“Azərbaycan bundan sonra neft-qaz sektoruna daha əlverişli şərtlərlə investorlar cəlb edəcək”
Xəzəryanı ölkələrin prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı imzalayıblar. Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammitinin yekununda Xəzəryanı ölkələrin prezidentləri - İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulu Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Bundan əlavə, beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.
Konvensiyanın Azərbaycan üçün faydasını şərh edən politoloq-hüquqşünas Zaur İbrahimli Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasının Azərbaycan və digər bölgə ölkələri üçün çox əhəmiyyətli olduğunu deyib: "İlk növbədə ona görə ki, region ölkələri arasında Xəzər dənizinin dibinin, su səthinin bölünməsi, həmçinin naviqasiya, logistika imkanları, müdafiə və təhlükəsizlik baxımından mümkün münaqişələr və fikir ayrılıqlarına son qoyan sənəd imzlandı”.
O qeyd edib ki, bu sənəd regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə çox böyük töhfədir:
"Başqa vacib məqam, 5 ölkənin konsensusla qəbul olunan hüquqi sənədin imzalanması, Xəzərdə əməkdaşlığın daha da inkişaf etməsinə yeni imkanların açılmasıdır. Azərbaycan üçün də Xəzərin dibinin bölünməsi, təbii sərvətlərdən istifadə, ekologiya və logistika və naviqasiya, təhlükəsizlik məsələlərində yeni imkanlar yaranır. Azərbaycan artıq çoxdan bəri ikitərəfli müqavilələr imzalamaqla özü üçün müəyyən hüquqi baza yaratmışdı.
Həmçinin, Bakı hər dəfə Xəzərdə regiondan kənar hərbi qüvvələrin yerləşdirilməsi əleyhinə olduğunu bəyan etməklə bölgənin aparıcı ölkələrinin narahatlıqlarını anladığını bildirmişdi. Faktiki olaraq, Azərbaycan ikitərəfli müqavilələr və razılaşmalarla artıq qəbul olunan konvensiya üzrə konsensus əldə olunması üçün çox iş görmüşdü.
Konvensiya ilə bağlı qeyd edim ki, çox uzun müzakirələrdən sonra konsensus əldə olundu. Konsensus bütün tərəflərin müəyyən güzəştlərə getməsini nəzərdə tutur. Əks halda, bu sənəd imzalanmazdı. Amma ən başlıcası budur ki, Azərbaycanın əsas maraqları nəzərə alınıb. Bu da Xəzərin dibinin milli sektorlara bölünməsidir. Bakı üçün bu çox əhəmiyyətlidir və faktiki olaraq, ölkəmiz üçün əhəmiyyət kəsb edən neft və qaz yataqları olan sektorlara sahiblik suveren hüquq kimi tanınıb. Azərbaycan bundan sonra neft-qaz sektoruna daha əlverişli şərtlərlə investorlar cəlb edəcək. Çünki bundan əvvəl müəyyən risklərin olması bəhanə gətirilə bilərdisə, indi bu, mümkün olmayacaq”.
Şəymən