Kulturoloqdan etiraz: "Efirlərdə yazıçı, alim və intellektuallara qarşı saymazlıq..."

Aydın Xan Əbilov: "Amma müğənnilərə elə hörmət qoyulur ki, elə bil onlar akademikdir, “Nobel”, “Oskar” mükafatı alıblar"




Ötən həftənin bazar günü baş tutan "ATV maqazin 10-larla” verilişinin "Hit-parad” rubrikasının qonağı müğənni Nura Suri əməkdar artist Tünzalə Ağayeva ilə bağlı tənqidlər səsləndirib. N.Suri T.Ağayevanı "Özünü yuxarıdan aparmaq"da, insanlara qarşı saymazlıq nümayiş etdirməkdə ittiham edib. Bundan sonra N.Suri bir az qabağa gedərək T.Ağayevanın Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclisdə deputat mandatı qazanmaq istədiyini söyləyib. Amma onun bu fikirlərini ifadə edərkən yol verdiyi nöqsanlar əməlli-başlı siyasi müzakirə və ya mübahisələrə yol aça bilər. Belə ki, N.Surinin "Tunzalə özünü hamıdan üstün tutur. Yəqin, deputat olmağa çalışır” fikirləri hansı rakursdan yanaşırsan yanaş Azərbaycanda deputatların xalq tərəfindən seçildiyini deyil, təyin olunduğunu ifadə edir.

Üstəgəl, müğənni bu yanaşması ilə deputataları qeyri-təvazökarlıqda qınayıb. Şübhəsiz ki, S.Nurinin bu mülahizələri cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Müğənnini tənqid atəşinə tutan əksər istifadəçi qeyd edib ki, ya N.Suri deputatların xalq tərəfindən seçildiyini bilmir, ya da parlament seçkilərinin şəffaflığına kölgə salmaq istəyir. Bəzi istifadəçilər isə müğənniyə "Deputat olunmur, xanım N.Suri, deputatı xalq seçir”deyə cavab veriblər.


Belə hadisələrin televiziya efirlərində tez-tez baş verdiyini, efirlərin ciddi siyasi-ictimai məsələləri ironiya obyektinə çevirdiyini söyləyən kulturoloq Aydın Xan Əbilov "Sherg.az" açıqlamasında qeyd edib ki, intellektual adam adı altında şou nümayiş etdirən insanların televiziyalara ayaq açması düşündürücü haldır:

"Bir insanın intellektual səviyyəsi olmasa, nə danışığını, nə də hərəkətlərini bilər. Elə insanlar var, hətta ictimai polemikanın bir vasitəsi olan televiziyada nəyi necə danışmağı bilmir. Bu cür hadisələr televiziyalarda tez-tez baş verir Mən də telekanallarda çıxış edirəm. Şahid oluram ki, müğənnilərə elə hörmət qoyulur ki, elə bil onlar akademikdir, "Nobel”, "Oskar” mükafatı alıblar. Halbuki efirlərdə yazıçılar, alimlər, yüksək intellektli peşəkar insanlara qarşı saymazlıq var. Bununla bağlı dəfələrlə qəti etirazımı bildirmişəm. Hətta telekanallardan birini belə saymazlığına görə, bir il müddətinə boykot etdim, verilişlərə getmədim.

ATV kanalının da dəvətlərinə etiraz edirəm. Çünki bu televiziyada şou-proqramların aparıcıları, prodüserlər bizdən dəvət etdikləri digər şəxsləri tənqid etməyi tələb edirdilər. Sonradan isə özləri həmin şəxslə birləşib, bizə qarşı çıxış edirdilər. Ona görə, mən kobud ifadə işlədib, ATV-dən birdəfəlik "ayağımı kəsdim””.

Sənətçilərin müəyyən mənada qeyri-adi insanlar olduğunu diqqətə çatdıran Aydın Xan Əbilov hesab edir ki, onları hansısa səhvinə görə, bağışlamaq olar:

"Amma ictimai-siyasi yüklü məsələləri ironiya ilə müzakirə etmək qəbulolunmazdır. Belə hallar inzibati, hətta bəzən cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər. Televiziyadakı çağırışa görə, müğənnilər məsuliyyətə cəlb oluna bilərlər. Milli Televiziya və Radio Şurası (MTRŞ) isə belə tipli məsələlərin hər birini diqqətdə saxlamağa imkanı yoxdur. Məhkəmə iki müğənni arasında baş verən "paltar davası”na görə, 50 min manat təzminat kəsə bilir. Amma belə əhəmiyyətli məsələlərdə həmin müğənniləri məsuliyyətə cəlb etməyi düşünmür. Ona görə, müğənnilər hər şeyi lağ obyektinə çevirir. Hətta idarəçilik, deputat seçilmək məsələlərinə də dırnaqarası yanaşırlar”.

Aysel Aslan