncenin namizədliyini irəli sürüb? - Aktual Şərh





"Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlu Türkiyədə baş tutacaq növbədənkənar prezident seçkilərində öz namizədliyini irəli sürsə, Rəcəb Tayyib Ərdoğana məğlub olacaq”.

Bu barədə "Sherg.az”a CXP-nin tanınmış siyasi fiquru Muharrem İncənin prezident seçkilərində namizədliyinin irəli sürülməsi səbəblərini izah edərkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, K.Kılıçdaroğlu R.T.Ərdoğana uduzacağı təqdirdə, partiya liderliyindən istefa vermək məcburiyyətində qalacaq:

"O isə istefa vermək istəmədiyinə görə, başqasının namizədliyini irəli sürdü. M.İncə məğlub olsa, K.Kılıçdaroğlunun rəqibi kimi sıradan çıxacaq. Ola bilər, M.İncə kifayət qədər səs toplayıb, Ərdoğana məğlub olsun. Bu zaman o, gələcəkdə CXP liderliyinə iddiasını ortaya qoyacaq. Düşünürəm ki, M. İncənin məqsədi də elə CXP-lilər arasında nüfuzunu artırmaqdır”.

E.Şahinoğlu hesab edir ki, Türkiyədə keçiriləcək prezident seçkilərində indiki prezident R.T. Ərdoğan qalib gələcək:

"Buna baxmayaraq, hakim partiya prezident seçkilərində müəyyən qədər səs itirə bilər. Bu isə ölkədəki iqtisadi problemlərlə əlaqədardır. Ərdoğanın reytinqi yüksək olsa da, partiyanın səsləri azalıb. Bu da özünü prezident seçkilərində göstərə bilər”.

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri iyunun 24-də baş tutacaq.

Aysel Aslan