“Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib.
Layihənin ideyası barədə danışan layihə rəhbəri, "Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, layihə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarından didərgin düşmüş məcburi köçkünlərin həyat şəraiti, təhsil imkanları, məşğulluq, sosial təminat və digər aspektlərini özündə ehtiva edən sosial vəziyyətinin qiymətləndirilməsinin aparılması vasitəsilə Azərbaycan Hökumətinin bu sahədə həyata keçirdiyi dövlət siyasətinə dəstəyin göstərilməsi məqsədilə icra olunub. İcra müddəti cari ilin 15 aprel – 15 oktyabr tarixlərinə təsadüf edən bu layihə çərçivəsində məcburi köçkünlərlə bağlı mövcud vəziyyətin bir sıra aspektləri öyrənilib və onların sosial qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmə zamanı məcburi köçkünlərdən ibarət fokus qrupları ilə təşkil olunan görüşlərdə onların sosial vəziyyətinə dair müzakirələr aparılıb və əhalinin bu kateqoriyasına aid edilən şəxslər arasında sorğu keçirilib. Əldə olunan nəticələr və onların təhlili əsasında məcburi köçkünlərin sosial vəziyyətinə dair vəsait hazırlanıb.
Layihə rəhbəri A.Allahverənov vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Hökuməti məcburi köçkünlərin məşğul məşğulluğunun təmin edilməsi, həyat səviyyəsinin yüksəldilməsi, müvəqqəti məskunlaşdıqları yerlərdə və obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədi ilə davamlı və irimiqyaslı proqramlar həyata keçirir. Məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı çıxış edən icra qurumlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri, məcburi köçkün icmalarının təmsilçiləri bildiriblər ki, əhalinin həssas kateqoriyasına aid edilən məcburi köçkünlərin sosial vəziyyətinin ayrı-ayrı aspektləri hələ də aktual olmaqda qalır.
Çıxışçılardan Dövlət Miqrasiya Xidmətinin (DMX) təmsilçisi Nazim Salmanov, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) nümayəndəsi Elsevər Ağayev, vətəndaş cəmiyyətinin fəalları Mətanət Əsgərzıqı, İradə Rizazadə, Zeynəddin Şabanov, Salman Əliyev, Şərqiyyə Dadaşeva, Könül Quliyeva və digərləri aparılmış qiymətləndirmə yüksək dəyərləndirib, layihə perspektivləri, xüsusilə də məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı işçi qrupların yaradılması barədə yeni təklif və tövsiyələr irəli sürüblər.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış "Məcburi köçkünlərin sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı vəsait paylanılıb.
Şəymən