Kredit borcu olduğuna görə vətəndaşa şəxsiyyət vəsiqəsi verilmir

Hüquqşünas isə məsləhət görür ki, məhkəməyə müraciət olunmalıdır



Banka kredit borcu olduğuna görə vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir. Bu barədə Səxavət Məmməd imzası ilə sosial şəbəkə istifadəçisi məlumat paylaşıb. S.Məmməd yazır ki, dostu şəxsiyyət vəsiqəsi almaq üçün "Asan Xidmət”ə müraciət edib və lazımi sənədləri təqdim edib. Vətəndaşa bildirilib ki, 10 gün sonra şəxsiyyət vəsiqəsini gəlib ala bilər.

Lakin 10 gün sonra "Asan Xidmət”dən ona şəxsiyyət vəsiqəsi verilməyəcəyi bildirilib. Səbəb kimi isə banka kredit borcu olduğu göstərilib. Həmin kredit isə şəxsin atası tərəfindən götürülübmüş. Ötən ilin yayında atası intihar edib, bundan sonra atanın kredit borcu zamin kimi, oğulun üzərinə qeyd edilib. Vətəndaş hazırda heç bir yerdə işləmədiyini, işə düzəlmək üçün də şəxsiyyət vəsiqəsi tələb olunduğunu deyir. Kredit borcunu ödəmək üçün də gərək işləsin. "Asan Xidmət” isə şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Vətəndaş çıxılmaz vəziyyətdə qalıb.

Məsələ ilə bağlı hüquqşünas İradə Cavadovaya müraciət etdik. İ.Cavadova bildirdi ki, kimliyindən asılı olmayaraq hər bir şəxsin şəxsiyyət almaq hüququ vardır:

- Azərbaycan Konstitusiyası hər bir vətəndaşa şəxsiyyət vəsiqəsi almaq hüququ tanıyır. Hətta vətəndaş cinayətkar olsa belə, ona şəxsiyyət vəsiqəsi verilir. Çünki bu, hər bir vətəndaşın müstəsna hüququdur. Kredit borcuna görə vətəndaşı şəxsiyyət vəsiqəsindən məhrum etmək tamamilə qanunsuzdur. Absurddur.

İ.Cavadova qeyd etdi ki, hüququ pozulan şəxs ilk növbədə "Asan Xidmət” rəhbərliyinə şikayət ərizəsi ilə müraciət etməlidir. Bundan əlavə həmin şəxs məhkəməyə də müraciət edə bilər:

- Heç kimin ixtiyarı yoxdur ki, vətəndaşı şəxsiyyət vəsiqəsindən məhrum etsin. Məsləhət görürəm ki, həmin şəxs dərhal "Asan Xidmət” Mərkəzinə ərizə ilə müraciət etsin, həmçinin məhkəmə qaydasında da iddia qaldırsın.

Məlahət Rzayeva