“Ermənistandan münaqişənin həllində müsbət təşəbbüs gözləməyə dəyməz”
"Sülh müqaviləsi hazır idi, Ermənistan son anda qorxub geri çəkildi”. Bunu rusiyalı politoloq Sergey Markov deyib. Ekspert bildirib ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təşəbbüsü əslində yeni deyil.
Prinsipcə, bundan əvvəl də Azərbaycan Dağlıq Qarabağa status verməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Prezidentin bu bəyanatının ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri ilə eyni vaxtda səslənməsi təsadüfi deyil: "Bunlar biri-biri ilə əlaqəli olan məsələdir. Ermənistan hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakını dayandırıb. Həmsədrlər Ermənistan rəhbərliyini danışıqlar masasına qaytarmağa çalışır. Aprel ayında Qarabağda dörd günlük müharibədən sonra aydın oldu ki, bu münaqişə dondurulmuş deyil, hər an müharibə başlaya bilər”. Politoloq bildirib ki, Kazan formulunda razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi geri çəkildi: "Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi”. Markovun açıqlaması ilə bağlı "Şərq”in sualını cavablandıran siyasi elmlər doktoru, professor Elman Nəsirov rusiyalı ekspertə haqq qazandırsa da, onun bir sıra fikirləri ilə razılaşmadığını deyib: "Düzdür, Ermənistan Prezidenti Kazan formulunu və Madrid prinsiplərini qəbul etmədi. Amma münaqişənin həllini birbaşa Ermənistan rəhbərliyi ilə bağlamaq, ondan asılı olduğunu iddia etmək düzgün deyil. Markovun "hər şey hazır idi, amma Ermənistan rəhbərliyi qəbul etmədi” sözü reallığı əks etdirmir. Ermənistan dövləti cırtdan dövlətdir, heç bir halda müstəqil siyasət aparmaq iqtidarında deyil. Əgər düşmən ölkə rəhbərliyi qeyri-konstruktiv mövqe göstərirsə, danışıqlar prosesindən uzaq durursa, bunun səbəbi Ermənistanın arxasında duran, onları himayə edən, Sarkisyanı dəstəkləyən məkirli qüvvələrdir. Həmin maraqlı güclər münaqişənin həllini istəsəydi, onda erməni rəhbərliyi işğala məruz qalan Azərbaycanın haqlı şərtləri ilə razılaşmağa məcbur olardı. Amma hamıya aydındır ki, düşməni himayə edən güclər münaqişənin həllində maraqlı deyil. Onlar bu münaqişədən regionun manipulyasiyası üçün istifadə edirlər. Ona görə də sanki "Ermənistan Prezidenti çox böyük səlahiyyət yiyəsidir, qərar vermək iqtidarındadır” kimi ifadələri gündəmə daşıyırlar”. Politoloqun sözlərinə görə, Sarkisyan hakimiyyəti tamamilə asılı vəziyyətdədir: "Onun heç bir sosial bazası yoxdur. Ancaq öz havadarlarının təzyiqi altında hansısa güzəştə, kompramisə gedə bilər. Əks təqdirdə, Ermənistandan münaqişənin həllində müsbət təşəbbüs gözləməyə dəyməz. Bu ölkəyə nə əmr edirlərsə, o cür də davranır. Dağlıq Qarabağ münaqişəsi üçpilləli, lokal münaqişədir. Əgər problemin sadəcə iki tərəfi olsaydı, biz çoxdan məsələni həll edərdik. Artıq bu münaqişə regional, qlobal problemə çevrilib. Burada Rusiya, İran, ABŞ, Avropa Birliyi amili var, region ölkələrinin öz maraqları var. Əgər sadaladığım siyasi oyunçuların, aktyorların maraqları üst-üstə düşərsə, münaqişə həllini tapa bilər”.
İsmayıl