Koreyaya nüvə silahından daha çox ərzaq lazımdır

Kim Çen İnin yumşaq qərarları iqtisadi problemlərin ciddiliyindən xəbər verir



Şimali Koreyanın nüvə obyektlərini sökməyə başladığını əks etdirən peyk görüntüləri yayılıb. ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, bu addımlar Şimali Koreya lideri Kim Çen İnin Sinqapurdakı sammit zamanı Donald Trampa verdiyi sözləri tutduğunu göstərir: "Koreya tamamilə nüvəsizləşdirilməlidir. Cənab Kim buna söz verib. Bütün dünya BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri vasitəsilə bunu onlardan tələb edir.

Ancaq bir məsələni qeyd etmək istəyirəm. Biz cənab Kimin söz verdiyi kimi sınaq obyekti söküldüyü zaman orada müfəttişlərin olmasını tələb edirik”. Amerika Konqresində qanunvericilər də bu xəbərə nikbinliklə yanaşıblar: "Bu, Şimali Koreya rejiminin verdiyi sözləri yerinə yetirdiyinə dair ilk işarədir. Təsdiq edilə biləcək tam nüvəziləşdirmə ilə bağlı detallı planın olması ümidverici olardı. Amma bu da ilk addım olaraq müsbətdir”. Xatırladaq ki, iyunda keçirilən sammitdən sonra Tramp demişdi ki, Kim ona raket mühərriklərinin sınaqdan keçirildiyi obyektinin yaxın zamanda dağıdılacağına söz verib. Lakin onların əldə etdiyi razılıqda Şimali Koreyanın nüvə silahları proqramını nə zaman və necə ləğv edəcəyinə dair heç bir məlumat yer almamışdı.

Sputnikdən çəkilmiş görüntülərlə bağlı "Şərq”ə açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, Şimali Koreyada son illər iqtisadi vəziyyət xeyli gərginləşib. Analitikin sözlərinə görə, nüvə proqramı ilə bağlı aparılan işlər çoxlu maliyyə resursları tələb edir:

 "Ballistik raketlərin hər dəfə sınaqdan keçirilməsi ölkənin büdcəsinə kifayət qədər ciddi ziyan vururdu. Məsələ ondadır ki, nüvə proqramının inkişafı Pxenyana dünya siyasətində aparıcı hadisələrin mərkəzində dayanmaq imkanı verdi. Demək olar ki, ABŞ və digər aparıcı dövlətlərin diqqətdə saxladığı əsas məsələlərin başında Şimali Koreyanın nüvə proqramı dayanırdı. Bunun sayəsində sözügedən bölgənin nüfuzu yüksəldi. Yəni Şimali Koreya lideri Kim Çen İn qismən də olsa, öz məqsədinə çatdı”. 

Ekspertə görə, müxtəlif kompramislər nəticəsində baş tutan Tramp-Kim görüşündə siyasi alver gedib, amma alverin predmeti bizə məlum deyil: 

"Görünür, siyasi alverin nəticəsi olaraq, Şimali Koreya nüvə proqramını nisbətən məhdudlaşdırmağa qərar verdi. ABŞ da öz növbəsində Şimali Koreyaya tətbiq etdiyi sanksiyaları bir qədər azaltmağa, əskinə, əlavə kreditlər verməyə razılıq verdi. Ən mühüm məsələ Koreyanın ərzaqla təmin olunmasıdır. Son illər ərzində ölkəyə ərzaq idxalı xeyli dərəcədə azalıb. Şimali Koreya qapalı ölkədir, orada baş verənləri tam anlamaq mümkün deyil. Lakin ara-sıra yayılan xəbərlərdən ölkədə ciddi problemlərin, böhranların olduğu məlum olur. Şimali Koreya liderinin yumşaq qərarları iqtisadi problemlərin ciddiliyindən xəbər verir. Görünən odur ki, Koreyaya nüvə silahından daha çox ərzaq lazımdır”.

İsmayıl