Kreml ordusunu gücləndirmək məcburiyyətindədir

Çünki Rusiyanın NATO tərəfindən mühasirəyə alınması siyasəti yürüdülür




Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin hərbi və operativ hazırlığının artırılması barədə tapşırıq verib. Putin bu məsələdə Suriyada həyata keçirilən əməliyyatlar zamanı əldə olunan təcrübəni nəzərə almağı tövsiyə edib. Ötən ilin noyabr ayında Putin hərbi məhsulların istehsalının həcminin artırılması anonsunu vermişdi. Vurğulamışdı ki, həm dövlət, həm də özəl sektordakı müəssisələr istehsal prosesinə hazır olmalıdır. 

Kreml rəhbəri Soçidə hərbi mövzuda keçirilən iclas zamanı da diqqətə çatdırıb ki, Rusiya Silahlı Qüvvələrinin böyük miqyasda yeni silahlarla təchizatı strateji pariteti saxlamağa və Rusiyanı xarici təhdidlərdən qorumağa imkan verəcək. Putinin təlimatına görə, 2021-ci ilə qədər orduda və donanmada müasir silah-sursatın payı 70 faizdən az olmamalıdır. Rusiya rəhbərinin sözlərinə görə, ordunun belə böyük miqyasda silahla təchizatı ona qarşısında duran istənilən növ kompleks hədəfləri həyata keçirməyə imkan verəcək. Siyasi ekspertlər hesab edirlər ki, Putin mövcud təhlükələri, daha doğrusu, Qərbdən gələcək təhdidləri nəzərə alaraq rus ordusunun gücləndirilməsini zəruri hesab edir.

Moskvanın narahatlığı ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, hazırda Rusiyanın NATO tərəfindən mühasirəyə alınması siyasəti yürüdülür. Siyasi şərhçinin sözlərinə görə, Şərqi Avropa istiqamətində, Qara dənizdə, Baltikyanı və Skandinaviya ölkələri istiqamətində Rusiyanın ciddi çevrələnməsi müşahidə edilir: 

"Əgər dünənə qədər Baltikyanı və Skandinaviya ölkələrində NATO-nun strukturları yox idisə, artıq ABŞ-a məxsus ağır zirehli texnikaların həmin bölgəyə yerləşdirilməsi prosesi gedir. Bununla paralel Skandinaviya ölkələrində keçirilən hərbi təlimlər də Rusiyanı ciddi narahat etməkdədir. Nəzərə almaq lazımdır ki, iqtisadi cəhətdən Avroatlantik məkanla yarışa bilməyəcəyini anlayan Rusiya ən azından hərbi sahədə bunu kompensasiya etmək istəyir. 

Rusiya iqtisadi cəhətdən Qərbin qarşısında qüdrətli olmasa da, hərbi cəhətdən güclü ölkədir. Həm əsgər sayına, həm də nüvə silahına görə NATO-ya yeganə alternativ güc Rusiyadır. Putin rus ordusunu ən müasir silahlarla təchiz etməklə bu gücü bir qədər də böyütməyə çalışır”. 

N.Mirinin fikrincə, Putinin verdiyi sonuncu göstərişi də təxminən bu yöndə dəyərləndirmək lazımdır: 

"Hələ də qlobal sahədə NATO və Rusiya arasında qarşıdurma var. Hərbi təlimlər və qarşılıqlı təhdidlər davam edir. Bunlar davam etdikcə Rusiya öz ordusunu gücləndirmək məcburiyyətində qalacaq”.

İsmayıl