Mart ayında dollara tələb daha çox olacaq

Çünki qeyri-iş günlərinin sayı çoxdur, xaricə səfərlərə maraq yüksəkdir



Fevral ayından etibarən dollara olan tələbat artıb. İlin ilk ayında hərraclarda 299 milyon dollar satan Dövlət Neft Fondu ikinci ayda 364 milyon dollar xərcləyib.

Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ay ilə müqayisədə 21 faiz yüksəlib. Xatırladaq ki, 2017-ci ilin yanvar ayında fond valyuta hərraclarında 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar satmışdı. Bəs, dollara tələbin artması nə ilə bağlıdır və növbəti aylarda tələb necə dəyişəcək?

Prosesi dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, dollara tələbin artması idxalın və eləcə də büdcə xərcləmələrinin artması ilə bağlıdır: 

"Monitorinqlərə görə, yığımlarda artım qeydə alınıb. Mərkəzi Bankın statistikası göstərir ki, bu ilin yanvar ayında dollar satışı əvvəlki ilin uyğun ayı ilə müqayisədə də çox olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə isə yanvar ayında idxalımız 688 milyon 625 min dollar olub. 2017-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında idxal 51 faiz artıb. Halbuki ötən ilin yanvarında idxalımız 450 milyon 36 min dollar idi. 

Göründüyü kimi, idxalın həcminin artması dollara tələbi artıran əsas faktordur. Digər tərəfdən, hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir. Bu isə o deməkdir ki, idxal birbaşa dollara olan tələbi müəyyənləşdirir”.

Ekspertin sözlərinə görə, istehlak ilə yanaşı, büdcə xərcləmələrinin artması da dollara olan tələbi artıran əsas səbəblərdən hesab edilir:

"Dollara tələbin mart ayında daha yüksək olacağı gözlənilir. Bu, həm mart ayında qeyri-iş günlərinin sayının çox olması səbəbindən xarici səfərlərə marağın yüksəlməsi, həm də bayramlar ilə bağlı olaraq idxalın artması ilə əlaqədardır. Ancaq dollara tələbin yüksəlməsinə baxmayaraq, milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Güman olunur ki, növbəti aylarda da məzənnə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

İsmayıl