Küçə adamının növbədənkənar seçkisi – Paşinyan öz diktatura rejimini qurur - AKTUAL

Saxta seçki ilə hakimiyyətə can atan avantürist Nikol seçicilər qarşısında pərt vəziyyətdədirKüçədən gələn küçə siyasətçisini elə küçə adamları hakimiyyətdən qovacaq
Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. İndiyə olan nəticələrə görə, seçicilər prosesə o qədər də maraq göstərmirlər. Erməni saytlarının məlumatına görə, günorta saatları olsa da, seçki məntəqələrində seçicilərin sayı qənaətbəxş deyil. Çünki çox az sayda seçici məntə qələrə təşrif buyurmaqdadır. Seçki məntəqəsinin açılmasından 4 saat keçməsinə baxmayaraq cəmi 7 faiz seçici səs verib.
Bu ilin yazında küçə yürüşlərinin vüsət aldığı bir vaxtda, önə çıxaraq sabiq prezident Serj Sarkisyan rejiminə xalqın nifrətindən istifadə edən, Nikol Paşinyan "Məxməri inqilab” edərək hakimiyyət başına gəldi. Ermənilərə "gözəl yaşam” və "demokratik inkişaf” vəd edən Paşinyan elə bir neçə ay keçməmiş vədlərinə xilaf çıxdığını nümayiş etdirdi.
Belə ki, ölkədəki ağır iqtisadi durumu yaxşılaşdırmaq istiqamətində addımlar atmaq yerinə, daxili intiriqalara başladı. Sabiq prezidentə qarşı "müharibə” elan etməklə yetinməyərək, 2008-ci ilin mart hadisələri ilə məşğul olmağa, keçmiş prezident Robert Koçaryanın həmin hadisələrin günahkarı olduğunu sübut etməyə çalışdı.
Qeyd edək ki, 2008-ci ilin mart ayında Koçaryan rejimi ona qarşı etiraz edən kütləni əzmişdi, öldürmüşdü.
Təbii ki, Sarkisyana və Koçaryana qarşı bu cür mövqe tutmaq dolayısı ilə doğru addımdır. Çünki həqiqətən də bu şəxslər hakimiyyətdə olduğu zaman da, ondan əvvəl də qatı cinayətlər törətmiş adamlardırlar. Xüsusən bu cütlük, "Koçaryan-Sarkisyan klanı” və bu klanın üzvləri 1990-cı illərdə dinc azərbaycanlılara qarşı soyqrım aktlarında, terrorda birbaşa iştirakçı olublar. Xocalı soyqrımının birbaşa iştirakçısı olan bu şəxslər beynəlxalq cinayətkarlar olaraq Haqa Tribunalında mühakimə olunmalı insanlardırlar. Eləcə də Koçaryan da Sarkisyan da Ermənistanda hakimiyyətdə olduğu zaman öz xalqına qarşı cinayət törədiblər. Bu mənada Paşinyan onları həbs etdirmək istəyində haqlıdır. Amma Paşinyan bu adamları doğrudan da terror törətdiklərinə görəmi həbsə almaq istəyir? O səmimidirmi?
Analitiklər bildirirlər ki, Paşinyan sabiqləri həbsə atmaqla öz diktatura hakimiyyətini qurmaq istəyir. Çünki faktiki olaraq küçədən hakimiyyət başına gələn səriştəsiz Nikolun kadr balansı demək olar ki, sıfırdır. 
Hakimiyyətdə olan şəxslərin 90 faizi isə Sarkisyan rejimindən qalma, "Sarkisyan-Koçaryan klanı”na bağlı şəxslərdir. Bu halda isə Paşinyan hakimiyyətinə qorxu yarandığını anladı. Ona görə də, növbədənkənar seçki qərarı verildi. O kövrək olan hakimiyyətini möhkəmlətmək üçün, diktatura rejimini qurmaq üçün bu addımı atdı. Ona mane olacaq qüvvələrə isə cinayət işi açdırmaqla məşğul oldu. Eyni zamanda "Sarkisyan-Koçaryan klanı”na qarşı şəxsi nifrəti də var. Çünki 2008-ci il hadisələrində həbsə alınan şəxslərdən biri də məhz Paşinyan idi. Görünən odur ki, Nikol həm diktatura hakimiyyətini möhkəmləndirmək istəyir, həm də şəxsi qisasını alır. Bu halda hansı "demokratiya”dan danışmaq olar?
Bu gün keçirilən parlament seçkiləri ilə bağlı beynəlxalq ekspertlərin rəyi də, demokratiyadan əsər-əlamət olmadığını göstərir. Belə ki, beynəlxalq müşahidəçilərin qənaətincə seçkiöncəsi vəziyyət heç də qənaətbəxş olmayıb. Paşinyanın "Mənim addımım” adı verdiyi seçki kampaniyasına bütün şərait yaradılıb, hakimiyyət resurslarından gen-bol istifadə edilib. Amma ona müxalif namizədlərə kampaniya aparmaları üçün heç bir imkan tanınmayıb. Paşinyana müxaliflərin seçicilərlə görüşünə əngəllər törədilib, "Mənim addımım” üzvləri müxaliflərin seçki plakatlarını cırmaqla məşğul olublar.
"Eurasiyanet” internet resursu yazır ki, Avropa İttifaqının seçkiöncəsi missiyasının yaydığı ilkin hesabatda belə qeyd edilib – "Seçkiöncəsi Paşinyan hakimiyyətinin "Respublikaçılar”a yaratmaq istədiyi nifrət dalğası, onların özlərinə qarşı da nifrətə səbəb oldu”. Belə qənaət yaranır ki, artıq erməni cəmiyyəti Paşinyanın "demokratiya” vədlərinin yalan olduğunu anlayıb. Çünki rəqiblərinə qarşı qeyri-təbii yolla mübarizə aparmaq, polisin gücündən istifadə edərək rəqiblərinin seçkilərdə iştirakına maneə yaratmaq, hakimiyyətin inzibati resurslardan öz məqsədlərin üçün istifadə etmək demokratiya ilə birbaşa zidiyyət edən haldır.
Erməni xalqı onu da anladı ki, Paşinyanın iqtisadi inkişaf nağılı da iflasa məhkumdur. Bütün dünya anlayır ki, Ernənistanın iqtisadi cəhətdən inkişaf etməsi üçün qonşularla sərhədləri açıq olmalıdır, sülh olmalıdır. Amma faktiki olaraq Ermənistan regionda təcrid olunmuş vəziyyətdədir. Regionun iki inkişaf etmiş ölkəsi ilə sərhədləri bağlıdır. Ermənistanın inkişafı Qafqazın lideri, iqtisadi inkişaf etmiş ölkəsi Azərbaycanla sərhədlərinin açıq olmadından, sülh olmasından keçir.
Amma bu da bir halda mümkündür – Ermənistan işğal etdiyi və işğalda saxladığı Dağlıq Qarabağı qaytarmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Ermənistana qapılar açıla bilər. Paşinyan isə hakimiyyətə gəldikdən sonra əksinə, sərsəm bəyanatlar verməklə məşğul oldu. Gah dedi guya separatçı ermənilərlə, qondarma "DQR”-lə əlaqəsi yoxdur, onların işlərinə qarışmır. Gah da oğlunu Qarabağa əsgərliyə göndərdi. Gah iqtisadiyyatın inkişafından danışdı, amma Qarabağla bağlı danışıqlardan, sülhdən yayındığını bildirdi. Səriştəsiz küçə adamından əslində bundan artığını gözləmək də əbəsdir.
Paşinyanın "Ermənistanın iqtisadiyyatını inkişaf etdirəcəm” nağılının nağıl olduğunu göstərən sübutlardan biri dı Türkiyə ilə sərhədlərin bağlılığıdır. Məlumdur ki, Qarabağ işğal edildikdən sonra qardaş Türkiyə Ermənistanın üzünə qapılarını bağladı. Yenə də görünən odur ki, Ermənistanın inkişafını ləngidən məsələ Qarabağın işğalda saxlanmasıdır. Regionun iki inkişaf etmiş ölkəsi ilə sərhədin bağlıdırsa, inkişaf edə bilməzsən. Bunu erməni cəmiyyəti, ermənilərin içərisində olan mütərəqqi insanlar dərk edirlər. Xalq dərk edir ki, Paşinyan da bunları aldadıb.
Maraqlı məqamlardan biri də, seçicilərlə görüşü zamanı yaşlı bir erməni qadının Paşinyanı pərt vəziyyətdə qoymasıdır. Qadın soruşub ki, "siz seçilsəniz mənim pensiyam artacaqmı?”. Paşinyan bu suala doğru düzgün cavab verə bilməyib, sualdan yayınıb. Bu isə onun göstəricisidir ki, Paşinyan özü də dərk edir ki, çökmüş, bərbad olan iqtisadi durumu düzəldə bilməz. Çünki heç bir təbii sərvəti yoxdur, ixracı yoxdur, beynəlxalq layihələrdə iştirakdan məhrumdur. Xaricdəki ermənilərin ianələri hesabına isə pensiyaları qaldıra bilməz, maaşları artıra bilməz. Yalan da danışır, amma xalq artıq Paşinyanın yalanlarını anlayıb. Ona görə bax bu cür pərt olmaqla kifayətlənir.
Yazını hazırlayarkən erməni mətbuatına göz gəzdirdim. Artıq seçkilərdə total saxtakarlıq haqqında məlumatlar gəlməkdədir. Bir neçə məntəqədə gərginlik yarandığı haqqında informasiyalar verilir. Bəzi məntəqələrdə müxalif namizədləri təmsil edən müşahidəçilər məntəqələrdən zorla çıxarılıb. Qutulara topa bülletenlər atılması haqqında faktlar mövcuddur. Hələ seçkilərin bitməsinə 5-6 saat vaxt var. Bu müddətdə də total saxtakarlıqların olacağı gözləniləndir. Görünən odur ki, Paşinyan inzibati resursları işə salaraq saxtakarlıqla öz diktaturasını qurmağa iri addımlar atır.
Beynəlxalq və yerli ekspertlər Paşinyanın seçkilərdən "qələbə” ilə ayrılacağı proqnozunu verirlər. Çünki qeyd etdiyimiz kimi, seçkilərdə saxtakarlıqlar böyükdür. Çox güman ki, Paşinyan baş nazir olaraq hakimiyyətdə qalacaq. Bundan sonra da diktaturasını möhkəmləndirməklə məşğul olacaq.
Lakin....Lakin bundan sonrakı dönəm düşmən ölkə üçün siyasi kataklizmlərlə dolu olacaq. Ekspertlər bu qənaətdədirlər ki, Paşinyan hakimiyyətə gəlsə də, Ermənistanda xaos, qarşıdurmalar qaçılmaz olacaq. İstər siyasi intiriqalar, istər Qarabağ separatçıları ilə gərginlik, istərsə də sosial-iqtisadi çöküş, Paşinyanın hakimiyyəti sonacan əlində saxlamasına imkan verməyəcək. Gözlənilən odur ki, növbəti 5 ili Paşinyan hakimiyyətdə rahat otura bilməyəcək. Dediyimiz kimi, Ermənistandakı kataklizmlər yenidən aksiyalara rəvac verərək Paşinyanı tez zamanda hakimiyyətdən "yıxacaq”. Küçədən gələn küçə siyasətçisini elə küçə adamları hakimiyyətdən qovacaq. Necə ki o əvvəlki prezident Sarkisyanı qovmuşdu...
Anar Bayramoğlu