"Kreml Bəşər Əsədi qurban verə bilər" - Rusiya geri çəkilir ?






"Suriya böhranı hələ uzun müddət davam edəcək”.

Bu barədə "Sherg.az”a Fransa prezidenti Emmanuel Makron və ABŞ dövlət başçısı Donald Trampın hərbi qüvvələrin Suriyada uzun müddət qalmasına dair razılığından danışarkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu bildirib. Ekspert düşünür ki, Rusiya geri çəkilmək zorundadır:

"Odur ki, Kreml Bəşər Əsədi qurban verə bilər. Artıq Suriya parçalanıb və bu ölkədə sabitlik əldə etmək olduqca çətin olacaq.

Güzəştə getdikdən sonra Suriyadan çıxan Rusiya Cənubi Qafqaza fokuslaşa bilər. Bu baxımdan, Azərbaycan və Gürcüstan daha təhlükəli vəziyyətə düşər. Artıq Ukrayna, Moldova, hətta Qazaxstan Moskvadan uzaqlaşır. Kreml buna görə, Xəzər dənizində möhkəmlənmək istəyəcək”.

Qeyd edək ki, ABŞ və Fransa Suriyadakı hərbi əməliyyatların İŞİD-ə qarşı müharibə başa çatana qədər davam edəcəyini açıqlayıb. D.Tramp ABŞ qüvvələrinin mümkün qədər tez geri dönməsini istədiyini dilə gətirsə də, Fransa prezidenti Emmanüel Makron onu Suriyada uzun müddət qalmağın vacib olmasına inandırıb.

Aysel Aslan