Manata təhlükə var?

Aydın Hüseynov: “Qonşu ölkələrin valyutasında baş verən devalvasiya iqtisadi deyil, siyasi amillərlə bağlıdır”
Pərviz Heydərov: “Hazırda dollara tələbat artıb”



Cəfər İbrahimli: "Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi uçot dərəcəsini aşağı salmazdı”




Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar birjalarda arzuolunmaz mənzərə yaradıb. Moskvanın güclü təzyiqlərə məruz qalması rublun digər valyutalara münasibətdə mövqeyini itirməsinə gətirib çıxarıb. Rusiyada bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi və İran rialı da yaşayır. Məlumdur ki, hər üç ölkə Azərbaycana qonşu olması etibarı ilə əsas ticarət tərəfdaşlarımız sayılır.

Xüsusən, şimal qonşumuz Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək xammala əsaslanan ixracımızda əsas rolu tutur. Bu baxımdan rublun və lirənin hədsiz ucuzlaşması Azərbaycan cəmiyyətində manatın dəyərdən düşməsi ilə bağlı narahatlığa səbəb olub. Hətta ölkə rəsmilərinin bəyanatları da toplum arasındakı süni ajiotajı dəf etməyə kifayət etməyib. Lakin əksər iqtisadçı ekspertlər əminliklə ifadə edirlər ki, Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur. Ekspertlərin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir. İlk növbədə, Azərbaycanda daxili istehsalat durmadan artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət edirlər. Həmçinin, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur. Bunlardan başqa, iri qaz layihələrini də unutmaq olmaz. Bu layihələr orta perspektivdə ölkəyə xarici valyuta axınını təmin edəcək. "Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq və bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək. Əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir. Daha bir amil isə neftin qiymətləri ilə bağlıdır. Azərbaycan neftinin qiyməti son günlərdə maksimum irəliyə gedərək 74 dollara çatıb.

Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov bildirib ki, Azərbaycan manatının dəyərdən düşməsi ilə bağlı heç bir təhlükə yoxdur. Onun sözlərinə görə, hazırda milli valyutamızın güclənməsini tənzimləyən faktorlar mövcuddur: 

"Azərbaycan manatının 2015-ci ildə devalvasiyaya uğraması dünya bazarındakı iqtisadi problemlərlə əlaqəli idi. Çünki həmin dövrdə neftin kəskin ucuzlaşması müşahidə olunurdu. Hazırda bu cür iqtisadi təhlükə mövcud deyil, əksinə, neftin qiymətində artım baş verir. Milli valyutanın güclənməsini şərtləndirən digər mühüm faktor idxal-ixrac prosesidir”. Ticarət dövriyyəsində müsbət saldonun yarandığını qeyd edən iqtisadçı bildirib ki, Azərbaycanın ixrac potensialında müşahidə edilən artım valyuta ehtiyatlarının artmasına birbaşa təsir göstərir: "İxrac potensialının artmasına təsir edən amillərdən ən başlıcası loqistik nəqliyyat infrastrukturunun inkişafıdır. Artıq bu istiqamətdə ölkəmizdə mühüm layihələrin icrasına başlanıb. Bu da ölkəyə valyuta axınının artmasına səbəb olur”. A.Hüseynov əlavə edib ki, manatın digər xarici valyutalar qarşısında güclənməsinin ən başlıca səbəbi Prezident İlham Əliyevin apardığı dayanıqlı iqtisadi siyasətdir: "Büdcəmizə turizm sektoru vasitəsi ilə böyük məbləğdə valyuta daxil olub. Bu ilin əvvəlində ötən dövrlə müqayisədə ölkəmizə gələn turistlərin sayında xeyli artım var. Qonşu ölkələrin valyutasında baş verən devalvasiya iqtisadi deyil, siyasi amillərlə bağlıdır”.

İqtisadçı-ekspert Pərviz Heydərov da "Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın real iqtisadi göstəriciləri və daxili valyuta bazarındakı vəziyyətlə bağlı ciddi narahatlığa əsas yoxdur. Onun sözlərinə görə, manatın məzənnəsi barədə yaranan narahatlıq qonşu ölkələrin milli valyutalarının dollara münasibətdə dəyərdən düşməsi ilə bağlıdır: 

"Bu ilin birinci rübündə valyuta bazarında Dövlət Neft Fondu tərəfindən satılan xarici valyutanın həcmi ötən illə müqayisədə 65 faizə qədər çoxalıb. Ölkə iqtisadiyyatının real vəziyyəti keçən ilin bu vaxtında olan durumdan yaxşı mənada fərqlənir. İqtisadiyyatda canlanma müşahidə olunur. Ötən ilin birinci rübünə nisbətən hazırda dollara tələbat artıb”. İdxalın müxtəlif istiqamətlər üzrə artmasını müsbət hal kimi dəyərləndirən ekspert vurğulayıb ki, manatın dollara nisbətdə kursunu neftin satış qiymətləri təyin edir: "Ölkəmizdə dolların bahalaşması üçün hələlik ciddi əsas yoxdur. Çünki dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Dünya bazarında neftin qiyməti isə 70 dollar ətrafındadır. Dövlət Neft Fondunun daxili bazarda satdığı valyuta neftin satışından kompensasiya olunur. Xarici valyuta axınının həcminə uyğun olaraq, yaxın müddətdə manatın bahalaşması da mümkündür. Kommersiya banklarının ajiotaja düşməsi, dollar satışını dayandırması heç bir halda həmin banklardakı valyuta qıtlığı ilə izah oluna bilməz. Çünki banklarda olan əmanətlərin, valyuta ehtiyatlarının böyük bir hissəsi xarici valyuta ilə saxlanır”.

Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli də bildirib ki, Azərbaycanda manatın dəyərini itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur. Onun dəyərləndirməsinə görə, son günlərdə Mərkəzi Bankın uçot dərəcəsini 13 faizdən 11 faizə enməsi bunu deməyə əsas verir: 

"Artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. Mərkəzi Bank yumşaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. Bankın əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi uçot dərəcəsini aşağı salmazdı. Neft qiymətlərinin sabit qalması, yerli istehsalın artırılması və ixracın stimullaşdırılması istiqamətində aparılan tədbirlər ölkənin tədiyə balansında müsbət saldonun yaranmasını təmin edib. Eyni zamanda, cari ildə dövlət büdcəsinin artırılması çərçivəsində Neft Fondundan 6 milyard dollar satılacağı gözlənilir ki, bu da bazarda tələb olunan valyutanın təmin ediləcəyi və valyuta çatışmazlığının olmayacağını deməyə əsas verir”.

İqtisadçı-ekspert Samir Əliyev də bəyan edib ki, tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Ekspertin fikrincə, nə qədər ki, neft indiki səviyyədədir, manatı təhlükə gözləmir: 

"Manatın qorunması üçün əsas zəmin var. Neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Neftin qiyməti yüksək olduqca manat üçün təhlükə yoxdur. Gözlənilməz hadisə baş verməzsə, yaxın dövrdə manatı ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək”.

İsmayıl