Kreml məqsədinə çatdı

Putinin Türkiyəyə Suriyadan getməsi Ərdoğan üçün sürpriz oldu





Rusiya dövlət başçısı Vladimir Putin Türkiyə səfərindən öncə Suriya və Misirə gedib. Suriyada həmkarı Bəşər Əsədlə görüşən Putin qoşunların çıxarılması ilə bağlı əmr verdiyini deyib. Kreml rəhbəri Suriya böhranının başa çatdığını iddia edib. Putinin Türkiyə Prezidenti Ərdoğanla danışığı 1 saat çəkib. Görüşdə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov da iştirak edib.

Liderlər arasında Suriya və bölgədəki vəziyyət, Trampın Qüds qərarı və Türkiyənin Rusiyadan alacağı S-400 raketləri əsas müzakirə mövzuları olub. Hər iki rəhbər vurğulanan məsələlərlə bağlı mühüm mesaj və açıqlamalar veriblər. Ərdoğan Suriyada nizamlanma prosesini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Soçidə görüşmək niyyətində olduğunu bildirib. Həmçinin, Rusiyanın Qüds məsələsində Türkiyə ilə oxşar mövqedə olduğunu vurğulayıb. Xatırladaq ki, Putinin rus ordularını Suriyadan çıxarması qərarı Avropa məkanında ciddi müzakirəyə səbəb olub. Avropa Komissiyasının Təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Moqerini Suriyada savaşın bitmədiyini deyib: "Biz çox yaxşı bilirik ki, Suriyada döyüşlər davam edir. Dinc sakinlər isə hücumlardan əziyyət çəkirlər. Müharibənin sona çatması kimi bir şey yoxdur”.

Regionda cərəyan edən proseslərlə bağlı "Şərq”ə danışan millət vəkili Asim Mollazadə deyib ki, Rusiya bütün qoşunlarını deyil, sadəcə bir qismini Suriyadan geri çəkməyi düşünür. Deputatın sözlərinə görə, əslində iki ən mühüm hərbi baza Suriya ərazisində yerləşdirilib və orada uzun müddət qalacaq: 

"Suriyada təhlükəli proseslər bitməyib, terror hələ qalmaqdadır. Bölgədəki sünni çoxluq bundan sonra da Əsəd rejiminə qarşı mübarizə aparacaq. Rusiyanın əksinə ABŞ-ın Suriyada qalmaq barədə verdiyi qərar real vəziyyəti əks etdirir. Ancaq rus qoşunlarının Suriyadan tamamilə çıxması mümkün deyil. Rusiyanın Suriyada hərbi bazaları var. İran da Suriyada öz hərbi bazalarını yaratmağı planlaşdırır. Ümumiyyətlə, Rusiya Yaxın Şərqdə öz hərbi əməliyyatları ilə çox fəal iştirak edib. Bu mübarizədə Rusiyanın əsas müttəfiqi, bütün əməliyyatlarda ona yaxından dəstək verən ölkə İran olub. Əsədin indiyədək Suriyada hakimiyyətini qoruyub saxlamasının əsas səbəbi də məhz Rusiya və İrandır. Son dövrlər Rusiya-Türkiyə arasında da nisbətən ortaq dil tapılıb, müəyyən problemlərin həllinə nail olunub. Lakin şimal qonşumuzun Yaxın Şərqdə və regionda əsas və daimi müttəfiqi İran və Ermənistandır”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirib ki, Putinin Türkiyəyə Suriyadan getməsi Ərdoğan üçün sürpriz oldu. Ekspertin sözlərinə görə, Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi: 

"Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Tayyib Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə liderinin Suriya Prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək. Demək olar ki, Rusiya və Türkiyə Suriyada İŞİD üzərində qələbə çaldılar. Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu - PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən Suriyada indi yeni dövr başlayır. Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı, hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərərsə, Suriyada növbəti vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək”.

İsmayıl Qocayev