Lavrovun Bakı səfərində pərdəarxası məsələlər müzakirə olunacaq

XİN başçısı Rusiyanın Azərbaycana raket satmaqdan imtina etməsinə də açıqlıq gətirəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Bakıya səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb. O, Lavrovun Bakıda Qara dəniz Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəyini bildirib. Böyük ehtimal ki, Rusiya XİN rəhbərinin Bakıya səfəri zamanı həm ikitərəfli münasibətlər, həm Dağlıq Qarabağ münaqişəsi, həmçinin son zamanlar gündəmə gələn bir sıra mühüm məsələlərin müzakirəsi aparılacaq. İstənilən halda həmsədr və qonşu Rusiyanın müxtəlif ranqlı rəsmilərinin Azərbaycana gəlişi diqqət mərkəzində olub.

Lavrovun gözlənilən Bakı səfərini "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, son zamanlar Azərbaycan və Rusiya arasında qondarma rejimin "başçısı” Bako Saakyanın Moskvaya səfəri ilə əlaqədar gərginlik meydana çıxıb. Ola bilsin, pərdəarxası bu məsələ geniş müzakirə olunacaq: 

"Lavrov Rusiyanın Azərbaycana raket satmaqdan imtina etməsinə də açıqlıq gətirəcək. Lakin düşünmürəm ki, Azərbaycanın KTMT-yə müşahidəçi üzv qismində qoşulması tərəflər arasında müzakirə olunacaq. Son zamanlar Rusiya çalışır ki, Azərbaycan KTMT məsələsində Kremlin istədiyini etsin. Əlbəttə, Bakı heç vaxt buna gedə bilməz. 

Bu isə o deməkdir ki, Azərbaycan KTMT-yə müşahidəçi üzv olmağa razılıq verərsə, işğalçı Ermənistanla da diplomatik münasibətlər qurmalıdır. İndiki halda isə bu mümkünsüzdür. Azərbaycan ancaq və ancaq ərazi bütövlüyünə qovuşandan sonra Rusiyanın nəzarətində olan qurumlara üzv olmaq barədə düşünə bilər”.

İsmayıl