Beş Xəzəryanı dövlətin razılığa gəlməsi qlobal əhəmiyyətli hadisədir
Rusiyanın "Krasnodarskiye izvestiye” portalının tanınmış şərhçisi Konstantin İzotyev öz məqaləsində Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanmasından yazıb. Sazişi analiz edən İzotyev maraqlı məqamlara təmas edib.
Müəllif vurğulayıb ki, imzalanan saziş regionda uzunmüddətli və qlobal irəliləyişlərə səbəb olacaq. Ancaq Ermənistan bu razılaşmadan ciddi problemlər qazanacaq. Təhlildə vurğulanıb ki, belə bir vaxtda regionda mühüm geosiyasi qərarlar Ermənistanın iştirakı olmadan qəbul edilə bilər: "Əgər belə davam edərsə, Dağlıq Qarabağın da taleyini İrəvansız həll ediləcəyi saat gəlib çatacaq”. Bir sıra ekspertlər də hesab edirlər ki, Xəzəryanı ölkələrin, xüsusən Rusiyanın rəsmi Bakı ilə sıx əməkdaşlığı təcrid olunan Ermənistana təzyiqləri daha da gücləndirə, münaqişənin həllini sürətləndirə bilər.
İzotyevin şərhini "Şərq”ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, Xəzər dənizinin hüquqi statusunun beş sahilyanı dövlət arasında həll edilməsi və Konvensiyanın qəbulu ölkəmizin milli maraqlarına cavab verir. Onun sözlərinə görə, həqiqətən də regional əhəmiyyətli proseslərdə Azərbaycan daima uğurla iştirak edir və bu kimi məsələlərdə öz milli mövqeyini əsas götürür: "Xəzər məsələsində ölkəmizin Rusiya ilə əməkdaşlığı imkan verdi ki, digər mübahisəli məsələlərin həllində birgə çalışılsın. Bu gün bölgədə Ermənistan blokada vəziyyətindədir, heç bir regional əhəmiyyətə malik lahiyələrdə yer almır. Çünki işğalçı ölkə beynəlxalq qanunları tanımır. Şübhə yoxdur ki, İran və Rusiya istəyərsə, Ermənistana təzyiq edə bilərlər. Çünki beş Xəzəryanı dövlət başçısının davam edən beynəlxalq böhran fonunda razılığa gəlməsi qlobal əhəmiyyətli hadisədir və bu, digər problemlərin həllində də presedent ola bilər. Məhz Dağlıq Qarabağ münaqişəsinin həlli də mümkün olan problemlərdən biridir. Rusiya istənilən ssenaridə Ermənistana təzyiq göstərərək, münaqişənin həllinə töhfə verə bilər”.
Analitikə görə, hazırda Moskva ilə Bakı arasında diplomatik etimad mühiti formalaşıb: "Bu etimad özünü Xəzərlə bağlı konvensiyada göstərdi. Hesab edirəm ki, bu konvensiyadan sonra Mosva-Bakı birgə əməkdaşlığı Qarabağ probleminin həllində irəliləyişə səbəb olacaq. Ermənistanla Rusiya arasında əlaqələrin gərgin olduğunu nəzərə alsaq, Moskvanın bu addımı regionda daimi sülh və əməkdaşlığa yol açacaq”.
İsmayıl