Ermənistanda sabiq prezident Robert Koçaryanın məhkəmə qərarı ilə həbsdən buraxılması ölkəni qarışdırıb. Baş nazir Nikol Paşinyan məhkəmənin Koçaryanla bağlı qərarına etiraz edərək insanları küçələrə səsləyib. Paşinyan inqilabın "ikinci mərhələsinin” başladığını elan edərək, tərəfdarlarını məhkəmələri blok etməyə çağırıb. Baş nazirin çağırışı əsasında tərəfdarları məhkəmə binalarına giriş və çıxışları bağlayıblar. Etirazçılara Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan da qatılıb. Məhkəmələrin qarşısına toplaşanlara müraciət edən Paşinyan çağırışlarına reaksiya verənlərə təşəkkürünü bildirib: "Xalqım, utancaq olma! Evdən çıxarkən çətirləri unutma.
Ümid edirəm ki, yağışın altında xəstələnməyəcəksiniz. Sizi sevdiyimi, sizinlə fəxr etdiyimi və qarşınızda baş əydiyimi demək istəyirəm”. Baş nazir Ermənistanın həbs edilmiş ikinci prezidenti Robert Koçaryanın azad edilməsinə görə məhkəmələri ittiham edib və həmin hakimləri rədd edəcəyinə söz verib: "Ermənistanda formalaşan hökumətə və parlamentə xalqın etibarı tamdır. Son hadisələr Ermənistanda xalqın etibar etdiyi məhkəmə hakimiyyətinin olmadığını göstərir. Vətəndaşların haqlarını pozan qərarlar verən bütün hakimlər qovulmalı və ya istefaya getməlidir”.
Paşinyan hazırkı məhkəmələrin əvvəlki korrupsiyalaşmış sistemin qalığı olduğunu deyib. Baş nazir məhkəmələrə bundan öncə öz dəyərlərinə qayıtmaq üçün bir il vaxt verildiyini, amma indi məhkəmələrə cərrahi müdaxilənin vaxtının gəlib çatdığını bildirib.
Ombudsman Paşinyanı ittiham edib
Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə məhkəmələrə girişin bağlanılması ilə bağlı fövqəladə bəyanat verib. Dövlət başçısı insanları sakitləşməyə və Konstitusiyaya hörmət etməyə çağırıb. O, məhkəmələrin də şəffaf fəaliyyət göstərməsinin vacib olduğunu deyib. Ermənistanın Ombudsman Aparatının rəhbəri Arman Tatoyan isə bildirib ki, respublikanın bütün məhkəmələrinin giriş və çıxışlarına maneə törətmək barədə Ermənistan baş nazirinin çağırışı və ya bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəlidir. Ombudsman Nikol Paşinyanın bu çağırışını məhkəmələrin işinə müdaxilə adlandırıb və onu ölkədə sabitliyi pozmaqda ittiham edib: "Mən Ermənistan vətəndaşlarını məhkəmələrin binalarını bloklayan tədbirlərdən çəkinməyə çağırıram, əks halda hansısa bir gərginliyin baş verəcəyini istisna etməməliyik. Sosial şəbəkələrin monitorinqi göstərir ki, vətəndaşlar biri-birlərinə qarşı ən yüksək dərəcədə dözümsüzlük nümayiş etdirirlər, biri-birlərini təhqir və təhdid edirlər. Bu, ölkənin insan haqlarının müdafiəsi baxımından təhlükəlidir”.
Katolikoslar Paşinyana səsləndi
Qarışıqlıq zamanı Nikol Paşinyanla Böyük Kilikiya Evinin katolikosu I Aram arasında telefon danışığı olub. Paşinyan ölkədə baş verən son proseslərlə bağlı Aramı məlumatlandırıb. Bütün ermənilərin katolikosu II Qaregin də baş verən hadisələrlə bağlı məlumat yayıb. O, hər kəsi sakit olmağa və güc tətbiq etməməyə səsləyib.
Paşinyanın çağırışına neçə nəfər qoşuldu? – Rüsvayçı rəqəm
Ermənistanın Vətəndaşların Məlumatlandırılması İttifaqı Paşinyanın məhkəmələrlə bağlı aksiya çağırışına nə qədər insanın reaksiya verməsinə aydınlıq gətirib. Təşkilat məhkəmələr qarşısındakı aksiyalara hakim "Mənim Addımım” Blokunun deputatlarının nəzarət etdiyini müəyyən edib. Belə ki, şəhərin Kentron və Nork-Maraş məhkəmələri qarşısında 300 etirazçı toplanıb və onların arasında deputat Narine Tuxikyan da olub. Digər məhkəmələrin qarşısını sadəcə 150 etirazçı kəsib. Erebuni və Nubaraşen məhkəmələri önündə isə 50 etirazçı olub.
Paşinyan populizmdən əl çəkməyəcək
Azadlıq Evi (Freedom House) təşkilatının xüsusi tədqiqatlar üzrə direktoru Neyt Şenken deyib ki, Paşinyan populizmdən yararlanmağa davam edəcək: "İnqilabdan sonrakı Ermənistanda təhlükə hər zaman var. Çünki ölkəni sürətli və davamlı formada transformasiya edə bilməyən Paşinyan onu hakimiyyətə gətirən populizmin üzərində dayanmağa davam edəcək”.
Ermənistandakı qarışıqlığı "Şərq”ə dəyərləndirən politoloq Elxan Şahinoğlu bildirib ki, Robert Koçaryanın gözlənilmədən həbsdən azad edilməsi "Qarabağ klanı”nın gücünü göstərir: "Ermənistanda bir hakim tapılmadı ki, Koçaryanın həbs müddətini uzatsın. Onun məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə "Qarabağ klanı”nın liderini həbsdən azad etməyə qərar verdi.

Çünki həmin hakim Koçaryan və onun arxasındakı güclərin hazırkı baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünür. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar çıxarıb. Politoloq ikinci səbəb kimi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü göstərib: "Koçaryanın həbsi onun dostu, Rusiya Prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, "dostumu azad et”. Paşinyan hər dəfəsində bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə Kremlin mesajını qulaqardına vurmadı. Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Koçaryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsidir. Üçüncüsü, Koçaryanın həbsdən azad edilməsi Ermənistanda Paşinyanla eks-prezident arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Koçaryan "Qarabağ klanı”nın əsas fiqurudur və iki gücün – Moskvanın və Xankəndindəki separatçıların dəstəyinə arxayındır”.
İsmayıl