Kriminal avtoritetlər Rusiyada birləşir, ordan idarə olunur

Lənkəranski gürcü və slavyan mafiyasına sərf etmirdi



Xəbər verdiyimiz kimi, kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qətlinin üstü açılıb. Məlumata görə, Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, R.Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı” Canpolad Şamiloğlunun intiqamını almaq üçün qətlə yetiriblər. Bu barədə "Rosbalt”a Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə xəbər verib.

Mənbə bildirib ki, R.Lənkəranskinin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar. C.Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün "qanuni oğru” R.Lənkəranskinin qruplaşmasından iki killer cəlb olunub. Həmçinin xəfiyyələr müəyyənləşdiriblər ki, C.Şamiloğlunun aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş. Bundan başqa iddia olunur ki, C.Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında eyni nəticəyə gəliblər və Lənkəranskidən qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.

Qeyd edək ki, 2016-cı il 18 avqust gecəsi R.Canıyev İstanbul mehmanxanalarından birinin restoranında öz briqadasının üzvləri ilə bir araya gəlib. O restorandan çıxıb oradan azca aralanandan sonra qatillər onun maşınını atəşə tutaraq deşik-deşik ediblər. Nəticədə "qanuni oğru”nun özü və onun sürücüsü funksiyalarını yerinə yetirən sinif yoldaşı öldürülüb.

Bundan sonra kriminal aləmdə yaşanacaq vəziyyəti dəyərləndirən kriminalist-ekspert İlqar Altay "Şərq”ə söyləyib ki, kriminal aləmin kökü Rusiyadır. Bütün postsovet ölkələrində - Özbəkistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və hətta Türkiyədəki kriminal vəziyyət öz qidasını şimal qonşumuzdan alır. Onların hamısı Rusiyada birləşir və oradan idarə olunur. Rusiyada bu ölkələrin özlərinin kriminal təbəqələşmələri formalaşıb. Həmin təbəqədən ən çox irəli çıxanı gürcü və tatar mafiyasıdır. Oradakı Azərbaycan mafiyasına irəli çıxmaq imkanı verilmir. Rövşən isə çox güclü olduğu üçün özünə yer tuta bilmişdi. Rövşən o dərəcədə güclənmişdi ki, artıq gürcü və slavyan mafiyasını üstələməyə başlamışdı. Bu səbəbdən son zamanlar Rövşəni sıxmağa başladılar. O da məcbur qalıb, Ukraynaya, Dubaya, İtaliyaya və oradan da Türkiyəyə getdi. Ona geniş imkan vermək istəmirdilər. Çünki bu, gürcü və slavyan mafiyasına sərf etmirdi. Hansısa azərbaycanlının gəlib Rusiyada irəli çıxmasını qəbul etmirdilər. Rövşən isə buna dözə bilmirdi. Hətta qarşı tərəfə təzyiqlər də göstərirdi. Aralarında da müəyyən qarşıdurmalar yaşanmışdı. Məsələ odur ki, Rövşənin ölüm sifarişini çoxdan vermişdilər. Onun Dubaya, Türkiyəyə getməsi səbəbsiz deyildi”.

Ekspertin sözlərinə görə, "R.Lənkəranskini azərbaycanlı qətlə yetirib” iddiası müəyyən məqsədlərə xidmət göstərir: "Düşünmürəm ki, hansısa azərbaycanlı avtoritet Rövşənlə rəqabət apara bilsin. Həm də özünə hörmət edən azərbaycanlı Rövşənin qarşısına keçməzdi. Bu mənada "Rövşəni azərbaycanlı qətlə yetirib və ya ondan "göyərti kralı” Canpolad Şamiloğlunun intiqamı alınıb” kimi iddiaları əsassız sayıram. Bunlar şayiədir. Rusiya xüsusi xidmət orqanları "bu qətli azərbaycanlı törədib” deməklə məsuliyyəti üzərlərindən atırlar. Rövşənə qarşı bu qəsdi təşkil edənlər çox yüksək səviyyəli kriminal mafiyalar olub. Onlar Rusiyanın kriminal aləmini idarə edəcək səviyyədə mafiya olub”.

Ayyət Əhməd