Artıq hamı elektron kitabxanaya üstünlük verir, bu yalnız para məsələsi deyilƏsəd Cahangir: “Nə elektron kitab oxuyanlar, nə də ənənəvi kitab tərəfdarları biri-birlərini inkar etməli deyillər”
Aqşin Evrən: "Kitabdan oxumaq və mənimsəmək daha rahatdır. Üstəlik, kitabdan oxu prosesinin özündə qəribə bir estetika var, həm də, bu yorucu deyil”
Qəşəm Nəcəfzadə: "Məşhur bir yazıçı, siyasi xadim, ya da mədəniyyət işçisi gənc şairin kitabını əlində tutub şəkil çəkdirsə, kitabın güclü reklamı olar”
Son zamanlar ölkəmizdə kitab oxuyanların sayı çox sürətlə azalmağa doğru gedir. Bir çoxları bunun səbəbini cəmiyyətimizdə internetin yetərli qədər böyük sürətlə yayılmasında görür. Bəziləri isə vaxtlarının məhdud olduğunu səbəb olaraq göstərir.
Maraqlısı isə budur ki, insanların müəyyən bir qismi kitab almaq üçün pul xərcləmək istəmirlər. Bunun üçün də, hazırda elektron kitabxanalardan istifadə edənlərin sayı artmaqdadı. Düzdür, elektron kitabxanalarda zaman və məkan məhdudiyyəti olmadığı üçün üstünlüklərə malikdir. Lakin müəyyən çatışmazlıqları da danılmazdır.
Tanınmış tənqidçi Əsəd Cahangir isə bildirib ki, kimə hansı formatda oxumaq rahatdırsa, o formatda mütaliə etməlidi. Kitabların olduqca uzun bir tarixi olduğunu deyən tənqidçi, hazırda elektronika əsri olduğunu da diqqətə çatdırıb: "Tarixən kitabları daş üzərində yazırdılar. Şumerlərdə olan mixi yazılar buna əyani sübutdur. Keçmiş dövrdə lülə şəklində olan kitablar da mövcud olmuşdu. Məsələn, antik yunanlarda və misirlilərdə belə kitablar olub. Aristotel və Platon kimi tarixi şəxsiyyətlər də əsərlərini bizim düşündüyümüz kitab şəklində deyil, uzun və lülə kağızlarda yazırdılar. Sonra isə kitabın yeni bir mərhələsi gəldi. Təxminən 14-15-ci əsrlərdə kitablar indiki şəklini aldı və cildlənməyə başladı. Bunların da ömrü 6-7 əsr sürür və bu günə qədər də davam edir. Yaşadığımız dövrdə kağıza yazılan və cildlənən bir şeyə kitab deyirik. Biz belə düşünürük ki, kitabın forması ancaq cild şəklində olmalıdı. Halbuki hər zamanın öz idrakına, elminə və tepminə uyğun kitablar olub. Daş kitabələrdə nəsə oxumaq təbii ki, bizim üçün çox qeyri-adi və mümkünsüz olar. İndiki dövr artıq elektronika və kosmos əsridi. Bu dövrün də özünəməxsus kitabları var. Bunlar elektron kitabxanalardadır”.

Hər kəsin elektron kitabxanalara uyğunlaşa bilmədiyini deyən tənqidçi, xüsusilə yaşlı nəslin ənənəvi kitabı müdafiə elədiyini vurğulayıb: "Amma gənclər yeni dövrdə dünyaya göz açıblar. Onların düşüncəsi elektron formata uyğundur və bu formatda da mütaliə edirlər. Lakin nə elektron kitab oxuyanlar, nə də ənənəvi kitab tərəfdarları biri-birlərini inkar etməli deyillər. Bir həqiqət var ki, artıq cəmiyyətdə elektron kitaba maraq daha çoxdur. Çünki, o getdikcə güclənməkdə olan yönü və artmaqda olan bir meyli təmsil edir. Kitabın bütün tarixi formaları tədricən aradan qalxıb öz yerini qarşıdan gələn formaya verir. Bu gün elə bir dönəmdə yaşayırıq ki, ənənəvi formada cildlənmiş kitab elektron kitaba təhvil verilir. Bütün çətinliklər bundan irəli gəlir ki, bir format hələ tam aradan qalxmayıb və o biri format özünü hələ təsdiq etməyib”.
Gənc yazar Aqşin Evrən isə kitab almaq üçün gənclərin pulu olmadığına inanmadığını deyib: "Hansı formatda oxumağın fərqi yoxdu, ya planşetdən oxuyurlar, ya da gil lövhələrdən. Əsas nəticə cəmiyyətin nəsə oxumağıdı.
Təbii ki, istərdim, kitabdan oxusunlar. Çünki kitabdan oxumaq və mənimsəmək daha rahatdır. Üstəlik, kitabdan oxu prosesinin özündə qəribə bir estetika var, həm də, bu yorucu deyil. Kitaba pul vermək məsələsinə gəlincə isə Azərbaycan gənci və yaşlısı məni inandıra bilməz ki, onun kitab almağa pulu yoxdur. Şəhərdə sorğu keçirsəniz görərsiniz ki, gənclərimiz təkcə həftədə siqaretə 20 manatdan çox pul xərcləyir. Bu bir aya az qala 100 manat edir. Ayda 100 manat siqaretə, kosmetikaya pul tapırlar, kitab üçün 10 manat tapa bilmirlər?! Heç kimi məcbur etmək olmaz , kitab oxumaq mənəvi zənginlikdir, kamillik məsələsidir. Təki heç olmasa, elektron formada oxusunlar. Hər kəsə təklif edirəm ki, gecə yatağına uzananda telefonda axtarış verib bir hekayə tapsın və həmin hekayəni oxuyub yatsın. Bu, onun cəmi 20 dəqiqəsini alacaq, amma çox şey qazanacaq!”.
Elektron formada mütaliədən istifadə etməsinə baxmayaraq, bununla razılaşmadığını deyən publisist və şair Qəşəm Nəcəfzadə bildirib ki, mütaliənin güclənməsi üçün reklam da əsas şərtdir: "Elektron kitabxanalar artıq dövrün bizə diktə elədiyi bir vasitədir. Evimdə özümə aid bir kitabxana var. Bu kitabları mən öz mülkiyyətim hesab edirəm. Elə bir kitablar olub ki, onun elektron variantını da oxumuşam. Elektron kitabxananın bir sıra çatışmazlıqları var. İnternet kəsiləndə, ya da sayt pozulduqda kitabın elektron variantı itmiş olur. Amma kitab bir xəzinə kimi qalır. Sovet adamı olduğum üçün oxumaqda daha çox kitaba üstünlük verirəm. Demək olar ki, ən çox qəzetlərin materiallarını internetdən oxuyuram. Artıq özümdə də şübhələr olduğunu hiss edirəm. Çünki getdikcə elektron formatlardan istifadəni çoxaldıram. Lakin əvvəllər elektron kitabları qəbul edə bilmirdim. İndi internet həyatımıza və məişətimizə daxil olub. Üstünlüyü kitablara versəm də, baxıram ki, getdiyim yol elektron yoldur. Bundan bir az narahatam”.
Q.Nəcəfzadə də mütaliənin getdikcə azalma səbəbi kimi maliyyə problemi olmadığını söyləyib: "Bu, dövr və zamanla bağlı olan bir məsələdi. İnsanların üslubu belədir. Hər şeyə pul tapırlar, amma bir kitab onların xərclədiyi pulun onda biri deyil. Kitab almaq mədəniyyəti və əxlaqı formalaşmalıdı. Bu da təəssüf ki, çox azdır. Düşünürəm ki, kitabların reklamının zəif olması da mütaliənin azalmasına gətirib çıxarır. Məsələn, məşhur bir yazıçı, siyasi xadim, ya da mədəniyyət işçisi gənc şairin kitabını əlində tutub şəkil çəkdirsə, kitabın güclü reklamı olar. Kitabın satılması və mütaliəsi üçün güclü vasitə olmalıdır. Belə bir reklamlardan istifadə olunsa, olduqca keyfiyyətli bir nəticə yarana bilər. Amma danılmaz bir faktdır ki, hazırda elektron kitabxana ənənəvi kitabları üstələyir. Elektron kitabları oxusam da, qəbul edə bilmirəm”.
Yeganə Bayramova