Lavrov Şimali Koreyaya gedəcək - Pxenyanın dəvəti qəbul olundu





Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov şimali koreyalı həmkarı Ri Yon Ho ilə Moskvada baş tutan görüşü zamanı Şimali Koreyanın paytaxtı Pxenyana səfərlə bağlı dəvəti qəbul etdiyini bəyan edib. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, S.Lavrov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Yon -Un arasında baş tuta biləcək görüşlə bağlı heç bir qərar qəbul olunmayıb.  


Xəbərdə deyilir ki, Sergey Lavrov ilə Ri Yon Ho arasında baş tutan görüş zamanı Pxenyanın  nüvə və ballistik proqramları, Şimali Koreya ilə Vaşinqton arasındakı gərginlik müzakirə olunub. 

Rusiya xarici işlər naziri, ölkəsinin Şimali Koreya ilə ABŞ arasındakı əlaqələrin lehinə olduğunu vurğulayıb:

"Biz vəziyyətin tədricən normallaşdırılmasını və hər iki tərəfdən təhdidlərin dayandırılmasını və Şimali Koreyanın və ABŞ arasında əlaqələrin qurulmasını arzu edirik" 

Şimali Koreya naziri görüşdən sonra jurnalistlərə müraciət etməyib, lakin o əvvəllər Moskva ilə Pxenyan arasındakı əməkdaşlığın və kommunikasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.


Məlumat üçün bildirək ki, Ri Yon Ho dünən Moskvaya səfər edib və Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə Pxenyanla Seul arasındakı dialoq imkanları mövzusunda danışıqlar aparıb. 

Bundan başqa qeyd edək ki, ABŞ prezidenti Donald Trump dünənKim Çen Inilə may ayında və ya iyunun əvvəlində görüşməyi planladığını söyləyib.

Tərcümə etdi: Ayyət Əhməd