Klan laxlayıb...

Ermənistanda hakimiyyətə Qərbyönlü qüvvə gəlsə, Qarabağ prosesi dəyişəcək




Amma görünən odur ki, Moskva İrəvandan əlini üzmək istəmir

Ermənistandakı hadisələrin gedişatı fonunda ən çox gündəmə gətirilən məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu yöndə bir çox təhlillər səsləndirilir, müzakirələr aparılır.

Ötən gün rusiyalı tanınmış analitik və tarixçi-alim Oleq Kuznetsov iddia edib ki, Rusiya təsirinin Ermənistandan vurulub çıxarılması obyektiv olaraq Kremlin Cənubi Qafqaz siyasəti üçün iki ciddi nəticə doğuracaq. Ekspertin sözlərinə görə, ilkin olaraq erməni lobbisinin Rusiyadakı daxili siyasi proseslərə təsiri kəskin şəkildə azalacaq. Bu isə Rusiya hakimiyyətində iki əsas erməni lobbisinin - Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və xarici işlər naziri Sergey Lavrovun vəzifədən getməsi ilə nəticələnəcək. Bundan sonra Azərbaycan Cənubi Qafqaz məkanında Rusiyanın mehriban qonşuluq münasibətlərində olduğu yeganə ölkə kimi qalacaq. Bu halda ehtimal olduqca böyükdür ki, Moskva Azərbaycanı öz ərazilərini işğaldan azad eləməyə və "Arsax” terrorçu-qondarma dövləti məhv eləməyə stimullaşdıracaq. Bunun ardınca isə Moskva-Bakı-Ankara regional təhlükəsizlik üçbucağı qurulacaq və Güney Qafqaz, nəhayət ki, sabitliyə və təhlükəsizliyə qovuşacaq. Əlbəttə, bütün bunlar sadəcə rusiyalı tarixçi və analitikin proqnozlarıdır, ancaq reallıqla əlaqəsi kifayət qədər güclü olan təhlillərdir. Şübhəsiz ki, iddiaların nə dərəcədə real olacağını yaxın zaman göstərəcək.

Bölgədəki prosesləri "Şərq”ə dəyərləndirən "Cənubi Qafqaz Təhlükəsizlik və Sülh” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda baş verən "məxməri inqilab” bu ölkədə Rusiyaya bağlı Serj Sarkisyan klanını laxladıb. Analitikin fikrincə, "Yelk” fraksiyasından olan deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etirazlar respublikaçılar partiyasının hakimiyyətinə son verməyə hesablanıb:

 "Əgər, respublikaçılar partiyası hakimiyyətdən gedərsə və başqa bir qüvvə hakimiyyətə gələrsə, Rusiya ilə münasibətlər və xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proses dəyişə bilər. Ancaq Ermənistanda hakimiyyətə gələcək qüvvə mütləq mənada Qərbyönlü olmalıdır. Kuznetsovun fikirləri Azərbaycanın maraqlarına söykənir və bu ssenarinin reallaşması təbii ki, bizim də istəyimizdir. Ermənistanda Qərbpərəstlərin hakimiyyəti ələ alması Rusiyaya məxsus bazaların bu ölkədən çıxması anlamına gəlir. Heç kimə sirr deyil ki, Rusiya proseslərə qarışmazsa, işğal olunmuş ərazilərimiz dərhal azad olunar”. Politoloq bildirib ki, Kuznetsovun strateji ideyası mükəmməl olsa da, reallaşması inandırıcı deyil. Çünki Rusiya Ermənistandakı hadisələrə çevik surətdə qarışmağa başlayıb: "Erməni rəsmilər Kremlə, rus rəsmilər İrəvana göndərilib. Bu, göstərir ki, Moskva Ermənistandan əlini üzmək istəmir. Ümumiyyətlə, Rusiyanın öz forpostu Ermənistanı asanlıqla Qərbə təhvil verəcəyi mümkünsüzdür. Ukrayna və Gürcüstan əldən çıxıb, Moldova da Rusiyadan uzaqlaşıb. Əgər Ermənistan da əldən gedərsə, Rusiya Cənubi Qafqazdan birdəfəlik çıxmaq məcburiyyətində qalacaq. Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması isə Azərbaycan ərazilərinin tezliklə geri alınması anlamına gəlir”.

İsmayıl