Media bəzi sahələrə nisbətən irəlidədir
Ölkənin ictimai-siyasi xadimləri vəziyyəti dəyərləndirir
22 iyul jurnalistlərin peşə bayramıdır. İki gündən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd ediləcək. İlk mətbu orqanın - "Əkinçi” qəzetinin çapından bizi 142 illik bir zaman kəsiyi ayırır. Bu müddət ərzində Azərbaycan mətbuatı uzun və keşməkeşli bir yol keçərək gəlib bugünkü səviyyəyə çatıb, Azərbaycan cəmiyyətini informasiyalarla təmin edən ciddi jurnalistikamız formalaşıb. Əvvəllər Kütləvi İnformasiya Vasitələri (KİV) dedikdə yalnız qəzet, jurnal, televiziya, radio başa düşülürdü.
Hazırda isə onlarla yanaşı, internet resursları - xəbər saytları da KİV-lər hesab olunur. İnternet medianın yaranması isə jurnalistikada operativliyi bir qədər də artırdı. Mətbu orqanlar arasında rəqabət daha da artdı və inkişafa doğru bir sıra addımların atılmasına təkan verdi. Qeyd edək ki, Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Bəlkə də elə bu səbəbdən ölkə mətbuatının bugünkü durumu heç də qənaətbəxş hesab olunmur. Mətbuatda yaşanan bu problemləri ölkənin ictimai-siyasi xadimləri, media nümayəndələrinin mütəmadi olaraq əlaqə saxladığı, ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı rəyini aldığı ekspertlər də təsdiqləyir.
Azərbaycan jurnalistikasının hazırda inkişaf mərhələsində olduğunu vurğulayan millət vəkili Aqil Abbas bu inkişafın onun tam ürəyincə olmadığını deyib. Onun sözlərinə görə, azad mətbuatımız var. Mətbuatımızda ən əsas şərtlərdən biri olan söz azadlığı var. Hər kəs istədiyi informasiyanı çalışdığı qəzetdə, saytda və s. mətbu orqanlarda yaza bilir:
"Düşünürəm ki, bunlar çağdaş jurnalistikamızın uğurudur. Həmçinin dövlət tərəfindən də jurnalistikamızın inkişafına böyük köməklik edilir. Ölkə başçısının tapşırığına əsasən, jurnalistlərimiz evlərlə təmin olunur. Bu da dövlətin jurnalistlərə və jurnalistikamıza verdiyi dəstəyi bir daha nümayiş etdirir”.
Millət vəkili bildirib ki, bu gün jurnalistikamız fikir müxtəlifliyinə, orijinallığına, çoxşaxəliliyinə görə fərqlənir:
"Ötən illər ərzində Azərbaycan mediası yeni intellektual keyfiyyətlər qazanıb. Bütün bunların hamısı ölkəmizdə medianın inkişafı üçün çox ciddi hüquqi əsasların yaradılması ilə bağlıdır. Bu gün Azərbaycanda müstəqil milli mətbuat formalaşıb. Azərbaycanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mövcuddur. Bu qurum vasitəsilə tələblərə cavab verən bütün media orqanları şəffaf şəkildə maliyyələşdirilir. İqtidar, müxalif və müstəqil media nümunələri bərabər formada bəhrələnə bilirlər. Bu da jurnalistikamızın inkişafına dəstək verən amildir”.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda çoxsaylı mətbuat orqanlarının çap olunduğunu və elə həmin illərdə də jurnalistikamızda peşəkarlar ordusunun formalaşdığını vurğulayan millət vəkili Zahid Orucun fikrincə, bu gün inkişafla yanaşı, mətbuatın itkiləri də var, hətta iqtisadi bazasının natamamlığı da mövcuddur:
"Digər sahələrdə olduğu kimi mətbuatda günəmuzd məqsədi ilə fəaliyyət göstərənlər var. Sözsüz ki, onlar müasir jurnalistikanın siması ola bilməz. Bütövlükdə götürdükdə bütün Azərbaycan mediasını daimi olaraq izləyirəm. Onu deyə bilərəm ki, indiki halda elektron media çap mediasını üstələməklə aparıcı qüvvəyə çevrilməkdədir. Son dövrlər yeni kommunikasiyalar, informasiya texnologiyalarının hərəkətlənməsi onların imkanlarını xeyli dərəcədə genişləndirib. Bütün qəzetlərin sosial şəbəkələrdə ayrıca veb-saytları mövcuddur”.
Z. Orucun sözlərinə görə, bütün çatışmazlıqlara rəğmən bugünkü Azərbaycan mətbuatının ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanı var və rəy formalaşdıra bilir. Dövlət orqanları müəyyən mənada media ilə hesablaşmalı olur:
"Yalnız onu da unutmayaq ki, mediamız bəzən müxtəlif qara və çirkli əllərin alətinə də çevrilə bilir. Hətta bəzən 4-cü hakimiyyət deyib də jurnalistikanı 1-ci və 2-ci hakimiyyətin səlahiyyətlərini mənimsəmək yönümündə də fəaliyyətinin şahidi oluruq”.
Azərbaycan mediasının gələcəyi ilə bağlı nikbin olduğunu vurğulayan Zahid Orucun sözlərinə görə, sadəcə mətbuatın iqtisadi bazasının genişləndirilməsi yönündə addımlar atılmasına ehtiyac var. Qəzetlərin eyniləşməsi ilə bağlı səsləndirilən iradlara gəldikdə isə millət vəkili deyib ki, bunun əsas səbəbi Azərbaycanda xəbər məkanının eyni olması ilə bağlıdır:
"Ölkəmizdə rəngarəng hadisələrin meydana çıxmasını, ideyaların istehsalını təşkil eləmək lazımdır ki, media da ona adekvat informasiyalar yaysın. Əgər ölkədə fəaliyyət göstərən qəzetlərin manşetləri eynilik təşkil edirsə, bunun əsas səbəbi hadisə qıtlığı ilə bağlıdır. Əslində dünyanın aparıcı media orqanları olan CNN-lə BBS-nin yaydığı xəbər proqramları arasında da elə bir fərq yoxdur. Odur ki, rəngarəngliyin olmamasına görə, Azərbaycan mediasını qınamaq düzgün deyil. Hadisələrin özünün zənginliyini təmin eləmək lazımdır ki, bu da bizim siyasi partiyalardan, hərəkatlardan, QHT-lərdən asılıdır. 50 partiya əvəzinə ölkədə 5 partiyanın fəaliyyəti hiss olunursa, mətbuat 50 partiyanın fərqli ideoloji bəyanatlarını necə yaysın?”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altayın fikrincə isə digər sferalara nisbətdə Azərbaycan mətbuatı heç də geri qalmır. Hətta bəzi sahələrdən irəlidədir:
"Öz obyektivlik, operativlik və məsuliyyətinə, ictimai-siyasi proseslərə təsir imkanlarına, cəmiyyətlə dövlət arasındakı əlaqələri tənzimləmək funksiyasına görə, Azərbaycan mətbuatının xüsusi çəkisi var. Göstəriciləri və yayımı baxımından da qənaətbəxş hesab etmək olar. Sadəcə olaraq, Azərbaycan mətbuatı ölkədə baş verən hadisələrə həssas və dəqiq yanaşma baxımından bir az ciddiliyə fikir verməlidir. Sensasiya xatirinə tələskənlik edib, şouya qaçmamalıdır. Oxucuların diqqətini öz məhsuldarlığı, proseslərə fərqli yanaşması ilə cəlb etməlidir. Şou arxasınca qaçıb, oxuculara yalan, həqiqəti əks etdirməyən məlumatlar sırıyan bəzi elektron portalları çıxmaqla bütünlükdə ölkə mediasının durumunda xoşa gəlməyən heç nə görmürəm”.
Bir kriminalist olaraq, ölkə mediasında yayımlanan kriminal xəbərlərə toxunan və bəzi hallarda bu cür xəbərlərə görə mətbuatın ittiham olunmasına münasibət bildirən İ.Altay deyib ki, ölkədə baş verən kriminal hadisələrin artmasını mətbuatın bu cür informasiyalara üstünlük verməsi ilə əlaqələndirmək absurddur: "Qətllərin, təcavüzlərin, ailədaxili münaqişələrin artması təkcə Azərbaycanın problemi deyil. Bu hadisələr bütün dünyanı bürüyüb. Sözün açığı, postsovet məkanı fonunda Azərbaycanda kriminal durumun nəzarətdə saxlanılması müsbət səviyyədədir. Bu da bizim hüquq-mühafizə orqanlarının aktiv fəaliyyətinin nəticəsidir. Tez-tez xarici ölkələrdə olduğum üçün ölkəmizi kənardan müşahidə etmək daha rahatdır. Deyə bilərəm ki, bizdə baş verən kriminal hadisələr heç də həyəcan təbili çalınacaq səviyyədə deyil. Təbii ki, bizim üçün bu gün baş verən hansısa cinayət hadisəsi təhlükəli tendensiyalardan xəbər verə bilər. Amma Rusiya, Ukrayna, Ermənistanla müqayisədə Azərbaycanda kriminogen durum xeyli dərəcə sabit vəziyyətdədir. Baş verən qətlləri, təcavüzləri mətbuat işıqlandırdığı zaman bəziləri üçün bu, anormal hal sayılır ki, məsələ bilərəkdən qabardılır. Halbuki bu cür məsələlər elə qabardılmalıdır. KİV 4-cü hakimiyyət olaraq, ölkədə baş verən xoşagəlməz hadisələrin qarşısını almaq, əhalini maarifləndirmək üçün öz imkanlarından istifadə etməlidir. Bir növ bu, ictimaiyyətdə rahatlıq yaradır ki, filan hadisənin üstü açıldı, cəmiyyətə yetərli məlumatlar ötürüldü”.
İ.Altay deyib ki, kriminal hadisələrin aşırı işıqlandırılmasına görə, mətbuatı ittiham etmək yox, əksinə, onun rolunu müsbət dəyərləndirmək lazımdır:
"Uzun illər sovet dövründə yaşamışıq. Həmin dövrün adamları çox gözəl bilir ki, o zamanlar baş verən qətllərin, təcavüzlərin əksəriyyəti qeydiyyata alınmır, üstü açılmırdı. O dövrdə kriminalist çalışdığım üçün yaxşı yadımdadır ki, polis rəisləri bomjların, kimsəsizlərin zorakı ölümünü ürək çatışmazlığından və ya digər xəstəlikdən ölmüş kimi qeydə alırdılar. Onlar təmsil etdikləri rayonun adına ləkə gəlməsin, statistikada baş verən cinayətlər öz əksini tapmasın deyə bu cür yollara əl atırdılar. Həmin dövrdə mətbuat azad olmadığı üçün rayonun üzərinə açılmamış cinayət qalmırdı. Amma indi biz müstəqil dövlətdə yaşayırıq, müstəqil mediamız var. Mətbuat istintaqın işinə mane olmamaq şərtilə istənilən məlumatı yaya bilər. Məhz baş verən cinayətlərin mətbuatda işıqlandırılması və xalqa çatdırılması birbaşa Azərbaycanda söz, mətbuat azadlığının bariz nümunəsidir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb